Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qardaşı dövlət çevrilişində iştirak etmiş Vüqar Rəhimzadə necə YAP-ın Siyasi Şurasının üzvü olub?”
Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz…-1
Tarix: 23/12/2014
“Azərbaycan” qəzetinin 19 dekabr tarixli sayında dərc olunmuş “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı məqalə, nədənsə, son günlər bəzi KİV-lərin diqqətlə təhlil etdiyi yazıya çevrilib… Yazıda Azərbaycanın müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalmasından, bu cür yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqlarının durduğu və s. qeyd olunur.
“…Azərbaycan ABŞ və Qərb dövlətləri ilə münasibətlərində həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib. Bəs bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı?”, deyə sual verən qəzet sonra yazır: “Cavab birmənalıdır: YOX!
Çünki artıq 1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başlıdılar. İnsan haqları məsələsinin süni şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərərək uğurla inkişaf edən, qısa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltməyə çalışan bir müsəlman ölkəsini sarsıtmaq, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayındırmaq, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi. Artıq ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarinin ilk konturları özünü açıq şəkildə büruzə verməyə başladı. Qeyd edək ki, həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirildi. 2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi…”. Və sair…
Bəs əslində nə baş verib, kim haqlı, kim haqsızdır???
Fikrət Yusifov 2005-ci il dövlət çevrilişi cəhdindən danışdı…
Ötən illərin tarixindən hamı bilir ki, yazıda adı çəkilən dövlət çevrilişinə cəhd məsələsində adı keçənlər-Əli İnsanov, Fərhad Əliyev, Fikrət Yusifov, Fikrət Sadıqov, Akif Muradverdiyev… barəsində cinayət işi başlandı… Neçə ay əvvəl Fərhad Əliyev, ondan neçə il əvvəl isə Fikrət Yusifov həbsdən çıxmışlar… Fikrət Sadıqov ev dustağı edilib, Akif Muradverdiyev həbsdən çıxandan bir müddət sonra bu yaxınlarda yenidən həbs olundu… Əli İnsanov isə hələ də həbsdədir…
***
…Fikrət Yusifov öz vəzifəsini keçmiş müdafiə naziri Səfər Əbiyevlə sərt hakimiyyətdaxili mübarizədə itirmişdi. O, sonralar Rusiyaya köçmüş, Sankt-Peterburq Universitetində kafedra müdiri və professor kimi fəaliyyət göstərirdi… Lakin F.Yusifovun adı 2005-ci il dövlət çevrilişi cəhdinin iştirakçıları arasında keçdi. O zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və siyasi elitanın “narıncı inqilab” hazırlamaqda ittiham olunan digər nümayəndələri 2005-ci ildə məhz F.Yusifovun ifadələri əsasında həbs edildilər. Keçmiş nazirin bu yaxınlarda virtualaz.org saytına müsahibəsində bir məqam diqqəti çəkir. Jurnalistin “Siyasətlə məşğul olmadığınızı deyirsiniz. Amma adınız 2005-ci il dövlət çevrilişi cəhdi kontekstində hallanır…”, sualına keçmiş nazir belə cavab verir:
-O zaman mən özüm xəyanətin qurbanı oldum. Məni o vaxt deputatlığa namizədlərdən birinə dəstək vermək üçün Bakıya dəvət etmişdilər. Lakin bura gələndən sonra əslində nələrin baş verdiyini görəndə anladım ki, ölkənin təhlükəsizliyinə ciddi təhlükə var.
-Yəni dövlət çevrilişi təhlükəsi real idi?
-Bəli… Dövlət çevrilişi təhlükəsi onda real idi. Mən də dövlətçiliyə sadiq adam kimi bunu o dəqiqə hesabladım. Gəlin bu söhbəti burada saxlayaq. Bu, əsl və böyük bir xəyanət idi…
Fərhad Əliyevdən fərqli cavab və təkzib…
Qeyd etdiyimiz kimi, dekabrın 19-da “Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə dərc etmiş və məlum dövlət çevrilişinə toxunmuşdu… Həmin yazıda adı çəkilən Fərhad Əliyev “Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib. 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Fərhad Əliyev Fikrət Yusifovdan fərqli olaraq deyib:
-2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb. Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam. Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur…
“Təzadlar” 9 il əvvəl baş vermiş məlum cinayətin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib…
Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bir çox məşhurlar, o cümlədən iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, YAP-ın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev (ötən il yenidən həbs edildi), “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev və Nəsimi RPİ-nin rəis müavini İlqar Rəhimzadə həbs olunmuşdular… Məlum həbsləri Milli Təhlükəsizlik Nazirliyi həyata keçirmişdi. Nəhayət, bu həbslərin ardınca Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri birgə rəsmi məlumat yaymışdılar.
“Təzadlar” 9 il əvvəl baş vermiş məlum cinayətin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib… Beləliklə, həmin dövrdə istintaq yolu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən və barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunmuş və ABŞ-da yaşayan Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə giriblər (MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışdan): “…Onlar Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında, habelə paytaxtdakı və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəliblər… Həmçinin istintaq araşdırmaları göstərib ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək, ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib.
Akif Muradverdiyevin istintaqa ifadəsində şok ifadələr…
Hələ 2005-ci ilin oktyabrın 22-də Akif Muradverdiyev Baş prokurorun adına ərizə ilə müraciət edərək, dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirib. O, ərizəsində 2005-ci ilin oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində görüşdüyünü və Fərhad Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə danışdığını qeyd edib…
Əli İnsanovun “yaxın silahdaşı” Fikrət Yusifov nə günah
işlətmişdi?
