3 Fevral 2024 / 06:12

AĞ EV: ABŞ SURİYA VƏ İRAQDAKI HƏDƏFLƏRƏ 30 DƏQİQƏ ƏRZİNDƏ 125 MƏRMİ ATDI

Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, ABŞ Suriya və İraqdakı hədəflərə gecə hücumu çərçivəsində 30 dəqiqə ərzində 125-dən çox mərmi atıb.

“Bir sıra təyyarələr, o cümlədən ABŞ-ın B-1 bombardmançı təyyarələri əməliyyatda iştirak edərək 30 dəqiqə ərzində 125-dən çox dəqiq idarə olunan raket atıb”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda ölən və yaralananların sayı barədə danışmağa hazır deyil, lakin zərbələri uğurlu hesab edir.

Xatırladaq ki, yanvarın 28-də naməlum şəxslər İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə ilə zərbə endirib, nəticədə, 3 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Pentaqon tezliklə hücuma görə İranı günahlandırdı.

Bundan sonra Qərb mediası ABŞ-ın İran ordusunun hədəflərini vurmaq üçün hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məlumatlar dərc etməyə başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın Yaxın Şərqdə İranla əlaqəli hədəflərə zərbə endirmək niyyətini alqışlamır, çünki bu, Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər.

Fevralın 3-nə keçən gecə ABŞ ordusu Suriya ərazisinə zərbələr endirib. Bu, İordaniyadakı forpostu hücuma cavab idi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!