10 Sentyabr 2025 / 14:21

ABŞ-da saxlanılan 300 Cənubi Koreyalı işçinin repatriasiyası gecikdi

Keçən həftə ABŞ-da kütləvi immiqrasiya əməliyyatı zamanı saxlanılan 300-dən çox Cənubi Koreya vətəndaşının vətənə qaytarılması planları pozulub.

Tezadlar.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, çərşənbə günü Atlantadan yola düşməli olan “Korean Air” çarter reysi “ABŞ tərəfi ilə bağlı səbəblərə görə” ləğv edilib.

İlkin razılaşmalara görə, azad edilən koreyalı işçilər sentyabrın 10-da vətənlərinə yola düşməli idilər. Bu məqsədlə “Korean Air” KE2901 saylı xüsusi reys hazırlayıb və səhər saatlarında İncheondan yola düşərək Atlantaya yollanıb. Lakin sonradan işçilərin vətənə qaytarılması prosedurunun dayandırıldığı bildirilib. Vəziyyət Seul və Vaşinqton arasında danışıqların predmeti olaraq qaldığından uçuşun dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil.

Cənubi Koreya Xarici İşlər Nazirliyi reysin təxirə salınmasını təsdiqləyərək, “ən qısa zamanda uçuşu təmin etmək üçün ABŞ tərəfi ilə məsləhətləşdiyini” bildirib. Eyni zamanda, diplomatlar gecikmənin konkret səbəblərini açıqlamayıblar. KİV-in məlumatına görə, inzibati prosedurların əlaqələndirilməsi mərhələsində çətinliklər yarana bilərdi, xüsusən də işçilərin təcridxanalardan hava limanına dəqiq necə daşınması ilə bağlı.

Bundan əvvəl prezident administrasiyasının siyasi ofisinin rəhbəri Kim Yonq Beom qeyd edib ki, Amerika hakimiyyəti ilə danışıqlarda hər bir detal, o cümlədən məhbuslara qarşı istifadə olunan qandal və digər üsullardan istifadənin rədd edilməsi müzakirə olunur.

Xatırladaq ki, sentyabrın 4-də ABŞ-ın immiqrasiya xidmətləri Hyundai Motor və LG Energy Solution şirkətlərinin birgə müəssisəsi olan Gürcüstanda HL-GA akkumulyator zavodunun tikinti sahəsinə reyd keçirib. Sonra 475 nəfər, o cümlədən 300-dən çox Cənubi Koreya vətəndaşı saxlanılıb.

Koreyalı işçilərin kütləvi şəkildə saxlanması həm Seulda, həm də ABŞ-ın yerli koreyalı icmalarında böyük əks-səda doğurub. Cənubi Koreya hakimiyyəti bunun vətəndaşların deportasiya deyil, “könüllü getməsi” olduğunu vurğulayır və şirkətləri üçün imic xərclərindən qaçmağa çalışır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!