Azərbaycan MTN-nin, Respublika Prokurorluğunun və DİN-in rəsmi arayışından: “…Prezidentin İşlər İdarəsinin müdiri Akif Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32.700 ABŞ dolları, 14.000 avro, 9.100 Böyük Britaniya funt-sterlinqi, habelə başqa xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb: “…İstintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən 1947-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Xızı rayonu Şurabad bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev də tutulub…”
“Həbs olunan Bələdiyyə sədri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin və hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib”
“…O, istintaqa ifadəsində sabiq səhiyyə naziri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərinin, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib. Nəcəfqulu Quliyev ayrı-ayrı görüşlərdə Fikrət Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulayıb… İstintaq araşdırmaları ilə müəyyən edilib ki, Rəsul Quliyev 2005-ci il oktyabr ayının əvvəllərində yaxın münasibətlərdə olduğu və 1980-ci illərdə rəhbərlik etdiyi “Azərneftyağ” zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyevlə gizli telefon nömrəsi vasitəsilə əlaqə yaradaraq, Bakı hava limanında onun həbsinə maneçilik törədilməsində özünün iştirakı və bu işə başqalarını da cəlb etməsi barədə şəxsən tapşırıqlar verib… Bununla əlaqədar zəruri iş aparan Sabir Baxşəliyev, eyni zamanda 2005-ci il 17 oktyabr tarixdə polis orqanları tərəfindən asayişin mühafizəsi üzrə görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat əldə etmək üçün məqsədyönlü addımlar atıb. Belə ki, o, əvvəllər “Azərneftyağ” İstehsalat Birliyində fəhlə işləmiş, 1992-ci ildən tanıdığı və yaxın münasibətlərdə olduğu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə əlaqə yaradaraq, 2005-ci il 16 oktyabr tarixdə sonuncunun dəvəti ilə onun iş otağında görüşüb. Vəzifə borcuna xəyanət edən İlqar Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilmiş tədbirlər planı ilə Sabir Baxşəliyevi tanış edib. Həmin planın üzünü köçürən Sabir Baxşəliyev onun məzmunu, polis qüvvələrinin dislokasiyası barədə məlumatları İlqar Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürüb…”.
“…Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək,
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib…”.
Beləliklə, Azərbaycan MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışında daha sonra deyilir: “…İstintaq araşdırmaları göstərib ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək, ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib… Fikrət Yusifov ifadəsində pulun alınması barədə apardıqları telefon danışıqları zamanı konspirasiya məqsədi ilə müxtəlif kodlaşdırılmış sözlərdən istifadə etdiklərini göstərib. Əldə olunmuş razılığa əsasən, Fikrət Sadıqov sürücüsü Qəhrəman Qəhrəmanov vasitəsilə 2005-ci il oktyabrın 16-da “Flaqman” restoranında Fikrət Yusifova 10 min ABŞ dolları məbləğində pul çatdırıb. Şahid qismində istintaqa ifadə verən Fikrət Sadıqov bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda Fikrət Yusifova müxtəlif məbləğlərdə, cəmi 30 min ABŞ dolları pul verdiyini təsdiqləyib…”.
Fərhad Əliyev indiki hakimiyyətin sonuna az qaldığını Akif Muradverdiyevə niyə deyirmiş?
İstintaqın gedişatında, oktyabrın 22-də Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev Baş prokurora ərizə ilə müraciət edərək, dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirib. Bu barədə Azərbaycan MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışda ətraflı bəhs olunur. Sitat: “Akif Muradverdiyev verdiyi ifadədə cari il oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində görüşdüyünü və Fərhad Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə danışdığını qeyd edib. Bundan əlavə, cinayət işi üzrə təqsirləndirilən, habelə şübhəli şəxs və şahid qismində dindirilən şəxslərin hamısı Akif Muradverdiyevin anti-konstitusion hərəkətlərin hazırlanmasında yaxından iştirak etdiyini öz ifadələrində təsdiqləyiblər. Bu səbəbdən Akif Muradverdiyev 2005-ci il oktyabrın 24-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin törətdikləri əməllərə görə İlqar Rəhimzadə və Sabir Baxşəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar və məhkəmənin qərarı ilə onların haqqında həbs qətimkan tədbiri seçilib.
Dövlət çevrilişinə gedən yol…
2005-ci ilin noyabrın 1-də isə məlum dövləti cinayətlə əlaqədar olaraq AzTV-də Respublika Baş Prokurorluğunun, Milli təhlükəsizlik və Daxili işlər nazirliklərinin məlumatı əsasında hazırlanmış xüsusi buraxılış efirə verilmişdir. “Təzadlar” həmin verilişin mətnini oxuculara təqdim edir:
APARICI: Son vaxtlar ölkəmizdə baş verən ictimai-siyasi hadisələr hamının diqqət mərkəzindədir. 2005-ci il noyabrın 6-na təyin olunmuş parlament seçkiləri ərəfəsində demokratik dəyişikliklərə çağırış pərdəsi altında ölkədə vəziyyəti qəsdən gərginləşdirmək cəhdləri, həmin proseslərin məqsədyönlü şəkildə idarə olunması və qərəzli xarakter daşıması artıq hamıya bəllidir. Külli miqdarda maliyyə vəsaitini talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarış elan olunmuş Rəsul Quliyev ədalət mühakiməsindən yayınmaq və antikonstitusion yolla hakimiyyətə gəlmək məqsədi ilə ölkədə bəzi tərəfdarlarının və müəyyən destruktiv qüvvələrin dəstəyinə arxalanaraq, parlament seçkiləri ərəfəsində daha da fəallaşmış, növbəti cinayətkar əməllərə əl atmışdır.
Rəsul Quliyev həbsinə imkan verilməməsi üçün bu işə geniş əhali kütləsini cəlb etmək, hakimiyyətin devrilməsində maraqlı olan şəxslərlə əlaqə yaratmaq və onların maliyyə imkanlarından istifadə etmək, silahlı müqavimətədək xüsusi hazırlıq işlərinin görülməsi tapşırığını vermişdir. Bundan başqa, qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmiş və o, oktyabrın 16-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin müvafiq qərarına əsasən həbs edilmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100 min avro, 60 min ABŞ dolları götürülmüşdür.
Baş verən prosesləri diqqətlə izləyən, onun qarşılanmasına geniş əhali kütləsinin toplaşmadığını, tərəfdarlarının hüquqazidd əməllərinin qarşısının hakimiyyət orqanları tərəfindən qətiyyətlə alındığını və bununla da hakimiyyəti zorla ələ keçirmək planının iflasa uğradığını görən Rəsul Quliyev Bakıya gəlmək niyyətindən əl çəkir.
Respublikamıza geri dönmək niyyətinin baş tutmadığını görən Rəsul Quliyevin artıq əli hər şeydən üzülmüşdür. O, hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəhd ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəldiyi tərəfdaşlarından cidd-cəhdlə imtina etməyə başlayır.
