2 Aprel 2026 / 20:35

Aktrisa Sebahat Adaların ümidsiz qadınlara işıq olacaq həyat hekayəsi – MÜSAHİBƏ (I)

Bugünkü qonağımız fərqli qadınlardandır – dünyaya baxışı, həyatdan gözləntiləri, xoşbəxtlik barədə düşüncələri ilə…

Xəyallarının ardınca uzun və çətin yol gələn, uşaq ikən böyüyən, qanqallar üzərindən ayaqyalın keçərkən batan tikanlara “uf” deməyən, yıxılanda sıyrılan dizlərinə baxmayaraq yürüyən, göynəyən qəlb yarasına “sus” deməyə güc tapan və hər zaman insanlara gülümsəməyi bacaran bir aktrisa, həm də uğur hekayəsini öz əlləri ilə yazan möhtəşəm qadın – Sebahat Adalar!

Onun teatr və kino yaradıcılığını Fransada yaşayan tanınmış şair, yazar Caroline Laurent Turunç belə təsvir edib:

SİTAT: “Sebahat Adalar türk teatr, kino və televiziya hekayələrində səssiz, amma dərin iz buraxmış – aktyorluğa tamaşa məkanı kimi deyil, insanlığın tədqiqi kimi baxan görkəmli sənətkarlardan biridir. Onun sənəti yüksək səslə var olmağa deyil, daimiliyə üstünlük verir. Buna görə də, onun adı çox zaman rolun önünə keçmədən, lakin həmişə rolun özündə hiss olunaraq xatırlanır. Teatr keçmişi olan bir sənətkar olaraq, Sebahat Adalar səhnəni texniki sahə kimi deyil, etik sahə kimi görür. Onun aktyorluğu şişirtmənin və ya asan emosiyaların deyil, ölçünün, daxili intizamın və dərin intuisiyanın məhsuludur. Onun canlandırdığı personajlar tamaşaçı qarşısına “oynanılmış” deyil, yaşanmış vəziyyətlərdə çıxırlar. Bu, onu keçici parlaqlıqdan ayıran əsas fərqdir. Onun televiziya seriallarında və filmlərində oynadığı rollar çox zaman hekayənin mərkəzində olmasa belə, hekayənin vicdanını daşıyır. Sebahat Adaların aktyorluğu səhnənin bütün diqqətini tələb etmir, lakin səhnəyə çıxdığı anda varlığını hiss etdirir. O, hekayəni daşıyır, dərinləşdirir və tez-tez görünməz bir ox kimi dimdik saxlayır…”.

***

sebahat adalar yasemin

Bəli, qonağımız paytaxt Bakıya rol aldığı “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsinə təşrif gətirən Sebahat xanım Adalardır. Mən də Bakıda olduğu günlərdə fürsəti dəyərləndirərək onunla həmsöhbət oldum:

 – Xoş gəlmisiniz, Sebahat xanım. Sizi yenidən Azərbaycanda gördüyümə çox şadam. Artıq sizinlə üçüncü dəfədir görüşürük. Ötən il də Türkiyə istehsalı olan bir filmin Qala gesəcində görüşmüşdük.  Bu gəlişinizdə isə sizin rol aldığınız  filmin Qalasında bir araya gəldik. Daha əvvəl isə Tezadlar TV-nin efir saatında qonağım olmuşdunuz. İstərdim ki, Azərbaycan tamaşaçıları ekrandan tanıdıqları Sebahat Adaları daha yaxından tanısınlar…

– Xoş gördük, Yasəmən xanım. Sizi görməyimə mən də çox şadam. Azərbaycandakı tamaşaçılarımı da çox sevirəm. Bakıda Türkiyə filmlərinin Qala gecələrinin təşkil olunması həm filmin izləyiciləri ilə, həm də dostlarımla görüşməyimə vəsilə olur.

