Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bugünkü qonağımız fərqli qadınlardandır – dünyaya baxışı, həyatdan gözləntiləri, xoşbəxtlik barədə düşüncələri ilə…
Xəyallarının ardınca uzun və çətin yol gələn, uşaq ikən böyüyən, qanqallar üzərindən ayaqyalın keçərkən batan tikanlara “uf” deməyən, yıxılanda sıyrılan dizlərinə baxmayaraq yürüyən, göynəyən qəlb yarasına “sus” deməyə güc tapan və hər zaman insanlara gülümsəməyi bacaran bir aktrisa, həm də uğur hekayəsini öz əlləri ilə yazan möhtəşəm qadın – Sebahat Adalar!
***

Bəli, qonağımız paytaxt Bakıya rol aldığı “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsinə təşrif gətirən Sebahat xanım Adalardır. Mən də fürsəti dəyərləndirərək onunla həmsöhbət oldum:
– Xoş gəlmisiniz, Sebahat xanım. Artıq sizinlə üçüncü dəfədir görüşürük. Ötən il də Türkiyə istehsalı olan bir filmin Qala gecəsində görüşmüşdük. Daha əvvəl isə Tezadlar TV-nin efir saatında qonağım olmuşduz. İstərdim ki, Azərbaycan tamaşaçıları, eyni zamanda oxucularımız ekrandan tanıdıqları Sebahat Adaları daha yaxından tanısınlar…
– Xoş gördük, Yasəmən xanım. Bakıda Türkiyə filmlərinin Qala gecələrinin təşkil olunması həm filmin izləyiciləri ilə, həm də dostlarımla görüşməyimə vəsilə olur.
– Filmlərdən danışmışkən, bildiyim qədər sizin səhnə və kino fəaliyyətiniz 1993-cü ildən başlanır. Təqribən 40 yaşlarda filmlərə çəkilməyə başlamısız, lakin rejissorlar sizi çox tez kəşf ediblər və Azərbaycanda da sevilərək izlənilən seriallarda, filmlərdə yer almısız. Maraqlıdır, aradakı böyük bir zaman itkisi nədən qaynaqlanır, yaxud, sənətə gəlişinizə nə mane olub?
– Mən Adanada doğulmuşam. Uşaq ikən təhsilimi davam etdirmək istəyirdim. Lakin böyük qardaşımın məni çox qoruması və qısqanması səbəbindən məktəbdən çıxarıldım, həm də orta məktəbin son sinfində. Təhsil almayınca atam da məni kiçik yaşda ərə verdi. Mən bu evliliyə qarşı idim, çünki təhsilimi davam etdirmək istəyirdim. Amma… Ailə qurduqdan sonra uşaq yaşında ana oldum. Ardıcıl olaraq 3 övladım dünyaya gəldi. Onlarla böyüdüm. Həyat sürprizlərlə doludur. Ailə həyatımız da elə başqalarının müdaxiləsi ilə bitdi və ayrılmaq məcburiyyətində qaldım. Yenidən ata evinə döndüm, lakin həyat şərtləri daha ağır oldu. Atam xəstə idi və ölümə məhkum idi. Qardaşlarım əvvəl təhsil almağıma mane olduqları kimi, bu dəfə də işləməyimə qarşı çıxdılar. Anam isə gücsüz idi – daha əvvəl də onlara mane ola bilməmişdi. Övladlarım bir-birindən ayrı düşdü. Gah atalarında, gah da mənimlə qalırdılar. Çox məşəqqətli günlər yaşadım. Ölməyi belə düşündüm. Atamın evində olduğum müddətdə orta təhsilimi tamamladım – liseyi bitirdim. Bu dəfə isə atam məni özümdən yaşca xeyli böyük insanla evləndirdi. Yenə də razılığım olmadan ailə qurmağa məcbur edildim. Lakin ikinci evliliyim dövründə xəyallarıma doğru yavaş-yavaş addımlamağa başladım. Bursada konservatoriyada təhsil alırdım, eyni zamanda dram bölümünü də qazandım. Yəni, hər ikisinə qəbul oldum və təhsil