15 Avqust 2025 / 08:10

Alyaska sammiti Ukrayna ilə bağlı irəliləyiş olmasa belə, Rusiyanın qələbəsi olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün Alyaskada görüşü tərəflər Ukrayna məsələsində irəliləyiş əldə etməsələr belə, Rusiyaya diplomatik qələbə qazandıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Danışıqlar faktının özü artıq Moskvanı beynəlxalq təcriddən çıxarır və Trampa şəxsən təsir etmək şansı verir. Sammit həmçinin NATO-nu parçaladı və Moskvaya qarşı yeni sanksiyaların tətbiqini təxirə saldı. İki həftə əvvəl Tramp Rusiyanın atəşkəslə razılaşmadığı təqdirdə məhdudiyyətlərlə hədələsə də, indi təzyiqlər azalıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov cümə axşamı bildirib ki, Putin və Tramp arasında görüş avqustun 15-də Ankoricdə Moskva vaxtı ilə saat 22:30-da başlayacaq, görüş təkbətək söhbətlə açılacaq və burada liderlərdən başqa, yalnız tərcüməçilər iştirak edəcək. Onun sözlərinə görə, görüşün mərkəzi mövzusu Ukrayna böhranının nizamlanması olacaq, lakin Putin və Tramp həmçinin “sülh və təhlükəsizliyin təmin edilməsi üzrə daha geniş vəzifələrə, eləcə də aktual və ən aktual beynəlxalq və regional problemlərə” toxunacaqlar.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!