– Filmlərdən danışmışkən, bildiyim qədər sizin səhnə və kino fəaliyyətiniz 1993-cü ildən başlanır. Təqribən 40 yaşlarda filmlərə çəkilməyə başlamısınız, lakin rejissorlar sizi çox tez kəşf ediblər və Azərbaycanda da sevilərək izlənilən seriallarda, filmlərdə yer almısınız. Maraqlıdır, aradakı böyük bir zaman itkisi nədən qaynaqlanır, yaxud, sənətə gəlişinizə nə mane olub?

– Mən Adanada doğulmuşam. Uşaq ikən təhsilimi davam etdirmək istəyirdim. Lakin böyük qardaşımın məni çox qoruması və qısqanması səbəbindən məktəbdən çıxarıldım, həm də orta məktəbin son sinfində. Təhsil almayınca atam da məni kiçik yaşda ərə verdi. Mən bu evliliyə qarşı idim, çünki təhsilimi davam etdirmək istəyirdim. Ailə qurduqdan sonra uşaq yaşında ana oldum. Ardıcıl olaraq 3 övladım dünyaya gəldi. Onlarla böyüdüm.  Amma həyat bəzən sürprizlərlə dolu olur. Ailə həyatımız da başqalarının müdaxiləsi ilə bitdi və ayrılmaq məcburiyyətində qaldım. Yenidən ata evinə döndüm, lakin həyat şərtləri daha ağır oldu. Atam xəstə idi və ölümə məhkum idi. Qardaşlarım əvvəl təhsil almağıma mane olduqları kimi, bu dəfə də işləməyimə qarşı çıxdılar. Anam isə gücsüz idi – daha əvvəl də onlara mane ola bilməmişdi. Övladlarım bir-birindən ayrı düşdü. Gah atalarında, gah xalası gildə, gah da mənimlə qalırdılar. Çox məşəqqətli günlər yaşadım. Ölməyi belə düşündüm. Atamın evində olduğum müddətdə orta təhsilimi tamamladım  – liseyi bitirdim. Bu dəfə isə atam məni özümdən yaşca xeyli böyük insanla evləndirdi. Yenə də istəmədən, razılığım olmadan ailə qurmağa məcbur edildim. Heç xoşbəxt olmadım… Amma ikinci evliliyim dövründə xəyallarıma doğru yavaş-yavaş addımlamağa başlamışdım. Bursada konservatoriyada təhsil almağa başladım, eyni zamanda dram bölümünü də qazandım. Yəni, hər ikisinə qəbul oldum və təhsil aldım. Həyat yoldaşım təhsil almağıma mane olmadı, amma işləməyə qoymurdu: radio aparıcılığında müsabiqədən keçmişdim, lakin həyat yoldaşım yenə icazə vermədi. Sonra FLASH TV-də xəbər aparıcılığı üçün şans yarandı, yenə razılıq vermədi. Daha sonra kanalda başqa həyatları canlandırma layihəsi vardı, onunla başladım. İllərlə adətlərin qurbanı oldum: “Birincidən ayrıldı, ikincidən də ayrılıb” deyə dedi-qodular edilməsin deyə ata-anam boşanmama qarşı çıxdı. Mən də susmaq məcburiyyətində qaldım. Artıq bıçaq sümüyə dirənmişdi. Dözə bilmirdim. İllər sonra, sonuncu kursda təhsil alarkən ailəmə qarşı çıxdım və evliliyimə son verdim. Bu dəfə ata evinə dönmədim və İstanbulda təhsil alan kiçik oğlumun yanına getdim. Oğlum İstanbul Universitetinin film fakültəsində təhsil alırdı. Uşaqlarımın ən böyüyü olan digər oğlum Bursada qaldı, qızım isə artıq ailə quraraq İngiltərəyə köçmüşdü… Orta məktəblərin birində musiqi müəllimi kimi işləməyə başladım. Ancaq çox qısa çəkdi. Dram fakültəsində də təhsil aldığım üçün filmlə bağlı təcrübəm vardı və filmə çəkilmək istəyirdim. Ən böyük təcrübəm isə atam idi –  kamança ifaçısıydı. O, musiqişünas idi, eyni zamanda filmlərə də çəkilmişdi, tamaşalarda oynamışdı. Mənim bu peşəyə aşiq olmam da uşaqlıqdan onun tamaşalarını izləyərkən baş vermişdi. Onların hamısını xatırlayıram… Atam Ferit Adalar vaxtilə Yılmaz Güney və Nebahat Çehre ilə  ”Çirkin kral affetmez” filmində çəkilib və vəkil rolunu canlandırıb.