aldım. Həyat yoldaşım təhsil almağıma mane olmadı, amma işləməyə qoymurdu: radio aparıcılığında müsabiqədən keçmişdim, lakin icazə vermədi. Sonra FLASH TV-də xəbər aparıcılığı üçün şans yarandı, yenə razılıq vermədi. İllərlə adətlərin qurbanı oldum: “Birincidən ayrıldı, ikincidən də ayrılıb” dedi-qoduları edilməsin deyə ata-anam boşanmama qarşı çıxdı. Mən də susmaq məcburiyyətində qaldım. Heç xoşbəxt olmadım… Artıq bıçaq sümüyə dirənmişdi. Dözə bilmirdim. İllər sonra, sonuncu kursda təhsil alarkən ailəmə qarşı çıxdım və evliliyimə son verdim. Bu dəfə ata evinə dönmədim və İstanbulda təhsil alan kiçik oğlumun yanına getdim. Oğlum İstanbul Universitetinin film fakültəsində təhsil alırdı. Uşaqlarımın ən böyüyü olan digər oğlum Bursada qaldı, qızım isə artıq ailə quraraq İngiltərəyə köçmüşdü… Müxtəlif işlərdə çalışmağa başladım. Ancaq dram fakültəsində də təhsil aldığım üçün filmlə bağlı təcrübəm vardı və filmə çəkilmək istəyirdim. Ən böyük təcrübəm isə atam idi – kamança ifaçısıydı. O, eyni zamanda filmlərə də çəkilmişdi, tamaşalarda oynamışdı. Mənim bu peşəyə aşiq olmam da uşaqlıqdan onun tamaşalarını izləyərkən baş vermişdi. Onların hamısını xatırlayıram… Atam Ferit Adalar vaxtilə Yılmaz Güney və Nebahat Çehre ilə ”Çirkin kral affetmez” filmində çəkilib və vəkil rolunu canlandırıb.
İlk dəfə “Kurtlar vadisi” serialında bir bölümdə rola çəkildim. Sonra “Ekmek teknesi”ndə rol aldım və bununla yolum açıldı. Hər kəs məni çox bəyəndi və kiçik rollarla sənətimə başladım. Xarakterik rolları canlandıraraq tələb olunan aktrisa oldum. Bununla da xəyallarımı gerçəkləşdirməyə başladım və bir daha ailə qurmağı düşünmədim. Artıq 4 nəvəm var…
– Dediniz ki, “Kurtlar vadisi” və “Ekmek teknesi” seriallarına çəkilməniz sənət həyatınızda tramplin oldu və siz daha tez-tez xarakterik obrazları canlandırmaq üçün dəvətlər aldız. Bəzi aktyorlar dramatik rollara çəkilirsə, heç bir zaman komediya janrında olan filmdə çəkilmirlər, yaxud da əksinə. “Öyle bir geçer zaman ki”nin “Döne”si, “Leyla ile Mecnun”un “Çiçekçi”si, “Siccin 4″ün “Rahime”si… rollar, xarakterlər müxtəlif. Sizə çətin olmur ki, bir xarakterdən digərinə keçmək, mənimsəmək və tamaşaçıya onu qəbul etdirmək?
– Bəli, mənim rollarım müxtəlif olub. Bildiyiniz kimi, 3 sezon davam edən “Leyla ile Mecnun”da “Çiçekçi” rolunu oynadım. Davam etmə müddətinə görə ən çox bu komediya filmində rol almışam. “İhlamurlar altında” da iki il çəkilmişəm. Televiziya filmlərində də, sinema filmlərində də çox rol oynamışam. Bir çoxuna qonaq aktrisa olaraq dəvət edilmişəm. Kanal 7-nin dini filmlərində çəkilmişəm… Amma qorxu filmlərinə də çox çəkilmişəm. “Siccin 4” filmindəki roluma görə Rusiyada – Moskvada mükafat aldım. Mən heç bir zaman eyni tip rol oynamadım. Düşünürəm ki, aktyor bütün rolları, xarakterləri canlandırmağı bacarmalıdır. Əgər sən gerçək aktyorsansa, bunu edə bilməlisən.
-Məşhurların, sənət adamlarının gündəlik yaşam tərzi digərlərindən fərqli olur. Sizdə də fərqlidirmi?
