27 Oktyabr 2025 / 11:34

Qəzadan 2 il sonra KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova hökm oxunub

Türkoloq alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudova məhkəmədə  hökm oxunub.

Tezadlar.az  xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Eyni zamanda, məhkəmə zərərçəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış saxlayıb.

Prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib (report).

Xatırladaq ki, qəza hadisəsi 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

O zaman tanınmış türkoloq alim Arif Acaloğlu  Türkiyədə yaşayırdı və Azərbaycana 4 günlük qonaq gəlmişdi. Arif Acaloğlu yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu maşın vurub.

Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur.[ O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim  Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir.

Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi və mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve  kultrologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur. Etnoqrafiya  çalışmaları çərçivəsində uzunmüddətli müstəqil elmi ekspedisyalar tərtibləyərək Qafqaz, Orta Asiya, Əfqanıstan, Sibir və Monqolstanda folklor və xalq inanışı nümunələri toplamış və Sovet İttifaqının müxtəlif ölkələrində elmi konfranslarda iştirak etmişdir.

Türkiyədə Yeditepe Universitetinin antropologiya kafedrasında folklor, din və inanc antropologiyası, Marmara Universitetinin xalq ədəbiyyatı kafedrasında isə türkdilli xalqların folkloru üzrə uzun illər dərs demiş, Qazaxıstan və Qırğızıstan universitetlərində sosyal antropologiya və türkologiya üzrə müzahirələr oxumuş və dissertasiyalara elmi rəhbərlik edərək sayısız tələbə yetişdirmişdir. 2002–2004 illəri arası Ulusal Kanalda “Dədəm Qorqud Dünyası” adlı elmi-kütləvi proqramı yaratmış və aparmış, türk dünyasının ictimai və siyasi məsələləri üzrə Türkiyənin müxtəlif gəzetlərində məqalələri yayınlanmışdır. Türkiyədə erməni iddialarına qarşı mübarizə məqsədilə təşkil olunmuş tədqiqat komitəsinin yaradılmasında fəallıq göstərmiş və Rauf Denktaşın rəhbərlik etdiyi elmi qrupun üzvü kimi bu iddiaların uydurma olduğunu isbat edən müxtəlif tarixi mənbələri tərcümə edərək kütlələrin maarifləndirilməsinə çalışmışdır.

Tərcümə fəaliyyətində Azərbaycanın Vaqif Səmədoğlu, anar, Kamal Abdulla kimi tanınmış simalarının əsərlərini türkcəyə tərcümə etmiş, Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və təmsil olunmasında möhüm rol oynamışdır. Bununla yanaşı türk dünyasının Oljas Süleymenov kimi məşhur yazıçıları ilə türk xalqlarının tarixi və mədəniyyəti üzrə rus dilində yazılmış elmi əsərləri tərcümə edərək türkologiya araşdırmalarına böyük töhfə vermişdir.

Tezadlar.az

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!