Dediyim kimi, bu sevdaya uşaqlıqdan yaxalanmışdım və bu sahə üzrə təhsil almağa çox can atırdım. Anam müəllim olmağımı, atam isə udda çalmağımı istəyirdi. Amma heç birinin istədiyi olmadı, çünki mən aktrisa olmağı seçmişdim və bu istək məni heç zaman tərk etmədi. Həm də atamdan mənə genetik olaraq keçən istedadım vardı: həm aktrisalıq, həm mahnı oxumaq. Qardaşlarım da elədir. Musiqişünasdılar, çox istedadlı insanlardı. Ailə olaraq genlərimizlə sənət aləminə bağlıyıq. İlk dəfə “Kurtlar vadisi” serialında bir bölümdə rola çəkildim. Sonra “Ekmek teknesi”ndə də çəkildim və bununla yolum açıldı. Hər kəs məni çox bəyəndi və kiçik rollarla sənətimə başladım. Xarakterik rolları canlandıraraq tələb olunan aktrisa oldum. Bununla da xəyallarımı gerçəkləşdirməyə başladım və bir daha ailə qurmağı düşünmədim. Artıq 4 nəvəm var… 

– Atanızın sənətinə şahidlik edərək aktrisalığı seçdiniz… Bəs sənət aləmində başqa bir idealınız, bəyəndikləriniz oldumu?

– Bəli, uşaqlıqdan heyran olduğum türk aktrisaları vardı: Aliye Rona, Fatma Girik, Yıldız Kenter…

– Dediniz ki, ““Kurtlar vadisi”” və “Ekmek teknesi” seriallarına çəkilməniz sənət həyatınızda tramplin oldu və siz daha tez-tez xarakterik obrazları canlandırmaq üçün dəvətlər aldınız. Halbuki bəzi aktyorlar dramatik rollara çəkilirsə, heç bir zaman komediya janrında olan filmdə çəkilmirlər, yaxud da əksinə. “Öyle bir geçer zaman ki”nin Dönesi, “Leyla ile Mecnun”un Çiçekçisi, “Siccin 4″ün Rahimesi… rollar, xarakterlər müxtəlif. Sizə çətin olmur? Bir xarakteridən digərinə keçmək, mənimsəmək və tamaşaçıya onu qəbul etdirmək…

– Bəli, mənim rollarım müxtəlif olub. Bildiyiniz kimi, 3 sezon davam edən  “Leyla ile Mecnun”da “Çiçekçi” rolunu oynadım. Davam etmə müddətinə görə ən çox bu komediya filmində rol almışam. Amma qorxu filmlərinə də çox çəkilmişəm. “Siccin 4” filmindəki roluma görə Rusiyada – Moskvada mükafat aldım. Türkiyədə də “HAKEDENLER” mükafatı təqdim edildi. Altsheymerlərlə bağlı bir layihə vardı. Buna görə də mükafat aldım. Mən Türkiyənin Pakistanda qurulan Humanitar Yardım Fondunun təşəbbüs səfiriyəm. İki dəfə Bakıda keçirilən konfranslarda fəxri qonaq və Sülh səfiri kimi iştirak etmişəm. Misirdə “İnsan və sənət” adlı tədbirə dəvət edildim və mükafat aldım… Mən heç bir zaman eyni tip rol oynamadım. Düşünürəm ki, aktyor bütün rolları, bütün xarakterləri canlandırmağı bacarmalıdır. Əgər sən gerçək aktyorsansa, bunu edə bilməlisən. Lakin aktyorun da öz seçimi olur: bəzən yalnız komediya janrında çəkilən filmlərdə özünü daha yaxşı təsdiq etdiyini düşünür və bir istiqamət üzrə yol alır, yaxud da dramatik… Mənim konservatoriyadakı müəllimlərimdən biri deyərdi ki, küçədə gördüyün hər bir insana diqqətlə bax, çünki bir gün sən o insanı səhnədə canlandırmalı olarsan –  “Onu öyrən, heybənə qoy” demişdi.

