13 Oktyabr 2025 / 17:42

Kibertəhlükəsizlik festivalı bitdi – niyə DGK, ƏƏSMN, DSEA, ASAN….komandaları yarışdan kənarlaşdırıldı?

XRİTDX və DTX-nın birgə təşkilatçılığı ilə keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı başa çatıb.
Azərbaycanın kritik infrastrukturunun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi baxımından CIDC 2025 çərçivəsində çox faydalı tədbirlər oldu.
Tezadlar.az xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
O sosial media hesabında festival barədə fikirlərini bölüşüb:
“İki gün müddətində panellərdə maraqlı tərəflərin və beynəlxalq ekspertlərin də iştirakı ilə maraqlı müzakirələr, sərgilər, ödənişsiz təlimlər görüşlər təşkil olunmuşdu.
Tədbir çərçivəsində diqqətimi çəlb edən və maraqla gözlədiyim məqamlardan biri də “Ağıllı şəhərlərdə kibermüharibə” yarışıydı.
Açıqlanan rəsmi məlumata görə, yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak edib.
Bu komandalar Bakı şəhərinin simulyasiya olunmuş modelində bir sıra obyektlərə (hava, torpaq və dənizdə olan kritik infratsruktur) olan kibehücumları aşkarlamaq üçün öz səylərini göstəriblər.
Qaliblər aşağıdakılar olub :
1-ci yer -“AzInTelecom” MMC-nin – “RedBox” komandası;
2-ci yer – “Azercell” şirkətinin “Cybercell” komandası;
3-cü yer – “Kapital Bank” ASC-nin – “Bir Sec” komandası.
Ümumiyyətlə, kiber müharibədə iştirak edən komandaların əldə etdiyi nəticələr baxımından yekun sıralanma aşağıdakı kimi olub :
1. “AzInTelecom” MMC – RedBox;
2. “Azercell Telecom” MMC – Cybercell;
3. “Kapital Bank” ASC – Bir Sec;
4. Daxili İşlər Nazirliyi (KMBİ) – CyberPolice;
5. Bakı Ali Neft Məktəbi – BHOSWARE;
6. SOCAR – UEIB;
7. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi – Dopamine;
8. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi – Digital Rangers;
9. Özbəkistan – Red Spectre;
10. “Caspel” MMC – Caspel Warriors – 2100 xal;
11. “Azerconnect Group” – CyberConnect;
12. Dövlət Mühafizə Xidməti – Iron Fist;
13. “Azərbaycan Dəmir Yolları” QSC – Agent.EXE;
14. “Deloitte & Touch” MMC – Kaktus22;
15. Qırğızıstan – Cyber Bars;
16. Tacikistan – Digital Fortress Tajikistan;
17. Moldova – ASC;
18. BƏƏ – aeCERT.
Real imkanları böyük olan qurumların aşağı nəticə əldə etməsi, universitetlər arasında yeganə iştirakçı olan BANM-ın da yetərincə yüksək nəticəsi diqqət cəlb edəndir.
Maraqlıdır ki, aşağıdakı 7 komandanın da təşkilatçılar tərəfindən yarışmalardan kənarlaşdırıldığı bildirilir:
1. Dövlət Gömrük Komitəsi – Iron Fist;
2. “Delta Telecom” LTD – NetGhosts;
3. “Expressbank” ASC – Xpr3ss1337;
4. Dövlət Su Ehtiyatları Agentliyi – CyberSea;
5. ƏƏSMN – DOST RİM – CyberDOST;
6. ASAN (VXSİDA) – k3rnel.exe;
7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – Great Return.
Bu komandaların qaydaları pozduğu (biri birilərinə məlumatlar ötürdüyü) üçün yarışdan kənarlaşdırıldığı bildirilib.
Düzü, təhlükəsizliklə bağlı yarışmada “cheating” məsələsinin necə ola biləcəyi də bir az qəribə gəldi mənə .
Qalibləri, fərqlənənləri təbrik edirik və uğurlar arzulayırıq.
XRİTDX və DTX-nın Azərbaycanda kiber mühitin inkişafı istiqamətində atdığı addımlar təqdirə layiqdir”, – deyə o qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!