2005-ci il oktyabrın 24-də Rəsul Quliyev telefon vasitəsilə verdiyi bəyanatda Fikrət Yusifova heç bir tapşırıq vermədiyini bildirməklə, özünün iç üzünü bir daha açdı. O, istəyi baş tutmayanda ən yaxın silahdaşlarından belə imtina etməklə riyakar xislətini əyani şəkildə sübut etdi. “Fikrət Yusifov vasitəsilə Fərhad Əliyevə, o cümlədən Əli İnsanova heç bir sifariş göndərməmişəm, qəti əminliklə bildirirəm ki, mən bu adama tapşırıq verməmişəm”.
İndi isə gəlin, Baş prokurora ərizə ilə müraciət edərək, Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü şəkildə məlumat verən Fikrət Yusifovun özünü dinləyək.
FİKRƏT YUSİFOV:
-Mən Yusifov Fikrət Hüseyn oğlu-2001-ci ilin iyun ayında Sankt-Peterburq şəhərində Maliyyə-İqtisad Universitetində doktoranturada oxuyarkən Rəsul Quliyev mənə Amerika Birləşmiş Ştatlarından telefon açıb hal-əhval tutdu. Hal-əhval tutandan sonra yaxın zamanlar içərisində Azərbaycana geriyə dönmək barədə qərarlı olduğunu bildirdi. Bununla əlaqədar olaraq, müəyyən problemlərin həllinin aktuallığını vurğuladı. O, mənimlə danışıq zamanı ilk növbədə bildirdi ki, onun dönüşü ilə bağlı müəyyən təşklilati məsələlərin həllinə ehtiyac vardır. Məndən soruşdu ki, Azərbaycana nə vaxt gedəcəksən? Mən ona dedim ki, hələ bilmirəm, yəqin yaxın günlər içərisində bu bilinəcəkdir. Bir həftədən sonra yenidən mənə zəng etdi. Artıq bu zaman mən bilirdim ki, yaxın on günün içərisində Azərbaycana dönəcəyəm. Mən ona bu barədə növbəti danışığımız zamanı dedim. Dedim ki, mən on günün içərisində Azərbaycana gedəcəyəm. O da mənə dedi ki, əgər belə olarsa, sən gedəndə orada bəzi adamlar var, mən onlardan xahiş edəcəyəm, sən onlarla görüşərsən və bu görüş zamanı mənim xahişlərimi onlara çatdırarsan. Belə də oldu…
MÜSTƏNTİQ:
-Bəs necə izah edə bilərsiniz ki, Rəsul Quliyev Azərbaycanda sizin kimi bir neçə keçmiş nazir olduğu halda, məhz sizə müraciət etdi. Bunun səbəbi nə idi?
FİKRƏT YUSİFOV:
-Doğrusu, bu sual məni də xeyli vaxt düşündürübdür ki, nəyə görə məhz məni seçibdir. Çünki onu bilirəm ki, çox adamlarla əlaqəsi var idi. Elə onun sifariş etdiyi adamların özləri ilə də müəyyən bir formada əlaqə saxlaya bilərdi, yaxud başqa adamlarla. Öz partiyasında nə qədər adam var, onlarla əlaqə saxlaya bilərdi.
Əvvəla, onu deyim ki, Rəsul Quliyev mən işləyən dövrdən məni tanıyırdı. Yəni mən nazir işləyəndə o, Milli Məclisin sədri idi. Bir neçə dəfə olmuşdu ki, müəyyən sahələrin maliyyələşməsi, müəyyən sahələrə vəsait açılması ilə əlaqədar mənə müraciətlər etmişdi. Bir neçə belə epizodlar olmuşdu. Ona görə o, hesab edirdi ki, bu məsələlərdə də, onun hakimiyyətə gəlişi ilə bağlı maliyyə problemlərinin həlli, maliyyə məsələlərində dəqiqliyin təmin olunması və bu işlərin dəqiq aparılması yəqin mənim tərəfimdən mümkündür. Ona görə mənə ümid edirdi. Eyni zamanda bilirdi ki, hakimiyyətə gəlişi ilə bağlı baş verəcək prosesləri, yəni onun düşündüyü prosesləri etibar edib mənə tapşıra bilər. Ona görə yəqin mənə bel bağlayırdı.
MüSTƏNTİQ:
-Hansı prosesləri?
FİKRƏT YUSİFOV:
-Yəni onunla bir neçə dəfə söhbət etdik. Dediyim kimi, gəlişində kütləviliyi təmin etmək və kütləviliyin fonunda hakimiyyət dəyişikliyi etmək. O, ilk növbədə, “Azərikimya” şirkətinin prezidenti Fikrət Sadıqovun adını çəkdi və dedi ki, onunla görüşərsən.
APARICI (AzTV-də yayımlanan bu məzmunlu verilişdə kadr arxasından deyilən tekst): “Rəsul Quliyevin tapşırığı ilə “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşən Fikrət Yusifov Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirir. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi görüşərək, ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə pul verir.
***
…2005-ci ilin noyabrın 1-də isə məlum dövləti cinayətlə əlaqədar olaraq AzTV-də Respublika Baş Prokurorluğunun, Milli təhlükəsizlik və Daxili işlər nazirliklərinin məlumatı əsasında hazırlanmış xüsusi buraxılış efirə verilmişdir. “Təzadlar” həmin verilişin mətnini oxuculara təqdim edir:
APARICI (AzTV-də yayımlanan bu məzmunlu verilişdə kadr arxasından deyilən tekst): “Rəsul Quliyevin tapşırığı ilə “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşən Fikrət Yusifov Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirir. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi görüşərək, ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə pul verir.
FİKRƏT YUSİFOV:
-Mən Bakıya gəldim və bir neçə gündən sonra Fikrət Sadıqova zəng etdim. Onun iş yerində görüşdük, oturub söhbət etdik və Rəsul Quliyevin xahişini ona çatdırdım. Fikrət Sadıqov da onun xahişinə cavab olaraq, qalxıb öz seyfini açıb mənə 10 min dollar verdi. Yəni, Rəsul Quliyev bu məbləği xahiş etmişdi. Bundan sonra, bu minvalla Rəsul Quliyevin mən Bakıya geri dönərkən etdiyi xahişlər, yəni Fikrət Sadıqova müxtəlif tarixlərdə göndərdiyi sifarişlər əsasında 5 min, 10 min dollar məbləğlərində yerinə yetirilirdi. Ümumilikdə, son günə qədər, yəni bu ilin, 2005-ci ilin oktyabrın 16-sı da daxil olmaqla, Fikrət Sadıqov Rəsul Quliyevin xahişlərini yerinə yetirərək, bütövlükdə 50 min dollar məbləğində pul göndərmişdi. Mən bu pulları Rəsul Quliyevin tapşırığı ilə aidiyyəti üzrə qonşuluqda, Süleyman Rəhimov, 138 saylı mənzildə yaşayan Eldar Salayev vasitəsilə vermişəm.
