Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gəncliyə Yardım Fondu, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında layihə rəhbəri Aygün Əzizovanın olduğu 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi keçirilib.

Tezadlar.az xəbər verir ki, sərginin rəsmi hissəsində Azərbaycanın Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Torpaqlarımızın azadlığı və suverenliyi uğrundan əziz canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş nitqi ilə çıxış edən Beynəlxalq Qalereyanın rəhbəri Elnurə İsgəndərova sərgi iştirakçılarını təbrik etdi:
“Əziz həmvətənlər, hörmətli iştirakçılar!
Bu gün biz tariximizin ən şanlı səhifələrindən birinin – 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5 illiyini böyük qürur və fəxarətlə qeyd edirik.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Zəfər yalnız hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Xalqımız bir yumruq kimi birləşərək, öz iradəsini və gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu gün azad edilmiş torpaqlarımıza həyat qayıdır. Böyük Qayıdış Proqramı çərçivəsində bərpa və yenidənqurma işləri sürətlə davam edir. Hər bir tikilən məktəb, xəstəxana, yol və ev – bu torpaqlarda yenidən doğulan ümidin, dirçələn ruhun simvoludur.
Biz bu Qələbəni şəhidlərimizin qanı və canı bahasına qazandıq. Onların fədakarlığı, qəhrəmanlığı və vətən sevgisi bizim üçün əbədi örnəkdir. Şəhidlərimiz heç zaman unudulmayacaq, onların xatirəsi hər zaman ürəklərdə yaşayacaq.
Bu tarixi gün münasibətilə bir daha bütün xalqımızı təbrik edir, Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm.
Qoy Qarabağda yüksələn bayrağımız daim dalğalansın! Qoy Azərbaycanın müstəqilliyi əbədi və dönməz olsun!
Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın Qələbəmiz!
Birgə təşkilatçılığa görə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim bəyə və əməkdaşlarına təşəkkür edirəm”.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bəy çıxışında şəhidliyin ən ali zirvə olduğunu, könül coğrafiyamızda ən təsirli hekayələrin şəhidlərlə bağlı olduğunu bildirdi.
“Bu gün dinc və rahat şəkildə yaşayırıqsa, torpaqlarımız azad edilibsə, bu ilk növbədə cənab prezident İlham Əliyev və qəhrəman Azərbaycan əsgərinin sayədindədir”, – deyə Ahmet Tecim bəy sözlərinə əlavə etdi.
Ahmet Tecim bəy çıxışı zamanı vurğuladı ki, “Dəmir Yumruq” adlı 44 günlük Vətən Müharibəsi bizə Azərbaycan Ordusunun gücünü, türk insanın cəsarətini və şücaətini göstərdi. Gəncliyə Yardım Fondunun prezidenti Allahdan şəhidlərə rəhmət, qazilərə can sağlığı və şəhid ailələrinə səbr dilədi.
Sərgidə RM ART Studionun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Mahmudova, Şuşa Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA ART Studionun rəhbəri Fatma Əliyeva, RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, Lider Tədris Mərkəzinin rəhbəri Ülviyyə İskəndərova, Şatu Sənət Evinin rəhbəri Turan İlham tələbələri ilə, rəssamlar – Nərminə Uluxanova , Leyla Orucova , Firdovsi Hacıyev, Nurəddin Məmmədov, Aygün Qürbətova, Nərgiz Verdiyeva, Səadət Nərmin Hacıyeva, Hüseynli Pərvanə, ADPU-nun müəllimi, rəssam Səmayə Rzayeva, Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyinin təsviri incəsənət müəllimi Təranə Əhmədova iştirak edirdilər.
Tədbirin bədii hissəsində Lider rəqs qrupunun ifasında “Şuşanın dağları” , “Gözün aydın, Qarabağ” rəqsləri nümayiş olundu. Balaca istedadlı ifaçılar Məsumə Nəcəfzadə “Ey Vətən”, Sevgi Seyfullayeva “Qarabağ Azərbaycandır” mahnısı ilə ürəklərə toxundular.
Sonda iştirakçılara diplomlar təqdim edildi, xatirə şəkilləri çəkildi.
AYGÜN