-Məşhurların, sənət adamlarının gündəlik yaşam tərzi digərlərindən fərqli olur. Sizdə də fərqlidirmi?

 -Mən heç bir zaman roluma qapanıb qalmaram. O, mənim libasımdır – çıxardaram, asaram. Sonra mənəm – sıradan bir insan. Həyatın içində yaşadım, belə deyim, heç vaxt akvariumda yaşamadım.

-Yəni, “star xəstəliyi”nə yaxalanmadınız. Çünki bəzən görürsən ki, sənət cameəsindən olan bir adamdır, amma öz “mən”ini, istedadını qeyri-adekvat dəyərləndirir, təkəbbürlü olur, insanlarla arasında məsafə qoyur

-Heç zaman özümü heç bir kəsdən ayırmadım, dəyişmədim və ömrümün sonuna qədər də belə qalacam. Çünki aktyorluq mənim peşə fəaliyyətimdir və mən yalnız üzərimə düşən işimi yerinə yetirirəm. Heç bir kəsdən fərqim yoxdur. Sadəcə, ekranlarda, göz önündə olan biriyəm. Məni filmlərimdəki rollarıma görə dünyanın bir çox ölkəsində tanıya bilərlər. Həkim bazarda gəzəndə xalatını geyib gəzmir ki?! Mən də elə. Rol libasımı asılqandan asan kimi, sadəcə, Sebahat oluram: ağlayaram da, gülərəm də, səkidə oturub çörəkarası yemək də yeyərəm. Kağız toplayan uşaqla da dostlaşaram… Evimin bazarlığını da özüm edirəm. Hər bazar günü bazara gedirəm və təzə göyərti, meyvə-tərəvəz alıram. Bəzən eşidirəm ki, təəccüblə danışırlar ki, Sebahat Adalar bazara gəlib. Niyə gəlməyim? Mən bundan, əksinə, zövq alıram. Bilirsiniz, mən insan olaraq özümü heç bir kəsdən üstün görmürəm və görməyi də düşünmürəm.

-Sizi Sebahat Adalara bənzədib, amma buna inanmayanlar olubmu?

-Bəli, çox olub. Hətta bir dəfə bazarda ana ilə qızı öz aralarında söhbət edirdilər. Qızı anasına dedi ki, “Bax, bax, Sebahat Adalardı”. Anasının ona çəmkirərək “onun bazarda nə işi var” dediyini eşitdim. Alış-veriş əsnasında səsimi eşidən qızı bir də anasına dedi ki, səsi də bənzəyir. Anası yenə də ona inanmadı. O zaman qızı mənə yaxınlaşaraq özümdən soruşdu. Ona yanılmadığını söylədim. Lakin anası hiddətləndi və məni yalan danışmaqda, başqasının adı ilə öyünməkdə suçladı… Bazardan çıxarkən qarşıdan aktyor dostum Barış gəldi. O, məni görüncə hal-əhval tutdu. Dedi ki, bacı, “Leyla ile Mecnun” çox əladı, davamlı izləyirəm. Mən də təşəkkür etdim. Sən demə, bazardakı həmin ana və qızı ardımca gəlirmiş. Ana yaxınlaşıb məndən üzr istədi. Mən isə ona məndən deyil, inanmadığın qızından üzr istə dedim…

-Bəzi mənfi rollarınızla bağlı tənqidlərə, qınağa tuş gəldinizmi?