Fikrət Sadıqov: “…Mən güman etmirəm ki, Rəsul Quliyevin pulu yoxdur… Bəlkə də o, bizi tələyə salmaq üçün bunu edirdi…”
FİKRƏT SADIQOV:
-Biz Fikrət Yusifovla o, nazirin birinci müavini olandan yoldaş olmuşuq. O, vəzifədən çıxandan sonra da mənimlə əlaqə saxlayırdı. Bir neçə işlə bağlı əlaqə saxlayırdı. Bir dəfə, 2001-2002-ci ildə o, mənə müraciət etdi və dedi ki, Rəsul sifariş verib, hamıya deyilib, sizə də deyim, kömək etsin. Mən ona bir dəfə kömək etdim. Amma dəqiq yadımda deyil, nə qədər. Çünki o, mənə belə müraciətlər göndərmişdir. Uzun müddət belə müraciətlər olub.
MÜSTƏNTİQ:
-Kömək nəyə görə idi, bu kömək haraya yönəlməli idi?
FİKRƏT SADIQOV:
-Yəqin Rəsulun burada təşkil etdiyi işlərə, mitinqə, yaxud da başqa işlərə. Bunları onun haraya sərf etdiyini bilmirəm. Ancaq onu bilirəm ki, o, mənə mitinq deyibdir.
MÜSTƏNTİQ:
-Mitinqlər keçirmək üçün?
FİKRƏT SADIQOV:
-Bəli.
MÜSTƏNTİQ:
-O, səndən kömək istəmişdi? Bəyəm, Rəsulun özünün pulu yoxdur?
FİKRƏT SADIQOV:
-Mən güman etmirəm ki, onun pulu yoxdur. Mən elə fikirləşirəm ki, bəlkə də bu qədər xərcləyib, artıq onun pulu yoxdur. Bəlkə də o, bizi tələyə salmaq üçün edirdi.
MÜSTƏNTİQ:
-Fikrət Yusifov sizə kimin sözlərini çatdırdı?
FİKRƏT SADIQOV:
-O, mənə dedi ki, Rəsul Quliyev deyibdir. Mən də verdim.
MÜSTƏNTİQ:
-Ona kimlər kömək edib?
FİKRƏT SADIQOV:
-O, mənə dedi ki, çox
adamlar kömək edir.
MÜSTƏNTİQ:
-Çox adam, yəni kim?
FİKRƏT SADIQOV:
-Adlarını demədi. Özü bunu da dedi ki, adlarını demirəm, çox adam.
APARICI (AzTV): İstintaq-əməliyyat tədbirləri nəticəsində Rəsul Quliyevin Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsi məqsədi daşıyan cinayətkar planının həyata keçirilməsini maliyyə vəsaitləri ilə təmin edən şəxslərin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanov olduğu müəyyən edilir.
FİKRƏT YUSİFOV:
-Bu ilin yayında Rəsul Quliyev yenə mənə telefonla zəng edib dedi ki, sən Bakıya dönərkən gedib Əli İnsanovla, Fərhad Əliyevlə söhbət etməlisən. Artıq Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Bununla əlaqədar olaraq, mənim Azərbaycana dönüşüm də reallaşır. Ona görə mən bəzi məsələlərin onlar tərəfindən həll ediləcəyinə təminat almaq istəyirəm. Sən get, onlarla bu söhbətləri et. Mən də gəldim, izahatımda dediyim kimi, bu insanlarla – həm Əli İnsanovla, həm də Fərhad Əliyevlə ayrı-ayrılıqda, müxtəlif yerlərdə görüşdüm.
MÜSTƏNTİQ:
-Hansı təminatdan söhbət gedirdi?
FİKRƏT YUSİFOV:
-Mən o təminat haqqında indi izahat vermək istəyirəm. Rəsul Quliyevin xahişlərini onlara çatdırdım. Rəsul Quliyev deyirdi ki, mən Azərbaycana dönmək barəsində qəti qərarlıyam və bu dönüş zamanı müəyyən məsələlərin həlli, o cümlədən kütləvi nümayişlərin keçirilməsi, onların kütləviliyi təmin olunmalıdır. Deyirdi ki, haqqımda cinayət işi var, Azərbaycana dönərkən hüquq mühafizə orqanları məni həbs etməsin deyə, bu kütləvilik mütləq təmin olunmalıdır. Təbii ki, belə bir vəziyyətdə böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyac olduğunu vurğulayırdı. Mən söhbətləri edib, Rəsul Quliyevin sözlərini bu adamlara ayrı-ayrılıqda görüşlərim zamanı çatdırdım. Hər ikisi də birmənalı şəkildə dedilər ki, bütün imkanları dairəsində kömək edəcəklər.
MÜSTƏNTİQ:
-Hər ikisi kim?
FİKRƏT YUSİFOV:
-Əli İnsanov və Fərhad Əliyevdən söhbət gedir. Sonra mən geri dönüb Rəsul Quliyevə zəng edib onun təkliflərini onların qəbul etdiklərini bildirdim və o da məmnun qaldı. Bundan sonra mən sentyabrın axırlarına yaxın, haradasa 20-dən sonra geriyə döndüm və bu zaman Rəsul Quliyevin tapşırığı ilə yenidən Fərhad Əliyevlə görüşdüm, onun əvvəl dediyi fikirləri, yəni bundan öncəki görüşdə dediyi fikirləri bir daha təsdiqlətdim. Çünki onun dediyinə görə, gəlişinə az qalırdı. Oktyabrın ortalarında artıq gəlmək qərarını vermək istəyirdi. Ona görə bu adamların sözlərinin üstündə durub-durmayacaqlarını təsdiqlətmək istəyirdi. Yəni təsdiqini almaq istəyirdi.
Ona görə Rəsul Quliyev onlarla görüşməyimi tövsiyə, xahiş etdi. Mən də gəldim, yenə də hər ikisi ilə təkrar görüşlər keçirdim. Hər ikisi eyni qaydada həmin fikirləri təsdiqlədilər. Üstündən bir neçə gün keçəndən sonra Əli İnsanovla ilk görüşüm, – mən ifadəmdə də demişəm, – onun təşəbbüsü ilə Ayna Sultanovanın heykəlinin yanında oldu. Mən oraya maşınla getdim. Əli İnsanov öz xidməti maşını ilə gəldi. Düşüb, mənim maşınıma oturdu. Xeyli irəli gedib, haradasa küçələrin birində sağa dönüb, dar bir yerdə dayanıb söhbət etdik…
MÜSTƏNTİQ:
-Sizin söhbətinizdə sürücü iştirak edirdi?