-Mən heç bir zaman roluma qapanıb qalmaram. O, mənim libasımdır – çıxardaram, asaram. Sonra mənəm – sıradan bir insan. Həyatın içində yaşadım, belə deyim, heç vaxt akvariumda yaşamadım.
-Bəzi mənfi rollarınızla bağlı tənqidlərə, qınağa tuş gəldinizmi?
-Nəinki qınandım, hətta bir dəfə döyüldüm də. “Öyle bir geçer zaman ki”də “Cəmilə”ni döydüyüm üçün (Döne -red.) məni Tarabyada qəhvəxanadakı insanlar küçəyə çıxıb döydülər…Mənfi rollarımı isə onlara nifrət edərək oynayıram. Canlandırdığım obraza çox nifrət edirəm və bu, mənə rolumu ifa etməkdə kömək edir. Hər aktyorun bir strategiyası var – mənimki də budur.
– Təbii ki, film çəkilişləri o qədər də asan başa gəlmir. Tamaşaçı hazır məhsulu görür, lakin kadrarxası məqamlardan xəbərsizdir. Bir zamanlar mətbuatdan oxumuşdum ki, “Xəlifə Ömərin Doğuluşu” filmində çəkiliş zamanı qorxunc bir hadisə baş verib. Bir it sizə sarı qaçmış və siz çəkiliş aparılan evin pilləkənlərindən yıxılaraq xəsarət almısınız… Hətta qolunuzun sındığı deyilirdi.
Sebahat xanım, çoxlu sayda qorxu filmlərinə çəkilmisiniz. Çəkilişlər zaman hansısa yaddaşdan silinməyəcək hadisə, fors-major hal yaşandımı?
-Elədir, qorxu filmlərinin çəkilişi zamanı pis xatirələrim, anlarım var. Məsələn, “Siccin 4” filminin çəkilişi aparılan villada yuxarı mərtəbədə hamam səhnəsi vardı. Hamam səhnəsini çəkdikdən sonra əlimi yumaq üçün ora getmək istədim. Çox ürpəndim, qorxudan təkbaşıma ora qalxa bilmədim. O məkan yaddaşımdan silinmir, heç unuda bilmirəm. Onu da deyim ki, Türkiyənin ilk qorxu serialında mən də rol oynamışam. Filmdə bir ərazidə gecəyarısı – saat 3-4 arası görüş səhnəsi çəkilməliydi. Çəkiliş heyəti ərazidən çox uzaq məsafədən çəkiliş aparırdı. Mən tək dayanmışdım və arxa tərəfdən çaqqalların səsləri gəlirdi… Çox qorxdum, o dərəcədə ki, kameraların üstünə sarı qaçdım. Ona görə adamları kolluğun arxasına düzdülər və mən özümü güvəndə hiss edib rolumu oynaya bildim.
-Yəni, qorxu filmlərinin çəkilişi aktyorlar üçün heç də asan başa gəlmir və bu filmlərə çəkilən zaman onların özləri də qorxu hissi yaşayırla (Gülürük. Sebahat xanım bildirir ki, çəkilişin aparıldığı məkanlarla bağlı belə hallar yaşanır)…
-Çəkiliş meydançalarında bəzən hər hansı bir səhnəni təkrar-təkrar lentə alırlar, yəni rejissorlar ürəyi istəyən nəticəni əldə etməyə çalışırlar. Yəqin ki, bu da aktyorla asan başa gəlmir…
-Mən Boluda bir filmə çəkilirdim. Bəlkə də yerdə bir metr qar vardı. Gecə yağan qarı rejissor daha fərqli, daha gözəl gördü və təkrar-təkrar lentə aldırdı. Onun fikrincə, hər yağan qar əvvəlkindən daha gözəldi… On dəfəyədək qarın içində gedib-gəldim. Yerimək belə çətin idi – qar dizə çıxırdı. Çəkilişlər bitdikdən sonra bir ay xəstəxanada yatdım. Donma təhlükəsi baş vermişdi. Yenə Ərzincanda film çəkilişindəydim. Havanın temperaturu mənfi 21 dərəcə idi. Ayaqlarım qarda qalmaqdan bütün üzüm yara oldu. Mən adanalıyam və soyuq havaya öyrəncəli