-Nəinki qınandım, hətta bir dəfə döyüldüm də. “Öyle bir geçer zaman ki”də Cəmiləni döydüyüm üçün (Döne -red.) məni Tarabyada qəhvəxanadakı kişilər küçəyə çıxıb döydülər…

– Bəs, Sebahat Adalar hansısa filmini  seyr edən zaman kaş ki, burada daha başqa cür oynasaydım – deyə təəssüfləndimi, həmçinin rollarınızdan daha çox bəyəndiyiniz, belə deyək, şah əsərinizi oynadınızmı, yoxsa düşünürsüz ki, hələ o rol gələcəkdə olacaq?

-Yox, oynadığım heç bir roluma görə peşman deyiləm, izləyəndə belə kaş ki, başqa cür oynasaydım, demədim. Ən çox sevdiyim obraz isə “Leyla ile Mecnun”dakı “Çiçekçi” oldu. Çünki orda çox gizli, sətiraltı yumor, zarafat, atmacalar var. Məsələn, səhnələrdən birində deyir ki, “Bibican, oğlunuzu beş dəqiqəlik apara bilərəm?” Mən də deyirəm ki, “niyə, mənim oğlum ingilis açarıdı?..” Bütün rollarımı sevirəm, amma bu serialı unuda bilmirəm.

– Təbii ki, film çəkilişləri o qədər də asan başa gəlmir. Tamaşaçı hazır məhsulu görür, lakin kadrarxası məqamlardan xəbərsizdir. Bir zamanlar mətbuatdan oxumuşdum ki, “Xəlifə Ömərin Doğuluşu” filmində çəkiliş zamanı qorxunc bir hadisə baş verib. Bir it sizə sarı qaçmış və siz çəkiliş aparılan evin pilləkənlərindən yıxılaraq xəsarət  almısınız… Hətta qolunuzun sındığı deyilirdi. Sebahat xanım, siz həm də bir çox qorxu filmlərinə çəkilmisiniz. Belə filmlərə necə çəkilirsiniz, çəkilişlər zaman hansısa yaddaşdan silinməyəcək hadisə, fors-major hal yaşandımı?

-Elədir, qorxu filmlərinin çəkilişi zamanı pis xatirələrim, anlarım var. Məsələn, “Siccin 4” filminin çəkilişi aparılan villada yuxarı mərtəbədə hamam səhnəsi vardı. Hamam səhnəsini çəkdikdən sonra əlimi yumaq üçün ora getmək istədim. Yuxarı qat həm də çox qaranlıq idi. Çox ürpəndim, qorxudan təkbaşıma ora qalxa bilmədim. O məkanı heç unuda bilmirəm. Onu da deyim ki, Türkiyənin ilk qorxu serialında mən də rol oynamışam. 10 seriyalıq filmdir. Mən onun 6 seriyasında oynadım. Filmdə bir ərazidə gecəyarısı – saat 3-4 arası görüş səhnəsi çəkilməliydi. Çəkiliş heyəti ərazidən çox uzaq məsafədən çəkiliş aparırdı. Mən tək dayanmışdım və arxa tərəfdən çaqqalların səsləri gəlirdi… Çox qorxdum, o dərəcədə ki, kameraların üstünə sari qaçdım. Ona görə adamları kolluğun arxasına düzdülər və mən özümü güvəndə hiss edib rolumu oynaya bildim.

-Yəni, qorxu filmlərinin çəkilişi aktyorlar üçün heç də asan başa gəlmir və bu filmlərə çəkilən zaman onların özləri də qorxu hissi yaşayırlar…  (Gülürük. Sebahat xanım bildirir ki, çəkilişin aparıldığı məkanlarla bağlı belə hallar yaşanır).

(Davamı var)

II HİSSƏ linkdə: https://tezadlar.az/aktrisa-sebahat-adalarin-umidsiz-qadinlara-isiq-olacaq-heyat-hekayesi-musahibe-ii/

Yasəmən Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!