FİKRƏT YUSİFOV:
– Xeyr, mən özüm sükanın arxasında idim. Əli İnsanov mənim maşınıma əyləşmişdi. Ona görə onun maşını arxada dayanmışdı, sürücüsü də maşında idi.
Söhbət zamanı bir neçə gün öncəki görüşdə Rəsul Quliyevə verdiyi sözləri, fikirləri bir daha təsdiqlədi. Bu söhbətlərin məğzini Rəsul Quliyevə dedim. Onun axşam etdiyi telefon zənginə cavab olaraq bunları dedim. O da mənə dedi ki, oktyabr ayının əvvəlində bir mitinq olacaq, Əli İnsanova de ki, 100 min ABŞ dolları məbləğində yardım etsin.
MÜSTƏNTİQ:
-Ayın neçəsi idi?
FİKRƏT YUSİFOV:
-Bu, təxminən 2005-ci il sentyabr ayının 27-28-i idi. Zəng etdim ki, yenidən görüşməyə ehtiyac yarandı. O dedi ki, mən axşamüstü maşınla gələrəm, deyəcəyəm, harada görüşək. Axşamüstü maşınla mənim evimə tərəf yaxınlaşdı, zəng etdi ki, Süleyman Rəhimov küçəsində hansısa künc var, izah etdi nəyin yanındadır. Mən də evdən düşüb piyada getdim, oturub maşınında söhbət etdik. Dedim, bəs belədir, Rəsul Quliyev dedi ki, 100 min dollar məbləğində yardım etmək lazımdır.
MÜSTƏNTİQ:
-Nə üçün nəzərdə tuturdu?
FİKRƏT YUSİFOV:
-Ayın 1-də mitinq keçiriləcəkdi.
MÜSTƏNTİQ:
-Onu nə edəcəkdilər?
FİKRƏT YUSİFOV:
-“Azadlıq” bloku mitinq keçirəcəkdi. Rəsul Quliyev nə edəcəklərini mənə deməmişdi.
MÜSTƏNTİQ:
-Kimə çatdırmalı idiniz?
FİKRƏT YUSİFOV:
– Mənə dedi ki, pulu alırsan, Eldar Salayevə çatdırırsan. Mən Əli İnsanova dedim. O da dedi ki, heç bir problem yoxdur. O, səhərisi gün pulu mənə göndərdi və mən də həmin pulu Eldar Salayevə verdim.
(APARICI (AzTV) kadr arxasından deyir: “Bu ifadələri dinləyərkən istər-istəməz belə bir sual yaranır: uzun illər yüksək rəhbər vəzifələr tutan, ölkənin böyük qurumlarına rəhbərlik etmiş bu şəxslər Fikrət Yusifova heç bir tərəddüd etmədən verdikləri pulların hara, hansı məqsədlərə xərcləndiyini bilmirdilərmi? Bütün bunlar bir daha onu göstərir ki, həmin şəxslər əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə hakimiyyətin zorla ələ keçirilməsi üçün planlar cızır, hazırladıqları cinayətkar əməllərin bütün təşkilati və maliyyə təminatı məsələlərini həll edirdilər”.
FİKRƏT YUSİFOV:
-Ondan sonra mən ayın 3-də Rəsul Quliyevin xahişi ilə Almaniyaya getdim, Berlində onunla görüşdüm, bir neçə saat bir yerdə olduq. O, ayın ortalarında gələcəyini bir daha vurğuladı və mənə dedi ki, mən gəlməmişdən bir həftə öncə mütləq Bakıya, Azərbaycana qayıtmalısan. Bəzi tapşırıqlar, xahişlərim olacaq, bunları yerinə yetirərsən.
(APARICI: “Rəsul Quliyev Fikrət Yusifova guya heç bir tapşırıq vermədiyini, onun vasitəsilə Fərhad Əliyevə və Əli İnsanova heç bir sifariş göndərmədiyini tam əminliklə bildirir. Rəsul Quliyev həmçinin Fikrət Yusifovla bu il oktyabrın 3-də Almaniyada guya görüşmədiyini də qəti surətdə təkzib etməyə cəhd göstərir. Lakin gəlin baxaq, faktlar nə deyir. 2005-ci il oktyabrın 3-də Fikrət Yusifov Berlin şəhərində Rəsul Quliyevlə görüşür. Bu görüşdə cari il oktyabr ayının ortalarında Bakı şəhərinə dönəcəyini bildirən Rəsul Quliyev onu böyük insan kütləsinin qarşılamasının, bununla da həbsinə imkan verilməməsinin, kütləvi iğtişaşlar törətməklə hakimiyyətin zorla ələ keçirilməsinin vacibliyini vurğulayır. Rəsul Quliyev həmçinin bu işlərin təşkili üçün Fərhad Əliyevin real maliyyə yardımı göstərməsi barədə konkret tapşırıq verir”).
FİKRƏT YUSİFOV:
-Ayın 10-da bilet alıb Bakıya gəldim. Bakıda olarkən yenidən Əli İnsanovla görüşmək istədim. çünki Rəsul Quliyev mənə bir daha zəng edib dedi ki, Əli İnsanova de, həminki qaydada yenə də 100 min dollar yardım etsin. Mən sifariş göndərdim ki, Əli İnsanovla görüşmək istəyirəm. O, mənə cavab göndərdi ki, görüşməyə ehtiyac varmı? Yəni söhbət nədən gedəcək, bilirdi. Ona görə də görüşməyə ehtiyac duymadı. Onda mən ona bir məktub yazdım.
MÜSTƏNTİQ:
-Yəni pul verəcəyini artıq bilirdi?
FİKRƏT YUSİFOV:
-Bəli, üstüörtülü bir məktub yazdım ki, onda həmin məbləğdə, yəni bundan əvvəl verilmiş məbləğdə yardım etməyə ehtiyac var, Rəsul Quliyev belə deyir. Yəni örtülü bir məktub yazdım. Bir-iki saat keçəndən sonra həmin pul mənə çatdırıldı. O pulun da 50 min dollarını…
MÜSTƏNTİQ:
-Kim çatdırdı?
