Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ana ürəyi illər öncə hiss etmişdi: həkim oğlunun fədakarlığı onlarla əsgər ailəsinin ocağını sönməyə qoymayacaq
İllərlə çəkilən zəhmətin bəhrəsi olaraq, oğlu tibb fakültəsini qazananda ana bu xəbəri adi bir sevinc, iftixar kimi deyil, gələcəyə yönəlmiş məsuliyyət, müqəddəs amal kimi qəbul etmiş, elə həmin gün demişdi: “Mən bilirəm ki, övladım gecəsini gündüzünə qatacaq, taleləri ona əmanət edilən insanları qurtaracaq, xəstələrə şəfa verəcək”.
Və zaman doğrudan da ananı haqlı çıxardı. Oğlu Çingiz ağ xalatı əyninə geyindiyi, Hippokrat andı içdiyi andan etibarən xilas olunacaq həyatlar naminə mərd meydanına atıldı.
Homer “İliada”da qeyd etdiyi kimi, bəzən bir həkimin gücü onlarla döyüşçüyə bərabər olur. Çünki döyüşçü yalnız bir nəfər olaraq vuruşur, həkim isə çoxsaylı yaralı əsgərləri yenidən həyata və sıraya qaytarır, səfləri möhkəmləndirir.
Məhz bu mənada, səhra cərrahı kimi tanınan, müharibə meydanlarında neçə əsgəri ölümün caynağından alan Çingiz Dəmir oğlu min illər əvvəl də haqqında yazılan, təsvir olunan bugünkü canlı həkim qəhrəmanımızdır. Dövrlər dəyişir, andlar, əqidələr, ideyalar isə mahiyyətini, müqəddəsliyini, gərəklilyini itirmir, ən başlıcası da bəşəri dəyərlər, insan, insanlıq faktoru ilə bağlı.

Çingiz Quliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin baş cərrahı, tibb xidməti polkovniki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin müəllimidir.
Çingiz həkim Lənkəran rayonunda, mavi dalğalı Xəzər və yaşıl meşəli Talış dağlarına yaxın, onlarla təbibin və digər ziyalıların, zəhmətkeş insanların yetişdiyi Mamusta kəndində dünyaya gəlib. Təhsilə, tibb elminə olan maraq və seçimini də elə bu mühitdə müəyyənləşdirib. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Həqiqi hərbi xidmətini sovet ordusunda keçirib. Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib. Türkiyənin nüfuzlu Gülhanə Hərbi Tibb Akademiyasında (GATA – hazırkı Gülhanə Tədris və Araşdırma Xəstəxanası) ixtisasartırma, uzmanlıq və təlim keçib. Peşə fəaliyyətinə Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının III cərrahiyyə şöbəsində başlayıb. Hərb tibbinin sirlərinə yiyələnərək, özünü təcrübəli müharibə həkimi kimi formalaşdırıb. Bəli, müharibə həkimi kimi…
Yağı düşmənin Azərbaycana vurduğu Qarabağ yarasının ağrısını ürəyinin dərinliklərində daşıyırdı. Amma əmin idi: ərazilərimizin erməni işğalından azad olunacağı gün mütləq gələcək. Və o gün yetişəndə əvvəl bir vətəndaş, sonra isə tibb işçisi kimi vətənin dərdinə məlhəm olacaq, üzərinə düşən borcunu layiqincə yerinə yetirəcək.

