29 Oktyabr 2025 / 15:42

Ramiz Mehdiyevi öyənlər və söyənlər: Bəxtiyar Sadıqov

“Azərbaycançılıq ideyasının dərk olunması əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni əlaqələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir” – söyləyən akademik Ramiz Mehdiyev öz fikirlərində tamamilə haqlıdır.

Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq ideologiyası xalqı, cəmiyyəti öz dövləti ətrafında səfərbər edən, birləşdirən saf və sağlam bir ideyadır. Bu ideya dövrün, müstəqilliyin ən çətin və ağır sınaqlarından məharətlə çıxdı, məkrli hücumlara sinə gərərək daha da möhkəmləndi, həm də əbədiləşdi. Bu gün filosof və siyasətçilərin diqqətini ən çox cəlb edən məsələlərdən biri dünyada gedən qloballaşma prosesidir. Elmi-texniki tərəqqi sürətlənir, demokratiya dərinləşir, bu yöndə bir-biri ilə six əməkdaşlıq edən ölkələr öz sərhədlərinə “sığmır”, “genişlənir”. Tarixi təcrübə göstərir ki, dünyada gedən obyektiv prosesləri nəzərə alıb düzgün qiymətləndirən, öz fəaliyyətini daha uğurlu təşkil edən dövlətlər bu məqamda uduzmur, əksinə, böyük fayda götürür. Bəşəri inkişafın sivilizasiyalı yoluna qədəm qoyan Azərbaycan belə proseslərə biganə deyildir. Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir.

“Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” adlı yeni əsəri onun bu sahədə uğurlu və gərəkli addımlarından biridir. Dünyanı düşündürən və qayğılandıran aktual məsələ ilə bağlı yazılmış bu əsərdə indiyədək ölkəmizdə görülən işlərdən, qarşıdakı vəzifələrdən söhbət açılmaqla yanaşı, belə bir məsuliyyətli məqamda və prosesdə inkişaf strategiyamızın necə olması sualına da dəqiq və aydın cavab verilmişdir.

 Bəxtiyar SADIQOV,

 yazıçı-publisist

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!