Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə bankdan bildirilib.
Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq – “yaşıl” və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir.
“ADB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə çatmasına, regional təşəbbüslərin irəlilədilməsinə və ölkə vətəndaşları üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, – deyə o qeyd edib.
Yeni strategiya Azərbaycanın milli inkişaf strategiyaları ilə uzlaşdırılıb və mövcud çağırışların həllinə, eyni zamanda “yaşıl” və dayanıqlı artım imkanlarının reallaşdırılmasına yönəlib. Strategiya çərçivəsində innovasiya, yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafı, eləcə də peşəkar insan kapitalının gücləndirilməsi kimi istiqamətlər üzrə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, strategiyanın nəticələri təkcə ÜDM-in artımı ilə deyil, əhalinin rifahı, ətraf mühitin qorunması və qlobal ictimai mallara töhfə baxımından da qiymətləndiriləcək. Bu məqsədlə sənəddə iqlim fəaliyyətinin gücləndirilməsi, fəlakət risklərinin idarə olunması, gender bərabərliyi və rəqəmsal transformasiya kimi sahələrdə təşəbbüslər planlaşdırılır.
Qeyd edək ki, ADB Asiya və Sakit Okean regionunda inklüziv, davamlı və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Bank üzv ölkələr və tərəfdaşlarla birlikdə mürəkkəb qlobal çağırışların həllində innovativ maliyyə alətlərindən və strateji əməkdaşlıqlardan istifadə edir. 1966-cı ildə yaradılmış ADB-nin 69 üzvü var ki, onların 50-si region ölkələridir (fed.az).
***
Əlavə edək ki, Azərbaycan 1999-cu ildən ADB-yə üzvdür və 2004-cü ildə Bankın Azərbaycanda yerli nümayəndəliyi açılmışdır.
2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının 48-ci İllik Toplantısı Bakıda keçirilmişdir. 25 layihə üzrə dövlət zəmanətli kreditlərcəlb edilmişdir. Bunlardan 23 layihənin icrası başa çatmışdır, 2 layihənin icrası (dəmir yolu) davam edir.
– “Sumqayıt -Yalama dəmir yolu xəttinin yenidənqurulması” layihəsi (Benefisiar: “Azərbaycan Dəmir Yolları” QSC; Müddəti: 2018 – 2026-cı illər);
– “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası” layihəsi (Benefisiar: “Azərbaycan Dəmir Yolları” QSC; Müddəti: 2025 – 2028-ci illər).