Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, Azərbaycanın Əməkdar hüquqşünası, Baş ədliyyə müşaviri İkram Kərimovun 70-ci illərdə bir qalmaqallı ağır cinayətin üstünün açılmasında istifadə etdiyi kriminalistikada olan tətbiq təcrübəsi Almaniyalı mütəxəssisləri valeh edib. İkram Kərimovun bu praktik təcrübəsi ölkənin məhkəmə-hüquq fəaliyyətində nümunə göstərilməklə praktik istifadə edilməkdədir. Bununla bağlı Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlu özünün sosial media hesabında maraqlı məqalə ilə çıxış edib. Almaniyadan «Təzadlar»a göndərilən həmin məqaləni olduğu kimi təqdim edirik:
ALMANİYADA BİR DƏRSİN QƏHRƏMANI
…Bir neçə il əvvəlin söhbətidir, payızı idi. Almaniyada yaşayan əcnəbi jurnalistlər üçün təşkil olunan “Politisches Bildungsforum” – Siyasi Təhsil Forumu adlı tədbirə dəvət almışdım. Tədbir Almaniyanın ilk federal kansleri Konrad Adenauerin adını daşıyan fond tərəfindən keçirilirdi. Forumda müxtəlif ölkələrdən gəlmiş jurnalistlər və ictimai xadimlərlə yanaşı, Almaniyanın Bonn şəhər polis təşkilatında uzun illər polis müstəntiqi kimi çalışmış Markus Zimmerman da iştirak edirdi.

O, tədbir zamanı bütün iştirakçılarla bir-bir tanış olurdu. Növbə mənə çatanda, gülümsəyərək “Azərbaycan” dedim. Markus bir anlıq duruxdu, sonra bloknotuna nəsə yazdı. Bir neçə saniyə sonra zalın divarındakı proyektorda bir şəkil göründü. Bu, İkram Kərimovun şəkli idi. Zimmerman üzünü iştirakçılara tutaraq dedi:
-Mən hüquq fakültəsində dərs deyəndə, tələbələrə kriminalistika fənnindən danışarkən tez-tez azərbaycanlı hüquqşünas İkram Kərimovun təcrübələrinə istinad edirəm…

Sonra o, əlavə etdi ki, Almaniyanın bir çox universitetlərində hüquq dərsləri zamanı tələbələrə Azərbaycanda 1973-cü ildə baş vermiş bir cinayətin necə açıldığı nümunə kimi öyrədilir. Söhbət Beyləqanın Əhmədli kəndində üç tələbənin meyitinin tapılması hadisəsindən gedirdi.
Zimmerman bildirdi ki, bu iş barədə məlumatları rus, alman və ingilis dillərində dərc olunmuş məqalələrdən oxuyub.
Onun bu sözləri məni çox təsirləndirdi. Həmin an qürurla düşündüm ki, İkram müəllimin zəhməti yalnız Azərbaycanda deyil, uzaq Almaniyada da elmi nümunə kimi öyrənilir.
Əslində, İkram müəllim haqqında çoxdan eşitmişdim. Bakıda televiziya kanalında işlədiyim illərdə hadisə yerlərinə çəkilişə gedirdik. O vaxtlar polis və prokurorluq orqanları ilə sıx əməkdaşlıq edirdik. Onların arasında vaxtilə İkram müəllimin tələbələri də vardı. Hər biri ustadlarını hörmətlə və minnətdarlıqla xatırlayırdı. Həmin gün Almaniyada, yad bir zalda onun adını yenidən eşidəndə, qəlbimdə qürur hissi yarandı. Çünki İkram Kərimovun adı artıq təkcə Azərbaycanın deyil, dünyanın kriminalistika tarixində öz layiqli yerini tutmuşdu…
Fərahim İlqaroğlu Qasımov
Königswinter,
Almaniya
28 oktyabr, 2025-ci il».
«Təzadlar»dan: bəli, peşəkar məhz o şəxsdir ki, onun fəaliyyət meydanı hamı üçün qəbul edilir, bəyənilir, təqdir olunur. İkram Kərimovun o vaxtlar kriminalist kimi öz peşəsinə, tətbiq sahəsinə peşəkar yanaşmasının sorağı indi Almaniyadan, digər xarici ölkələrdən gəlirsə, deməli, o, bir canlı və real hüquq-praktik məktəbdir! Bu məktəbi qorumaq, inkişaf etdirmək və gələcəyə daşımaq lazımdır. Lakin bizdə olan məlumata görə, Bakı Dövlət Universitetində tədris olunan kriminalistika elmi ögey münasibətin qurbanına çevrilməkdədir. Halbuki, mütəxəssislər, hakim və müstəntiqlər, prokurorlar… yaxşı bilirlər ki, bütün ağır cinayətlərin isti izlə açılması müstəntiqin təcrübəsindən daha çox kriminalistin peşəkarlığından asılıdr…
Təqdim etdi: Asif MƏRZİLİ