FİKRƏT YUSİFOV:
-Mənim qohumum, Əli İnsanovun yanında, nazirlikdə işlər müdiri işləyən Arzu Ələkbərova. Həmin pulun 50 min dollarını Eldar Salayevə çatdırdım. Rəsul Quliyevin tapşırığı idi. Dedi ki, 50 minini ver, qalanı dursun, deyəcəyəm.
ƏLİ İNSANOV:
-Mən söz verdim və doğrudan da göndərdim…
MÜSTƏNTİQ:
-Nə qədər?
ƏLİ İNSANOV: 100 min dollar göndərdim. Sonra xəbər göndərdi ki, 100 min də lazımdır.
MÜSTƏNTİQ:
-Deməli, iki dəfə, yəni 100 min, 100 min dollar verdiyinizi etiraf edirsiniz?
ƏLİ İNSANOV:
-Bəli.
Qardaşı Rafiq Əliyevin ofisində Fərhad Əliyevlə görüşdük.
“Qardaşı Rafiq Əliyevin ofisində Fərhad Əliyevlə görüşdük. O da eyni qaydada təsdiqlədi ki, hər şey öz qüvvəsindədir, amma Rəsul Quliyev tez gəlməlidir və mən dediyim sözlərin üstündə dayanıram. Lazım gəlsə, hansı məbləğ olsa belə, xərclər çəkəcəyəm, 1 milyon, 2 milyon, 3 milyon…”
(APARICI: İstintaqın gedişində aparılan axtarışlar zamanı Əli İnsanovun şəxsi evindən, habelə bağ evindən 1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kiloqram müxtəlif qızıl-brilyant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar, Səhiyyə Nazirliyinin idarə rəisi Akif Məhərrəmovun mənzilindən 1 milyon 217 min ABŞ dolları, xidməti iş otağından isə 8 min 900 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Görəsən, Fikrət Yusifova asanlıqla verilən pullar hansı yollarla əldə olunmuşdur?”)
FİKRƏT YUSİFOV:
-Eyni qaydada mən bir gün sonra Fərhad Əliyevə zəng etdim. Qardaşı Rafiq Əliyevin ofisində Fərhad Əliyevlə görüşdük. O da eyni qaydada təsdiqlədi ki, hər şey öz qüvvəsindədir, amma Rəsul Quliyev tez gəlməlidir, imkan dairəsində tez gəlməlidir və mən dediyim sözlərin üstündə dayanıram. Lazım gəlsə, – yəni ifadə verdiyim kimi, – hansı məbləğ olsa belə, xərclər çəkəcəyəm, 1 milyon, 2 milyon, 3 milyon…
MÜSTƏNTİQ:
-Fərhad Əliyev deyirdi?
FİKRƏT YUSİFOV:
-Fərhad Əliyev…
MÜSTƏNTİQ:
-Xərc çəkəcəkdi…
FİKRƏT YUSİFOV:
-Bəli. Ondan sonra səhv etmirəmsə, ayın 13-də Fərhad Əliyevlə görüşdük. Söhbətimiz oldu. Dedi, heç bir problem yoxdur. Məbləğdən söhbət getmədi, təbii ki, heç Rəsul Quliyev də məbləğ deməmişdi. Yəqin ki, o da hesab edirdi ki, Fərhad Əliyev böyük rəqəmlərdən söhbət edir. Ona hansısa bir rəqəmi deməyə ehtiyac yoxdur. Fərhad Əliyev mənə dedi ki, hər şey qüvvəsindədir, hər şey olduğu kimi, danışdığımız kimi olacaqdır. Sabah günorta saat 2-də adam gəlsin, burada mənim işçim var, adını da dedi, Rəhman adlı bir nəfər gəlsin, burada kitab qoyacağam, götürüb aparsın. Mən ondan kitabı kim götürəcəksə, Rəhmanın telefonunu ona vermişdim. Rəhmana saat 2-də zəng elədilər. Rəhman deyir ki, axşam 8-də gəlin. Ayın 14-də, – ayın 13-də bizim görüşümüz olmuşdu, – axşam saat 8-də ondan bir kitab götürüldü, gətirilib mənə verildi. O, mənim qaynım Xanlar Quliyev idi. İfadəmdə deyilibdir. çağırılıb soruşulub, o da bunların hamısını təsdiqləyibdir.
“Axşam Rəsul Quliyev mənə zəng edəndə dedim ki, Fərhad Əliyev bu qədər pul göndəribdir. Dedi, qaytar vur başına. Danışdığı nə idi, göndərdiyi nədir?”
Kitabı açdım, baxdım ki, danışılanla göndərilənin arasında çox böyük bir fərq var. Keçib içəri otağa, kitabı açdım. Gördüm arasında balaca pul. Saydım 30 min avro idi. Təbii ki, heç kimə heç nə demədim…
Axşam Rəsul Quliyev mənə zəng edəndə dedim ki, bu qədər pul göndəribdir. Dedi, qaytar vur başına. Danışdığı nə idi, göndərdiyi nədir? Buna bizim ehtiyacımız yoxdur. Bu, “semeçka” puludur, ya siqaret puludur, belə bir ifadə də işlətdi. Mən axşam həmin o Rəhmana, Fərhadın işçisinə zəng etdim, dedim ki, sabah işdə saat neçədə olacaqsan? Sənin yanına adam gələcək, məktub gətirəcək. Fərhad Əliyevə bir məktub yazdım. Yazdım ki, işin sahibi deyir ki, danışılan bir şeydir, edilən başqa şey. Yəni bu, heç nəyə yarayan bir şey deyil, ona görə geri qaytardı. Ola bilsin, anlaşılmazlıq var, bunu aydınlaşdır. Səhər saat 11-də həmin kitabı içərisindəki pul ilə birlikdə bir konvertin içərisində apardılar Rəhmana verdilər. Üstündən 1 saat keçəndən sonra Fərhad Əliyev mənə zəng etdi. 1 saat, saat yarım, bəlkə də 2 saat keçmişdi.
“Fərhad Əliyev dedi ki, məni beş dəqiqə gözlə.