deyiləm. Amma bütün bunlara rəğmən, sənətimi çox sevirəm. Film çəkilişləri mənim üçün nəfəs kimidir. Çəkiliş olmayanda, sanki yaşamıram, ölürəm: damarlarımdakı qan kimi – həyat bağım! Bəzən deyirəm ki, mən zövq aldığım bir işi yerinə yetirirəm, hələ üstəlik buna görə mənə pul da verirlər (Gülürük). Çalışmağı sevirəm, libaslarımı, hətta çantalarımı özüm tikirəm, bəzək əşyalarımı özüm hazırlayıram. Film çəkilişlərində lazım olduğu zaman libasımı belə tikə bilərəm. Bunlar da sevdiyim işlərdir. Xalq Sənət Mərkəzində əl sənətləri ilə bağlı 4 il müəllimlik etmişəm. Gözəl şəkillər çəkirəm, kiçik hekayələr yazıram…
-Siz küllərindən doğulmuş bir qadınsız. Həyat sizi çox imtahana çəkib. Bugünkü həyatınıza da gec atıldınız, çətinlikləriniz də çoxdur, amma çox dinamiksiniz, səyahətləri sevirsiniz, ətrafınıza müsbət enerji saçırsınız və sizi dinlədikcə əzminizə, həyata olan sevginizə valeh olmamaq olmur.
-Elədir, mən məndən oğurlanmış həyatımı zorla, əzmimlə, dişimlə-dırnağımla geri aldım və Sebahat Adalar brendi yaratdım. Bütün bunlara nail olarkən, əsla başqasının haqqını itirmədim, tapdamadım, ədalətdən yan keçmədim, heç bir sənət dostumun rolunu əlindən almağa çalışmadım. Tam əksinə, çəkildiyim filmlərə onları da dəvət etdim.
– Söz düşmüşkən, sənət aləmində bir-birinin yoluna daş qoyanlar çox olur. Sizə qarşı belə əngəllər oldumu?
-Bəli, belə halları çox yaşamışam, hətta kimlər olduğu da mənə məlumdur: bəzən razılaşma olub, amma son anda çəkilişə başqası çağırılıb. Həm də çox gözəl seriallarda… Ad çəkmirəm. Sektorla bağlı dedi-qodu etməyi də sevmirəm. Kimsənin eyibini də üzünə vurmaram. Onu da bildirim ki, filmlərdəki rollarımı özüm səsləndirmişəm. Uzun illər dublyaj sahəsində də fəaliyyətim olub.
-Siz həm də teatr aktrisasısınız. Tamaşalarda oynamağa nə zaman başladınız?
-İlk rolum məktəb illərində olub. Professional olaraq İstanbulda “Karanfil” teatrının səhnəsində yer almışam. Ümumilikdə, cəmi iki teatrda çalışmışam. “Dünya malı dünyada qalır” komediya tamaşasında, “Ailə sandığı”nda baş rollarda oynadım. “Fələstində bir gün” tamaşasında ana rolu vardı, onu canlandırmışam. Ümumilikdə, 10-dək tamaşada rol almışam. Elə tamaşam olub ki, illərlə oynamışıq.
-Bəzən aktyorlar hansısa filmə, seriala çəkilirlər sonra bildirirlər ki, ödəniş olunmayıb, yaxud zəhmət haqqı düzgün qiymətləndirilməyib. Filmdəki rolunu yarımçıq qoyub gedən də olur, illər sonra bunu dilə gətirən də… Yəni belə hallara rast gəlinir. Belə bir haqsızlıqla üzləşdizmi?
-Bəli. Bir neçə işlər oldu ki, pulumu ala bilmədim. Məsələn, ikisindən tamamilə ödəniş almadım, amma birindən bir neçə seriyanın pulu verilmədi. Hələ də alaram ümidi ilə gözləyirəm…
– Sebahat xanım, Türkiyədə necədir, çəkiliş üçün ödənişini alan aktyorlara sonradan film yerli, yaxud xarici ölkələrdəki sinemalarda yayımlandığı üçün faiz ödənilirmi? Belə deyək, film satılırsa, əməyi keçənlər də yada salınırmı?
