22 Oktyabr 2025 / 13:26

Rusiya Gürcüstana neft göndərir?

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Kulevi dəniz limanına daxil olan Panama bayrağı altında üzən “KAYSERI” adlı gəmi və onun daşıdığı neft yükü ilə bağlı rəsmi açıqlama yayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qurumun məlumatına görə, 2025-ci il oktyabrın 2-də Rusiyanın limanından yola düşən “KAYSERI” tankeri Kulevi limanına daxil olub. Gəmidə Rusiyadakı şirkətlərdən birindən göndərilmiş, idxalın gömrük prosedurlarına daxil edilmək üçün nəzərdə tutulmuş təxminən 10 000 ton xam neft olub. Açıqlamada vurğulanır ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi və Gəlirlər Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində nə gəminin, nə gəmi sahibinin, nə də yüklə əlaqəli şirkətlərin beynəlxalq sanksiyalar siyahısında olmadığı təsdiqlənib. Buna əsasən, yük gömrük nəzarət prosedurlarının davam etdirilməsi məqsədilə müvəqqəti saxlama anbarına boşaldılıb. Qurum bildirir ki, sanksiyalara məruz qalan gəmilərə və ya gəmi sahiblərinə Gürcüstan limanlarına daxil olmağa və gömrük prosedurlarını keçməyə icazə verilmir. “Tam məsuliyyətlə bəyan edirik ki, yayılan bəzi məlumatlar cəmiyyəti yanlış yönləndirməyə xidmət edir,” – deyə Gəlirlər Xidmətinin açıqlamasında qeyd olunur.

XATIRLATMA: “Reuters” agentliyinin məlumatına əsasən, bu, Rusiyanın Gürcüstanın neft emalı zavoduna göndərdiyi ilk neft partiyasıdır. Oktyabrın 6-da “KAYSERI” tankeri Rusiyanın Novorossiysk limanından 105 340 ton “Sibir yüngül” markalı nefti Kulevi terminalına çatdırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!