Çingiz Quliyev müharibə dəhşətlərini ağxalatı kimi çiyinlərində daşıyıb. 1993-cü ildə 28 yaşlı həkim “N” hərbi hissəsinin ön hospitalında xidmətə könüllü qoşulub. Səngərlərdə, əsgərlərin düşmənlə üzbəüz olduğu, atışmaların getdiyi qaynar nöqtələrdə cərrah bıçağı ilə “vuruşub”, hərbi-tibb xidmətinin idarə edilməsində mühüm rol oynayıb.
Hələ o vaxt gənc tibb xidməti zabiti qürurla belə deyirdi: “Mən vətənin azadlığı naminə hər cür əzaba dözməyə hazıram. İgid yaralılara şəfa verdikcə ömrüm uzanır. Ön hospitalda kimsənin məndən inciməsini, apardığım cərrahiyyə əməliyyatlarından narazı qalmasını eşitməmişəm. Bu, əlbəttə, məni çox ruhlandırır. 75 dəfə birincili cərrahiyyə işləməsi, 14 döş qəfəsi əməliyyatı aparmışam. Qarın boşluğu, yuxarı və aşağı ətraflarda icra etdiyim travmatik amputasiyaların sayı isə 30-a çatıb. 1993-cü ilin yanvarında Yanşaq kəndi uğrunda gedən döyüşdə sol-sağ gicgah payından kor qəlpə yarası almış Xaqani adlı bir zabitə sanki ikinci ömür bəxş etdim. Bu, ən uğurlu əməliyyatlarımdan biri idi. Cəmi 45 dəqiqə çəkdi. Nə tələsdim, nə də hər hansı səhvə yol verdim. İndi Xaqani sağdır.”
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlu Vətən savaşında neçə-neçə igid hərbçinin məhz Çingiz həkimin hünəri sayəsində həyatda qaldığını sevinc hissi ilə vurğulayır.

Bundan təsirlənən döyüşçü çiyin-çiyinə vuruşduğu səngər yoldaşının qəhrəmanlığını şeir misralarında əbədiləşdirib. Həmin şeir təkcə sözlərdə qalmamış, ona həzin bir nəğmə də bəstələnmişdir:
Son nəfəsli məqamlarda yaralıya sağ can verən,
Nər döyüşçü damarına öz ürəyindən qan verən,
Çox halal cərrah postunda nər ordumuza şan verən,
Hünəri ilə sevilən Dəmir oğlu Çingiz həkim!..
…Kim bilmir ki, zaman nədir?! Axı, o daim cavandır,
Düşmən sülhə söz versə də, onun hay dili yalandır,
Müzəffər cəsur ordumuz yağılara çox yamandır,
Mərd yolundan heç dönməyən Dəmir oğlu Çingiz həkim!
Cəsur həkimin Birinci Qarabağ savaşından başlanan hərbi yolu 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin iyulundakı Tovuz hadisələrindən, sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsindən və 2023-cü ildə reallaşan antiterror əməliyyatlarından keçir. O, həmkarları ilə birlikdə bütün bu döyüşlərdə güllə və mərmi yağışı altında yaralı əsgərlərə, mülki əhaliyə təkcə tibbi deyil, eyni zamanda mənəvi dayaq olmuşdur. Və haqlı olaraq düşünürdü ki, xilas edilən hər bir insan həyatı erməni işğalçılarına və onların havadarlarına qarşı qazanılan mənəvi və tarixi qələbədir.

Bu düşüncə ilə yaşayan həkim böyük ümidlə gözlədiyi Qarabağın azadlığında öz dəyərli xidməti payını ortaya qoydu. Şəxsi rahatlığından imtina etdi, insanları xilas etməyi hər şeydən üstün tutdu. Müharibə onun ləyaqətini, fədakarlığını və qəhrəmanlığını bir daha göz önünə sərdi.
Qanlı döyüşlərdə Çingiz Quliyev təkcə fiziki yaraları sağaltmayıb, eyni zamanda ürək dağlayan ağrı-acıların şahidi olub, onları vücudunda hiss edib. Daim soyuqqanlığı ilə seçilən peşəkar həkim-zabit iştirakçısı olduğu bir hadisəni isə heç vaxt unuda bilmir: “Əsgərlərdən biri sağ çiyin və sol mil-bilək oynağından qəlpə yarası almışdı. Cərrahi müdaxilə zamanı əsgərin həm bazu oynağını ekzartikulyasiya etməyə, həm də sağ mil-bilək oynağını amputasiya etməyə məcbur oldum. Hospitalda xəstəni yoxlamağa gedəndə anası da yanında idi. Əsgər üstümə cumub məni qucaqlamağa çalışdı. Bu zaman ananın “Heç olmasa, balamın bir əlini saxlayardın, həkim…” sözlərinə qarşılıq olaraq heç bir cavab tapa bilmədim. Bu, bəlkə də həyatımın ən çətin anı idi.”
Döyüş səhnələrində hadisələri canlı yaşayan qəhrəmanımız sözünə belə davam edir: “Ordumuz müasir silahlarla təchiz edildiyi kimi, hərbi səhiyyə də ən son tələblər səviyyəsində və peşəkar həkim heyəti ilə qurulmuşdur. Feldşerlərdən tutmuş həkimlərə qədər hamı təmas xəttində yaralı əsgərlərə ilkin tibbi yardım göstərirdi. Ağır qanaxmaların qarşısını almaq üçün jqut, turniket kimi həyati vacib vasitələrdən istifadə edilirdi. Keçilən təlimlər nəticəsində əsgərlər çətin anlarda özlərinə tibbi yardım göstərməyi də bacarırdılar. Bunlar isə Vətən müharibəsində şəxsi heyətin daha az itki verməsində mühüm rol oynadı.”

