11 Sentyabr 2025 / 15:13

ABŞ konqresmeni Gürcüstandakı siyasi vəziyyəti sərt şəkildə tənqid edib

Ötən gün ABŞ Konqresinin “Demokrat” üzvü Stiv Koen Gürcüstandakı siyasi vəziyyəti sərt şəkildə tənqid edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o, bu barədə Helsink Komissiyasında keçirilən dinləmələr zamanı çıxış edib. Stiv Koen bildirib ki, hakim partiya “Gürcü Arzusu” özünü təqdim etdiyi kimi çıxmadı və əslində, ölkəni geriyə aparan siyasi qüvvəyə çevrildi: “Gürcü Arzusu artıq gürcü kabusuna çevrilib. Çünki o, xalqın gözlədiyi və özü haqqında dediyi siyasi qüvvə olmadığını göstərdi”, – deyə o bildirib. Konqresmen çıxışında “MEGOBARI Aktı” ilə bağlı vəziyyətə də toxunub və bu qanun layihəsinin Senatda qəbul edilməməsini tənqid edib: “Bu aktın qəbul edilməməsi inanılmazdır. Onun arxasında həm Demokratlar, həm də Respublikaçılar dayanır. Belə böyük dəstəyə baxmayaraq, görünür, bir nəfər bu qanun layihəsinin qarşısını ala bildi. Bu necə baş verdi, anlamıram”.

Koen Bidzina İvanişvili barəsində də sərt ifadələr işlədib: “İnsanları zahiri görkəminə görə mühakimə etməyi sevmirəm, amma İvanişvilini ilk dəfə görəndə, onda bütün mənfi əlamətlər var idi – varlı, təkəbbürlü, özünü çox yüksək qiymətləndirən bir insan. Sonradan bu xüsusiyyətləri İlon Maskda da gördüm”.

Konqresmen əlavə edib ki, Rusiya Gürcüstanın bir hissəsini işğal edib və yenidən bunu etməyə çalışacaq: “Rusiya artıq Gürcüstanın bir hissəsini işğal edib. Fürsət düşsə, yenidən edəcək. İndi isə onların Gürcüstanda müttəfiqi var – cənab İvanişvili. Bu isə ölkəni daxildən zəiflətmək və təsir altına almaq üçün daha əlverişli şərait yaradır”.

Koen sonda “MEGOBARI Aktı”nın qəbul olunmamasından təəssüf etdiyini bildirib və qanun layihəsinin gələcəkdə yenidən gündəmə gətiriləcəyinə ümid etdiyini vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!