Harasa çıxdı, 5-7 dəqiqədən sonra qayıtdı gəldi. Pencəyinin döş ciblərindən açıq şəkildə iki paçka 500-lük avrolar çıxardı, hərəsində 50 min avro vardı. Dedi ki, bu 100 mindir, al, qoy dursun, qalan şeylər də olacaq. Hər şey də qüvvəsindədir. De, arxayın olsun, mən nə lazımsa hamısını edəcəyəm…”
Zəng etdi ki, bəs, anlaşılmazlıq olubdur, mütləq görüşmək lazımdır. Mən də fikirləşdim, yəqin işçi səhv salıbdır. Pul başqa bir məqsədlə verilibmiş, yerini qarışdırıb, mənə başqa şey veribdir.
Ayın 15-də axşam saat 8-də görüşdük. Mənə dedi ki, o pulları başqa məqsədlə göndərməmişdim, 30 mini xırda təşkilati məsələlər üçün göndərmişdim. Mən dedim ki, axı, belə söhbət olmamışdı. Rəsul Quliyev deyir ki, mən ondan belə pul istəməmişəm. Dedi ki, mən qalan şeylərin hamısını özüm edəcəyəm. Başqa kanallar var, onların vasitəsilə məsələlər var, onları həll edirəm və edəcəyəm. Açığı, mən fikirləşdim ki, bu yəqin mənə etibar etmir, özünün ayrı kanalları var. Lap yaxşı. Mən ümumiyyətlə, bu çirkin oyunda iştirak etmək istəmirəm. Üzdən keçməyib, gəlib bu işlərin içinə düşmüşəm, bu söhbətləri aparıram. Fərhad Əliyev dedi ki, məni beş dəqiqə gözlə. Harasa çıxdı, 5-7 dəqiqədən sonra qayıtdı gəldi. Pencəyinin döş ciblərindən açıq şəkildə iki paçka 500-lük avrolar çıxardı, hərəsində 50 min avro vardı. Dedi ki, bu 100 mindir, al, qoy dursun, qalan şeylər də olacaq. Hər şey də qüvvəsindədir. De, arxayın olsun, mən nə lazımsa hamısını edəcəyəm.
MüSTƏNTİQ:
-Fərhad Əliyev bunları niyə edirdi?
FİKRƏT YUSİFOV:
-Fərhad Əliyev Rəsul Quliyevin gəlişinə və bununla bağlı baş verə biləcək bütün proseslərə dəstək verirdi.
(APARICI (AzTV): Oktyabrın 15-də Fərhad Əliyev hakimiyyətin zorla ələ keçirilməsinin maliyyələşdirilməsi üçün 100 min avro məbləğində pulu şəxsən Fikrət Yusifova verir. Həmin pullar 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
2005-ci il oktyabrın 19-da şübhəli şəxs qismində tutulan Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür. Müəyyən olunub ki, Fərhad Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət əmlakının özəlləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol vermiş, dövlət əmlakını cüzi qiymətlərlə sənədləşdirərək, öz qohum və yaxınlarının adına rəsmiləşdirmiş, faktiki olaraq, öz mülkiyyətinə keçirmişdir.
Aparılmış axtarışlar nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50 min 500 ABŞ dolları, 6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyevə məxsus “Azpetrol” şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda həmçinin külli miqdarda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunmuşdur).
FİKRƏT YUSİFOV:
-Mənim mənzilimdə axtarış zamanı tapılan həmin o 100 min avro və Əli İnsanovun verdiyi 100 min dollardan qalan 50 min dollar idi. Mən oktyabrın 16-da səhər-səhər Fikrət Sadıqova, zəng etdim, o, Xızıda idi. Dedim ki, görüşməyə ehtiyac var. Dedi ki, yəqin arayış lazımdır? Dedim, bəli. Mən başa düşdüm, bu adam anladı ki, söhbət nədən gedir.
(APARICI (AzTV): Fikrət Yusifov ifadəsində pulun alınması barədə apardıqları telefon danışıqları zamanı konspirasiya məqsədi ilə müxtəlif kodlaşdırılmış sözlərdən istifadə etdiklərini bildirmişdir. Əldə olunmuş razılığa əsasən, Fikrət Sadıqov 2005-ci il oktyabrın 16-da “Flaqman” restoranında Fikrət Yusifova sürücüsü vasitəsilə 10 min ABŞ dolları məbləğində pul çatdırmışdır. Şahid qismində istintaqa ifadə verən Fikrət Sadıqov bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda Fikrət Yusifova müxtəlif məbləğlərdə cəmi 50 min ABŞ dolları pul verdiyini təsdiqləmişdir).
MÜSTƏNTİQ:
-Yəni bütün bu söhbətlərdə Fikrət Sadıqov iştirak edirdi və başa düşürdü ki, söhbət nədən gedir, yəni Rəsul Quliyev Bakıya gəlməlidir?
FİKRƏT YUSİFOV:
-Əlbəttə ki, bizim axırıncı görüşümüzdə olan söhbətlərimizdə bu şeylərin hamısı vurğulanmışdır.
FİKRƏT SADIQOV:
-Üümumiyyətlə, Rəsulun gəlməsi ilə bağlı o, hərdənbir Akif müəllimlə danışardı.
MÜSTƏNTİQ:
-Akif müəllim kimdir?
FİKRƏT SADIQOV:
-Prezidentin işlər idarəsinin müdiri Akif Muradverdiyev.
(APARICI (AzTV): İstintaqın gedişində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İşlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Baş prokuroruna ərizə ilə müraciət edərək, dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirmişdir).
“…Mən Fərhad Əliyevə çoxdan məktub vermişdim. O məktubu götürmək üçün ona zəng etdim, görüşdüm. Mənə dedi ki, sənə deyirəm, heç nədən narahat olma, mən heç kəsdən qorxmuram. Başqa sözlər də dedi. Bu ayrı söhbətlər idi. Ancaq dedi biləsən ki, mənə heç nə edə bilməzlər…”
AKİF MURADVERDİYEV:
-Bu yaxın vaxtlarda, haradasa, bəlkə də səhv edirəm, ayın 13-ü idi, ya 14-ü idi.
MüSTƏNTİQ:
-Hansı ayın?
