13 Oktyabr 2025 / 15:57

Sahibkarı ildə 642 milyon manat güzəştli kredit alan ölkədə bəs bahalaşma nədəndir?

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 642 milyon manat kredit verilib, bunun 93 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb. Tezadlar.az  Fonda istinadən xəbər verir ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Sual olunur: yaxşı, sahibkarı ildə 642 milyon manat güzəştli kredit alan ölkədə bəs bu ərzaq və digər malların bahalaşmasına səbəb  nədir? Deməli, kreditlərin səmərəli istifadəsinə də nəzarət lazımdır… Əgər pulu burdan alıb o tərəfdə itirmə faktı varsa, deməli, nəsə çatmır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!