6 Aprel 2026 / 18:32

Ali Məhkəmənin dolaşıq və müəmmalı plenum qərarı…

Yaxud, akademik vicdan-görünməyən təhlükə…

…Elm cəmiyyətin ən etibarlı dayaqlarından biri hesab olunur. Akademik dərəcə isə yalnız bilik, zəhmət və dürüstlük nəticəsində qazanılmalıdır. Lakin illərdir hamının bildiyi, amma çoxlarının susmağa üstünlük verdiyi bir həqiqət var: bəzi hallarda bu dərəcələr kitabxanalarda deyil, pulla “hazırlanır”. Pul müqabilində dissertasiya yazan, elmi işləri “paket xidmət” kimi təqdim edən şəxslər artıq akademik mühitin kölgə sektoruna çevriliblər. Mətbuatda bu barədə çox yazılıb… Bu bazarın da öz qaydaları, öz “mütəxəssisləri” və hətta öz müştəriləri var. Nəticədə isə elmi dərəcə bilik göstəricisi olmaqdan çıxaraq, maddi imkanların göstəricisinə çevrilir. Amma məsələ yalnız bu qədər deyil…

***

…Bu yazıda diqqətimizi bu yollarla elmi dərəcə əldə edənlərə deyil, məhz bu sistemi yaradan və yaşadan “oturuşmuş alimlərə” yönəltmək istəyirik. Öz fəaliyyətlərini çox zaman sosial səbəblərlə — ailəni dolandırmaq zərurəti ilə-əsaslandıran bu şəxslər, əslində, elmin nüfuzuna ciddi zərbə vururlar. Daha təhlükəli olan isə bu prosesin uzunmüddətli nəticələridir.

Ən təhlükəli tərəf ondadır ki, bu “xidmətləri” göstərənlər zaman keçdikcə akademik sistemin içində yüksəlir, vəzifə tutur, qərar verən mövqelərə gəlirlər. Dünən başqası üçün dissertasiya yazan bu gün elmi siyasəti müəyyən edən şəxsə çevrilir. Və burada artıq sual yaranır: belə bir sistemdə elm kimə xidmət edir? Keçmiş isə unudulmur. Bir vaxtlar eyni qeyri-rəsmi fəaliyyətlərin iştirakçıları olan şəxslər sonradan fərqli statuslara sahib olurlar: biri institut direktoru, yaxud yüksək statuslu şəxs olur, digəri isə sistem daxilində qalaraq “kölgə təsirini” qoruyur. Dünənin əməkdaşlığı bu günün asılılığına çevrilir. Və bu asılılıq artıq səssiz deyil- o, idarəetməyə diktə edir. Çünki keçmişdəki qeyri-qanuni fəaliyyətləri onların özləri üçün zəif nöqtəyə çevrilir. Nəticədə həmin şəxslər keçmiş “tərəfdaşlarının” təzyiq və şantaj alətinə çevrilir və bu yolla yeni qanunsuz fəaliyyətlərə cəlb olunurlar. Nəticədə institut daxilində qərarlar artıq elmi məntiq və qanun çərçivəsində deyil, kölgədə qurulan münasibətlərin diktəsi ilə formalaşmağa başlayır. İdarəetmə şəffaflığını itirir, institutun nüfuzu isə səssiz, amma sürətlə aşınır. Belə bir mühitdə direktor artıq yalnız rəhbər deyil- o, keçmişin girovuna çevrilmiş fiqurdur. Onun hər addımı görünməz təzyiqlərin kölgəsində atılır.

Bu isə artıq fərdi məsələ deyil. Bu, akademik mühitin daxilində kök salmış, idarəetməni içəridən çürüdən və elmi institutların nüfuzunu sarsıdan sistemli böhrandır. Belə hallar elmin öz mahiyyətini təhlükə altına qoyur və cəmiyyətin akademik institutlara olan etimadını ciddi şəkildə zədələyir.

Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli  Plenum Qərarını kim yazıb və ya yazdırıb?

Onu da deyək ki, AMEA-dan redaksiyaya neçə gün əvvəl Akademiyanın institutlarından biri ilə bağlı bu tip vəziyyət haqqında ciddi məlumatlar daxil olub. Hələlik ad çəkmədən demək kifayətdir: susmaq çıxış yolu deyil. Əksinə, susqunluq problemi dərinləşdirir. Bəzən ən çətin, amma ən ləyaqətli qərar-getməkdir… Unutmaq olmaz ki, elm yalnız bilik istehsalı deyil, o həm də mənəvi məsuliyyət, etik prinsip və ictimai etimad deməkdir! Elm vicdandır… Və vicdan itirildiyi yerdə elmin adı qalır, özü isə yox olub gedir…

***

…Deyəsən mövzudan kənara çıxdıq: Yasamal rayon Məhkəməsində şərəf və ləyaqətlə bağlı bir məhkəmə prosesi gedir. Hər iki tərəf, yəni iddiaçı ilə cavabdeh bir institutun iki əməkdaşıdır. Bəlkə də ilk dəfə idi ki, belə bir məhkəmə prosesini izləyirdik: iki iddiaçı və iki cavabdeh! Yəni, ortda qarşılıqlı iddia tələbi var!