– Çox vacib nöqtəyə gəldiniz. Bu isə ondan ibarətdir ki, qanunda müəllif haqları qeyd olunub, amma tətbiqdə yoxdur. İstehsalçı bunu ödəmir. Məsələn, o film hər yayımlananda ödənilməlidir. Filmlər var ki, illərdir yayımlanır, amma heç bir aktyor buna görə pul almır. Sən film çəkilişində istehsalçı şirkətdən razılaşdığın pulu alırsan, bununla da məsələ bitdi. Əgər istehsalçı filmi televiziya kanalına, yaxud Netflix-ə satarsa, istehsalçı şirkət pulunu alacaq, amma bundan aktyorlara pay düşməz. Xarici ölkələrdən isə alınır, amma hər ölkə də vermir. Amerika, Yunanıstan, Yaxın Şərq və ərəb ölkələri əsla ödəmir. Məsələn, mən vəkilimlə danışdım. O ölkələr deyir ki, siz də bizim filmləri yayımlayırsınız, bizə müəllif haqqı verirsizmi, biz də verək? Amma İspaniya, İtaliya, təzəlikcə Macarıstan da verir. Mənin kolleqalarım var ki, xarici ölkələrdən müəllif haqqı ala biliblər. Mənim çəkildiyim “Leyla ile Mecnun” serialı dünyada ən çox izlənilən komediya filmləri sırasında beşinci olub. Çinə də satılıb. Amma ödəniş olmadı.
-Bizdə sənət adamlarına müxtəlif adlar verilir. Bu adları alan şəxslər dövlətdən hər ay pul alırlar. Dövlət seçilən sənətkarları mükafatlandırır, hətta bəziləri evlə təmin olunur və ilaxır. Məsələn, xalq artistləri 300 manat, əməkdar artistlər 200 manat, Prezident təqaüdçüləri 1700 manat aylıq təqaüdlə təmin edilirlər. Sizdə bu sahədə vəziyyət necədir?
-Türkiyədə “Dövlət sənətçisi” adı var. Mədəniyyət Nazirliyi tərəfindən verilən addır. Məsələn, Yıldız Kenter, Türkan Şoray, Macide Tanır, Hülya Koçyiğit və bəzi sənətçilər o adı alıblar. Həmin adla təltif olunanların dövlətdən maaş aldığını eşitmişəm, amma bunun davamlı verilib-verilmədiyini bilmirəm.
-Sonuncu çəkildiyiniz film “Muamma-Cenin-i-Cin” oldu. Bu qorxu filmini Türkiyədə də tamaşaçılar kino mərkəzlərində seyr edirlər, yoxsa artıq televiziyada yayımlanıb?
– Hazırda Türkiyə tamaşaçıları da bu filmi sinemalarda izləyir. Filmin çəkilişləri bitir, amma sinemalarda da sıraya qoymaq xeyli vaxt alır. Yəni növbəni gözləməlisən. Onu da açıqlayım ki, bu filmi çəkən mənim fanatım imiş. Bütün filmlərimi izləyib. Məhz bu filmdə də mənim çəkilməyimi istəyib. Bu filmdəki rolum indiyədək oynadığım rollarımdan ən kiçiyidir – çox da aktiv biri deyil. Amma onlar mütləq mənim çəkilməyimi arzuladılar və mən də qəbul etdim. Prodüser Emre Coşkun idi. Bu filmdən sonra Emre bəy daha iki film çəkdi, hələ nümayiş olunmayıb. Hər iki filmdə də mən oynayacaqdım. Mənə zəng etdi, lakin şəhər kənarındaydım. İzmirdən qayıdarkən qatar qəzası baş verdi. Həyatını itirən də oldu. Mən bu səbəbdən gecikdim. Onlar başqa bir aktrisa ilə razılaşası oldular. Amma Qala gecəsinə məni də dəvət etdilər.
– “Muamma-Cenin-i-Cin”də rolunuzun çox kiçik olduğunu söylədiniz, amma rolun böyüyü-kiçiyi olmaz deyirlər, əsas tamaşaçını inandırmaqdır. Sevdirmək, yaxud nifrət etdirmək…
-Düzdür, mən oynadığım digər qorxu filmlərində də kiçik rollarım var. “Üç Harfliler: Adak”, “Siccin 4″dəki qədər tanıdan qorxu filmi deyildi.
