1 Noyabr 2025 / 09:56

Kirayə qiymətləri necə tənzimlənməlidir?- BAHALIQDA ÖZBAŞINALIQ

Bakıda mənzil kirayəsi qiymətlərinin durmadan qaldırılması artıq ciddi narazılıqla müşaiyət olunur. Sosial media istifadəçisi Nuranə Abdullayeva yazır: “Kirayə qiymətləri baş alıb gedir, amma nəzarət edən yoxdur! İnsafdırmı ki, evi olmayan insan günlərlə 10 manatlıq işlə dolanmağa çalışsın, üstəlik bir də ayın sonunda kirayə pulunun altında əzilsin? Onsuz da bahalaşma od tutub yanır, evlərin satış qiyməti göyə qalxıb sanki bu ölkədə yaşamaq yox, sağ qalmaq mübarizəsinə çevrilib.
Bu qədər insan kirayədə nəfəs almaq üçün çabalayır, amma kirayə bazarına nəzarət sıfır.
Kim nə qədər istəyirsə, qiyməti o qədər qaldırır. Bəs bunun bir qanunu, bir çərçivəsi, bir ədaləti yoxdurmu? Əməkhaqqı artmır, iş yerləri sabit deyil, amma kirayə qiymətləri yarışa çıxıb. Belə şəraitdə insan necə yaşasın? Kirayə sahəsi nəzarətsiz buraxıldığı üçün ev sahibləri də özünü tarif şurası kimi aparır, istədiyini yazır, istədiyini tələb edir.
Ən pisi də odur ki, bütün yük evi olmayanların, gündəlik qazancı güclə çıxan insanların çiyninə yıxılır. Cəmiyyət boğulur, amma vəziyyəti görən yoxdur. Bu məsuliyyətsizlik, bu nəzarətsizlik artıq dözülməz həddə çatıb! Kirayə qiymətləri dərhal tənzimlənməlidir, yoxsa bu gedişlə normal yaşamaq lüksə çevriləcək…”.
“Təzadlar”dan: Maraqlıdır ki, Bakıda bu qədər göydələnlər, sosial evlər tikilir, mənzil fondu az qala 4 Bakıya çatar, amma qiymətlər qalxmaqda davam edir… Bir səbəb odur ki, Bakıda mənzil fonduna nəzarət yoxdur, çünki əmlak vergisi verməmək üçün bir qrup bu fondu gizli saxlayır, qeydiyyatı aparılmır. Halbuki axşam saatlarında həmin göydələnlərə baxsaq, görərik ki, 70 faizində işıq yanmır, yaşayış yoxdur. Niyə bu boş mənzillər orta təmirlə kirayəşinlərə təklif edilmir? Çünki onda müqavilə bağlanacaq və əsl sahibi bilinəcək.
Başqa bir məsələ: kirayə qiymətlərinin qalxmasının səbəbi heç də evlərin və kirayələrin baha olmasına görə deyil, manatın getdikcə dəyərdən düşməsinə görədir… Məsələn, heç bir əlavə xərc çəkilməyən adi bulaq suyu əvvəllər 60 qəpiyə satılırdısa, indi 70 qəpiyə satılır. Bax manatın dəyərdən düşməsinin qarşısı alınmalıdır.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!