AKİF MURADVERDİYEV:
-Oktyabr ayının. Mən Fərhad Əliyevə çoxdan məktub vermişdim. O məktubu götürmək üçün ona zəng etdim, görüşdüm. Mənə dedi ki, sənə deyirəm, heç nədən narahat olma, mən heç kəsdən qorxmuram. Başqa sözlər də dedi. Bu ayrı söhbətlər idi. Ancaq dedi biləsən ki, mənə heç nə edə bilməzlər. Sonra onu liftlə yola salanda mənə dedi ki, sənə bir şey də deyirəm. Mən sənin Əli İnsanovla münasibətlərini bilirəm və sənə deyirəm ki, heç nədən narahat olma. Əli İnsanova heç nə edə bilməzlər. Bunu sənə yəqin deyirəm. Bir qardaş kimi deyirəm, biləsən ki, bunların nə mənə, nə Əli İnsanova, nə də başqa qüvvələrə – heç kimə gücləri çata bilməz. Sonra da başladı ki, Əli İnsanov belə elədi, elə elədi, belə oldu, elə oldu…
(APARICI (AzTV): Cinayət işi üzrə təqsirləndirilən, habelə şübhəli və şahid qismində dindirilən şəxslər Akif Muradverdiyevin antikonstitusion hərəkətlərin hazırlanmasında yaxından iştirak etdiyini öz ifadələri ilə təsdiqləyirlər. 2005-ci il oktyabrın 24-də o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir).
FİKRƏT YUSİFOV:
-Mən bir də təkrar edirəm, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi 100 min dollardan qalmış 50 min dollar, bir də Fikrət Sadıqovun göndərdiyi 10 min dollar pul mənim evimdə axtarış zamanı çıxdı və müsadirə olundu. Mən təxminən saat doqquzun yarısında həbs olunmuşam. Mən saat 7 radələrində, uşaqlarımla şam yeməyinə getməmişdən öncə, Rəsul Quliyevə zəng etdim ki, bilmək istəyirəm, mən pulların taleyini nə edim. Ona telefon açdım ki, mənə zəng et. Özü mənə zəng etdi. Dedim ki, məndə bu qədər pul qalıb. İşarə etdim ki, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi puldan qalan 50 min dollardır, 10 min də Fikrət Sadıqov göndəribdir, bunları nə edim? Dedi ki, sabah saat 11-ə qədər saxla, yəni oktyabrın 17-si, onun gəldiyi gün, danışmaq imkanına malik olacağam, sənə deyərəm ki, kimə verərsən… Onsuz da indiyə qədər nə verilmişdisə, hamısını Eldar Salayevə vermişdim…
FİKRƏT YUSİFOV: “…Mən bir də təkrar edirəm, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi 100 min dollardan qalmış 50 min dollar, bir də Fikrət Sadıqovun göndərdiyi 10 min dollar pul mənim evimdə axtarış zamanı çıxdı…”
FİKRƏT YUSİFOV:
-Mən bir də təkrar edirəm, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi 100 min dollardan qalmış 50 min dollar, bir də Fikrət Sadıqovun göndərdiyi 10 min dollar pul mənim evimdə axtarış zamanı çıxdı və müsadirə olundu. Mən təxminən saat doqquzun yarısında həbs olunmuşam. Mən saat 7 radələrində, uşaqlarımla şam yeməyinə getməmişdən öncə, Rəsul Quliyevə zəng etdim ki, bilmək istəyirəm, mən pulların taleyini nə edim. Ona telefon açdım ki, mənə zəng et. Özü mənə zəng etdi. Dedim ki, məndə bu qədər pul qalıb. İşarə etdim ki, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi puldan qalan 50 min dollardır, 10 min də Fikrət Sadıqov göndəribdir, bunları nə edim? Dedi ki, sabah saat 11-ə qədər saxla, yəni oktyabrın 17-si, onun gəldiyi gün, danışmaq imkanına malik olacağam, sənə deyərəm ki, kimə verərsən… Onsuz da indiyə qədər nə verilmişdisə, hamısını Eldar Salayevə vermişdim…
MÜSTƏNTİQ:
– Eldar Salayevə nə qədər pul və hansı vaxtlarda vermisiniz?
FİKRƏT YUSİFOV:
-Mən hesabladım, təxminən 2001-ci ildən son günə qədər Rəsul Quliyevin xahişləri ilə Eldar Salayevə, haradasa, 310 min dollar pul verilibdir.
MüSTƏNTİQ:
-Verilib, ya vermisiniz?
FİKRƏT YUSİFOV:
-Verilibdir, yəni Rəsul Quliyev kimlərə xahiş edib, deyib ki, get filankəsdən al, almışam, gətirmişəm, Eldar Salayevə vermişəm.
MüSTƏNTİQ:
-Yəni pulu siz vermisiniz?
FİKRƏT YUSİFOV:
-Bəli.
(APARICI (AzTV): Radikal müxalifət qəzetləri böyük canfəşanlıqla iddia edirlər ki, guya sabiq maliyyə naziri Fikrət Yusifov bu hadisələrlə bağlı ifadələri ciddi təzyiq və işgəncələr altında vermişdir. Lakin Fikrət Yusifov bütün bunlarla razılaşmır).
MÜSTƏNTİQ:
-Bugünkü günə qədər siz dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq idarəsində ifadələr vermisiniz. Hər hansı bir ifadə verən zaman, ya ondan əvvəl sizə təzyiqlər olubmu, hər hansı işgəncə verilibmi, istintaqa hər hansı bir təsir altındamı ifadə vermisiniz?
FİKRƏT YUSİFOV:
-Xeyr. Mən dərhal cavab verirəm ki, mənə heç bir təsir, təzyiq olmayıbdır.
(APARICI (AzTV): 2005-ci il oktyabrın 30-da Əli İnsanov ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək, törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Bu müraciətdə Əli İnsanov ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, o cümlədən bağ evlərində Fikrət Yusifovla görüşdüyünü, bəzən həmin görüşlərdə Akif Muradverdiyevin də iştirak etdiyini göstərmişdir. Əli İnsanov Rəsul Quliyevə onun seçki kampaniyası, qayıdışı və digər məsələlərlə bağlı maliyyə yardımları göstərdiyini qeyd etmişdir. Əli İnsanov müraciətində Rəsul Quliyev kimi avantüristə qoşulmasının əcaib, bağışlanılmaz və nifrətəlayiq hal olduğunu etiraf etmişdir. Bu kadrlara tamaşa edən, təqsiri olan digər şəxslər də dərindən düşünməlidirlər. Onsuz da bu cinayətin, demək olar ki, bütün təfərrüatı artıq istintaqa məlumdur. Nə qədər ki, gec deyil, təqsirkar şəxslər özləri könüllü gəlib, müraciət edərək istintaqa ifadə versinlər).
“Təzadlar”ın Araşdırma Qrupu