– Əslində, sizin kiçik dediyiniz rolunuz da çox uğurlu idi. Siz o aktrisalardansınız ki, mimikanız, baxışlarınız belə danışır…
-Təşəkkür edirəm. Mimiklərimdə çox bacarıqlıyam. Bir rejissorum belə demişdi: “danışmağına ehtiyac yoxdur, gözlərinlə oynayırsan”… 10-dan çox qorxu filminə çəklimişəm. Şəxsən özüm qorxu filmini seyr etmirəm. İlk dəfə idi ki, Qala gecəsində filmimi izlədim. Yəni filmin Qalası keçirilirsə, gedib baxıram, yoxsa televizor qarşısında əyləşib əsla baxmıram. Mən rola çəkilərkən qorxu filmi kimi çəkilmirəm ki, sadəcə rolumu oynayıram. Sonradan effekt, səs, işıq və digər əlavələr edilir. Ondan sonra qorxulu filmə çevrilir.
-Sizin heç bir toxunuş olmayan, təbii cizgiləri olan simanıza baxıram və düşünürəm ki, bu sualı mütləq verməliyəm. Bu gün nəinki sənət adamları, iş qadınları, evdar xanımlar belə müxtəlif plastik əməliyyatlar etdirirlər, yaxud kosmetoloji prosedurlardan yararlanırlar. Son dövrlər bu, daha geniş vüsət alıb. Məlumdur ki, qadınlar yaşlanmağı heç sevmirlər. Sənət adamı olaraq siz bu barədə nə düşünürsünüz?
-Bu yaşa qədər heç bir plastik əməliyyat etdirməmişəm və etdirməyi də planlaşdırmıram. Çünki güzgüyə baxanda, bütün yaşlarımı görmək istəyirəm.
-Sebahat xanım, sevdiyiniz işlə məşğul olmaq üçün çox böyük mücadilə vermisiz, ağır həyat şərtləri ilə üzləşmisiz. Bilirəm ki, açıqlamaq istəmədiyiniz qayğılarınız də var. Dünyada bir çox qadın öz həyatı ilə bağlı müstəqil qərar verə bilmir. Elə bütün dünya miqyasında olduğu kimi, bizim cəmiyyətimizdə də zamanın keçdiyini, geriyə dönüşün olmadığını düşünən, təhsili, peşəsi olmayan yüzlərlə ümidsiz qadın var. Fürsət düşmüşkən, burdan onlara hansı mesajı vermək istərdiniz?
-Mənim qadınlara tövsiyəm: əsla təslim olmasınlar! Cənnət xəyallarının gerçəkləşdiyi yerdir. Ona görə də hər kəs xəyalının ardınca qaçsın. Mən indi 71 yaşındayam, amma özümü 30-40 yaşında hiss edirəm. Hələ də dinamikəm, çalışmağı sevirəm, həyatı sevirəm. Yəni, həyat insan övladına bir hədiyyədir. Bunun qiymətini bilməyimiz lazımdır. Öncə ana, sonra qadınam, amma mən insanam. Bunu dərk etməliyik – qadın, ya kişi fərq etməz, öncə insanıq. Kölə deyiləm, uşaqlarımı da böyüdəndə onları öncə insan olaraq tərbiyə verdim. Mən bu günümə görə Mustafa Kamal Atatürkə borcluyam. Əgər Atatürk olmasaydı, biz qadınlar dəyərsiz olaraq yaşayacaqdıq. Dünyada bir çox ölkədən öncə -1934-cü ildə bizə seçmə-seçilmə (qadınlara səs vermək və seçilmək hüququnun verilməsi – Atatürk islahatlarından biri – red.) haqqı verdi. Ona bu gün də minnətdarıq. Can Azərbaycanı çox sevirəm. Burdakı dostlarımı çox sevirəm. Özümü evimdəki kimi hiss edirəm. Hamıya sevgilərimi göndərirəm.
– Mən də öz həyat hekayənizi bizimlə bölüşdüyünüz üçün oxucularımız və redaksiyamızın kollektivi adından sizə dərin təşəkkür edirəm.
Yasəmən Məmmədli