Ötən il Çingiz həkimin 60 yaşı tamam oldu. Geriyə baxdıqda aydın görünür ki, bu ömrün böyük bir hissəsinə həm ağır günlərin ağrısı, həm həkim-hərbçi andının məsuliyyəti, həm də qələbənin haqlı qüruru sığışıb. Ölkənin ərazi bütövlüyü uğrunda nümayiş etdirdiyi fədakarlıq dövlətin diqqətindən kənarda qalmayıb.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tərtib edilmiş zəngin xidməti xasiyyətnamədə qeyd olunur: Quliyev Çingiz Dəmir oğlu xidmət etdiyi müddət ərzində özünü savadlı, iradəli, nizam-intizamlı hərbi qulluqçu kimi göstərmişdir. Tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirə bilmiş, mürəkkəb şəraitdə düzgün qərar verməyi bacarmışdır. Tibbi kadrların yetişdirilməsində, hərbi tibb elminin inkişafında, hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması və müalicəsində böyük töhfələri olmuşdur. Kollektiv arasında hörmətə malikdir. Xasiyyəti təmkinli, sakitdir. Fiziki cəhətdən sağlamdır.
Ç.Quliyev Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə “Ali”, “Usta” məharət dərəcəsi, “Silahlı Qüvvələrin 10 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 90 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Silahlı Qüvvələrin 95 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir.
Bundan əlavə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı”, “Silahlı Qüvvələrin 100 illik yubiley”, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medallarına, Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə “Tibb xidməti polkovniki” hərbi rütbəsinə, sonuncu dəfə isə 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin adından “Vətən uğrunda” medalına layiq görülmüşdür.
Ağxalatlı qəhrəmanımızın vətənə xidməti bu gün elmi və pedaqoji sahədə davam edir. Səhra hospitalının əməliyyat masası arxasında insan həyatı üçün savaşan cərrah indi auditoriyada gənc həkimlər yetişdirir. Onlara hərbi-səhra cərrahiyyəsinin sirlərini öyrədir, elmi tədqiqatlar aparır, dərsliklərin hazırlanmasında akademik fəaliyyət göstərir.

Savadlı və vicdanlı hərbi həkim ordunun döyünən ürəyidir. Hərbi tibbi təhsil sahəsində müqəddəs müəllimlik missiyasının Cingiz kimi peşəkar həkimlərin üzərinə düşməsi olduqca vacib amildir. Bu, gələcəkdə hərbi tibb tariximizin zəngin ənənələrinin etibarlı əllərdə olacağına əminlik yaradır.
Yazıya əlavə: Məqaləni hazırlayarkən bir həqiqət bir daha aydın oldu. Anaların övladları ilə bağlı duyğuları onları heç zaman yanıltmır. Çox uzun illər öncə Çingiz həkimin anası da oğlunun taleyi ilə bağlı dəqiq bələdçilik etmişdi.
Ana ürəyi duymuşdu: həkim oğlunun fədakarlığı sayəsində onlarla ailənin ocağı sönmədi, anaların qəlbi dağlanmadı.
44 günlük Vətən müharibəsində hərbi qulluqçularımızla yanaşı, 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən cəsurcasına şəhid olmuşdur. Şəhidlərimizin əziz ruhu şad olsun, bu od-alovdan sağ çıxan qəhrəmanlarımızın canı salamat qalsın!
Cəvahir Xudaverdi,
jurnalist