***

…Yazıda tərəflərin nə özlərinin, nə də çalışdıqları institutun adını çəkməyəcəyik. Bunu bizdən tərəflərin vəkilləri israrla xahiş etdilər. Niyə? Çünki ortada hələki kimsənin dəqiq baş aça bilmədiyi bir sənəd var- Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli Plenum qərarı!

Yeri gəlmişkən, neçə hüquqşünas və vəkildən bu Qərarın açmasını xahiş etsək də, hamısı başını tutub dedi ki, əgər o qərarı qəbul etmiş Plenumun baş mərkəzi-Ali Məhkəmənin sədri hüquqşünas deyilsə, biz daha nə şərh verək?! Yəni, bu Plenum qərarı absurddur, anlaşılmazdır, ziddiyyətlidir!

Gəlirik mətləbə: haqqında bəhs etdiyimiz məlum məhkəmə prosesinin də olmasına səbəb elə həmin o Plenum Qərarıdır. Mahiyyətini qısa təqdim edirik: demək, bir tərəf(indi cavabdehlərdən biri) Prezident Administrasiyasına məktub yazıb ki, bəs, çalışdığım institutda qalmaqallara məhkum edilmişəm, burda qanunsuz əməllər, korrupsiya hüquqpozmaları və s. var, kömək edin, tədbir görün! Və ərizəçi həmin şikayətdə institut direktorunun və bir qadın iş yoldaşının da adını çəkir. PA rəsmiləri həmin şikayəti tədbir görülməsi üçün barəsində şikayət edilən institutut direktorunun üstünə göndərirlər.

Deyə bilərsiniz ki, elə niyə? Haqqında şikayət edilən özü haqqında necə tədbir görə bilər??? Bunu biz də bilmirik, amma bəlkə də düz ediblər ki, bu tip şikayəti bu cür göndəriblər.

Elə aləmi qatan və aranı qarışdıran da direktor olub. Necə: deməli, bu daxili kargüzarlıq qaydalarına uyğun yazılmış və PA-dan tədbir görülməsi üçün geriyə göndərilmiş məktub direktor tərəfindən şikayətdə adı çəkilən digər qadına-işçiyə ötürülür. Həmin qadın da indi şərəf və ləyaqət davası ilə məhkəməyə müraciət edib!

***

Sual olunur: qaşınmayan yerdən qan çıxartmaq direktora lazım idimi?! Bəlkə də lazımdır, amma baxır hansı qrup qanı çıxarmaq lazımdır!

Praktikada və qanunvericilikdə aydın və aşkar yazılıb ki, şərəf və ləyaqət, işgüzar nüfuz o vaxt ləkələnmiş hesab edilə bilər ki, bu məlumat hardasa-kütləvi çıxışda, ictimai söhbətdə, el arasında, lap belə, hansısa media subyektində(qəzet, sayt, TV və ya sosial medi(şəbəkə) yayılmış olsun. Axı burda məktub yazılır PA-ya ki, tədbir görülsün, bu məktub PA-dan direktora göndərilir. İnstitutun kollektivində müzakirə edilmir, mediada yayılmır, divar qəzetində belə işıqlandırılmır, falçılara danışılmır, bəs niyə mübahisə predmeti olur??? Deməli, direktor bilərəkdən, yaxud bilməyərəkdən bu daxili məktubu başqa birinə ötürür, həmin o başqa birisi də faydalı işlə məşğul olmur deyə, vaxt öldürüb maaş alması üçün nəsə etməlidir axı, üz tutur məhkəməyə. Hələ bir özünə vəkil də tutur. Bu vəkili yaxşı tanıyırıq… Heç olmasa, o vəkil bu qadına başa salmır ki, hər gün PA-ya yüzlərlə şikayət məktubu göndərilir, həmin məktublar tədbir görülməsi üçün aidiyyəti üzrə harasa göndərilir… Belə çıxır ki, hər gün məktub əlinə keçən və barəsində orda nəsə yazılanlar məhkəmələrə üz tutmalıdır? Təkrar edirik, məktub çap olunmayıb, yayılmayıb… Deməli, bundan sonra divara üz tutub nəsə danışmaq da olmaz! Bu ifadə və ya söz azadlığının qıfıllanması deylmi?!

***

Bəs niyə belə bir vəziyyət yaranıb, yaxud yaradılıb? İndi çalışaq qısa da olsa izahlayaq.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” hələ 14.05.1999-cu il tarixli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdu: “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz».

Sonra deyilir: «Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.

Göründüyü kimi, əgər məlumat hardasa yayılarsa, o, şərəf və ləyaqətin ləkələnməsi sayıla bilər. Kargüzarlıq haqqında mövcud qaydalara uyğun olaraq PA-ya göndərilmiş məktub institutut direktorunun özünə, diqqət edin, məhz tədbir görülməsi üçün, məktub yazanın cəzalandırılması üçün yox, göndərilibsə, burda məlumatın yayılması necə baş vermiş olub???

 Azərbaycan Mülki Məcəllənin 23.2-ci maddəsinə görə isə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən… məlumatlar media resurslarında yayılmışdırsa, həmin media resurslarında da təkzib edilməlidir və s.

 Amma bu dəfə ortaya daha bir absurd və hüquqi anlaşılmaz məsələ çıxır: Ali Məhkəmədə hesab edirlər ki, «Təkbətək edilən təhqir, böhtan mənəvi zərərə səbəb olmaqla mülki məsuliyyət yaradır». Amma baxın, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı Qərarına əsasən, «…məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır».
Amma bu dəfə Azərbaycan Ali Məhkəməsinin Plenumunda hesab ediblər ki, əksinə, «Təkbətək edilən təhqir, böhtan mənəvi zərərə səbəb olmaqla mülki məsuliyyət yaradır». Plenum bunu əsaslandırıb məhkəmələrə qərar qəbul edərkən tutalqa verilməsi üçün “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli belə bir qərar da qəbul etmişdir. Plenumun qərarında əsaslandırma belədir: «…Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər(Kiməsə barmağın hansısa bir füqurunu göstərdinsə, o səni yüz faiz məhkəməyə verə bilər. Oxu:«Təzadlar») . Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır.  İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır. Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni, yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər».

Vayyyy… Di gəl baş aç görüm «…ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni, məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə… bilər».

Onda Plenumun bu qərarını yazan hüquqşünas(hakim, mütəxəssis, professor…) deyə bilərmi ki, məsələn, tutalım Həsənlə Hüseyin  təklikdə mübahisə edirlər… Sonradan Hüseyn məhkəməyə və ya polisə şikayət verir ki, Həsən onu söydü, təhqir etdi, yaxud ləyaqətini alçaldan ifadə işlətdi, «üç barmağın həndəsi fiqurunu» göstərdi və s. İndi məhkəmə və ya təhqiqatçı bu yalan-palan şikayəti necə sənədləşdirməli və araşdırmalıdır? MPM-yə görə ortada maddi sübut və şahid olmalıdır. Nə sübut var, nə də şahid! Bu isə o deməkdir ki, kimin kiminlə xoşu gəlməsə, zəhləsi getsə, əlinə alacaq Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli Plenum Qərarını və cumacaq məhkəməyə, yaxud polisə! Nəticə nə olacaq, bilirsiz?! Bax yuxarıda haqqında bəhs etdiyimiz məhkəmə işi kimi: vətəndaş bundan sonra heç bir yerə şikayət məktubu yazmayacaq ki, həmin şikayət barəsində şikayət etdiyi adamın əlinə keçər və sonra qalar məhkəmələrdə!

***

…Adı çəkilən Plenum qərarını yazan hüquqşünasa (professora, hüquq elmləri doktoruna) və bu qərarı yazdıran Ali Məhkəmənin sədri cənab İnam Kərimova sadə bir sadə sual veririk: «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 11-ci maddəsində («Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi») yazılır: «11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağandır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz».

İzahımız: vətəndaş çalışdığı idarə (şirkət, komitə, nazirlik, institut) rəhbərliyindən bu və ya digər(korrupsiya hüquqpozmaları da daxil) formada yuxarı orqanlara şikayət yazır, sonra həmin şikayət, bir daha diqqət edin, tədbir görülməsi üçün, şikayət verənin cəzalandırılması üçün yox, idarəyə göndərilir… Və şikayətçi təqib olunur, məhkəməyə verilir(yuxarıdakı məhkəmə prosesindəki kimi), onda Ali Məhkəmənin yuxarıdakı məlum 24 dekabr 2025-ci il tarixli Plenum Qərarı necə olacaq???

Nəhayət, bildiyimiz qədər, Yasamal rayon Məhkəməsindən nümunə çəkdiyimiz məlum mülki iddiaya məruz qalmış(özü həm də qarşılıqlı iddia vermiş) institut əməkdaşı PA-ya yazdığı ərizəsində həm də bu və ya digər formada qanunsuzluqdan, korrupsiya hüquqpozmalarından yazıb.

 İndi hüquqşünaslar və vəkillər desin: belə olan halda, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 11-ci maddəsi absurd məhkəmə çəkişməsinə tuş gəlmiş həmin institut əməkdaşının arxasında durmalıdırmı??? Duracaqsa, onda PA-dan gələn məktubu digər iddiaçıya ötürən direktor məsuliyyət daşıyacaq(«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 11-ci maddəsinə görə), yox, durmayacaqsa, onda qanunvericilik aktı ilə Plenumun qərarı arasındakı bu ciddi zidddiyyətə görə kim cavabdehlik daşımalıdır???

Lap sonda: əgər bu ziddiyyət aradan qaldırılıb hüquqi izah və ya aydınlıq gətirilməsə, vətəndaşların harasa şikayət yazanda bir yolu qalmış olacaq: mütləq ərizəyə rəhbərin korrupsiya əməllərindən də yazsınlar ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 11-ci maddəsi onların arxasında dayansın!!!

Sitatın sonu…

«Təzadlar»ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!