Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bütün vətəndaşlarımız kimi jurnalistlərimiz də qanunlar qarşısında cavabdehdirlər. Lakin zənn edirik ki, məhkəmə jurnalistə qarşı yüngül cəza tətbiq edə bilərdi. Çünki əksər vaxtlarda jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr sui-istifadə edirlər. Həm də jurnalistlərin peşə fəaliyyəti ilə bağlı məqamlara xüsusi ittiham deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edilib”.
Müraciətdə həmçinin jurnalistin ailə vəziyyətinin nəzərə alınaraq dövlət başçısından onun barəsində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsinə kömək göstərilməsi xahiş olunur.
Elə dünən də dövlət başçısı İlham Əliyev “Təzadlar” qəzetinin baş redaktorunun həbsinə reaksiya verib. Bu barədə APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib.
Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq. Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib.
A.Mərzilinin müdafiəsi ilə bağlı həyat yoldaşı Yasəmən Məmmədova Media Hüququ İnstitutuna müraciət edib. Bundan sonra baş redaktorun müdafiəsi ilə sözügedən institut məşğul olacaq. Bu barədə bizə açıqlamasında institutun hüquqşünası Xalid Ağəliyev məlumat verdi. Onun sözlərinə görə, artıq müqavilə bağlanıb. Çox güman ki, baş redaktorun müdafiəsi ilə institutun direktoru Rəşid Hacılı məşğul olacaq: “Həm Azərbaycan qanunvericiliyinə, həm də dövlətin qoşulduğu Avropa konvensiyalarına görə Asif Mərzilinin həbsi ədalətsizlikdir. Hazırda onun müdafiəsi istiqamətində ilkin addımları atmaq məqsədilə iş materialları ilə tanışlığa, növbəti proses üçün vəsatətlərin hazırlanmasına başlamışıq”.
X.Ağalıyev həmçinin bu gün hökmün surətini alacaqlarını və bütün sənədləri yığandan sonra apelyasiya şikayəti verəcəklərini dedi.
Baş redaktorun həyat yoldaşı Y.Məmmədova isə günün əvvəlində bizimlə söhbətində bildirdi ki, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla əlaqə saxlayıb: “O, Bakıda olmadığını bildirdi, gələn kimi görüşəcəyik”.
Y.Məmmədova həmçinin dedi ki, A.Mərzilinin hüquqlarını müdafiə komitəsinin yaradılması da nəzərdə tutulub.
Bu arada Azərbaycan Jurnalistlər Birliyi də məhkəmənin A.Mərzili və müstəqil jurnalist Zümrüd Məmmədovaya qarşı çıxardığı hökmü pisləyən bəyanatla çıxış edib. AJB bu faktı məhkəmələr vasitəsilə söz azadlığına, müstəqil jurnalistikaya və ümumulikdə KİV-ə qarşı basqı kimi qiymətləndirir. Bəyanatda qeyd olunur ki, mövcud faktın Avropa Birliyinin xüsusi nümayəndəsi Piter Semnebinin və AŞ PA məruzəçilərinin Azərbaycanda olduğu dövrə təsadüf etməsi təəssüf doğurur. Bəyanatda deyilir ki, jurnalistlər tənqidə görə mətbuat nümayəndələrinin həbsinə qəti etiraz edirlər.
Təxminən günorta saatlarında isə media cameyəsində A.Mərzilinin bu gün azadlığa buraxılacağı ilə bağlı məlumat yayıldı. Məlumata görə, dövlət başçısı İ.Əliyevin məsələyə operativ müdaxiləsi nəticəsində bu gün baş redaktorla bağlı apelyasiya şikayətinə baxılacaq. Onun elə məhkəmə zalındanca azadlığa buraxılması ehtimalı var.
Bu xəbəri baş redaktorun ailəsi ilə dəqiqləşdirmək istədik. Həyat yoldaşı Y.Məmmədova da ona bu yöndə xəbərlərin verildiyini dedi. “Ölüb yenidən dirilən insan kimiyəm” deyən müsahibimiz hesab edir ki, olayın bu cür cərəyan etməsinə İ.Əliyevin operativ və ədalətli reaksiyası səbəb olub: “Mən də eşitmişəm ki, sabah (bu gün) məhkəmə olacaq və apelyasiya şikayəti veriləcək. Mən də öz adımdan öncə prezidentə, sonra isə bu işdə əməyi keçən hər kəsə, xüsusilə də Mətbuat Şurasının sədri Əflatun Amaşova, bütün jurnalistlərə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, İlham Əliyev bundan sonra söz azadlığının qarantı olacaq. Bu açıqlaması isə jurnalistikada durğunluq yaratmayacaq, tənqidi jurnalistika ölməyəcək”.
Çox güclü qadın olduğunu deyən Y.Məmmədova məhkəmə günü ağlayan vəziyyətdə çəkilən şəkillərə görə təəssüflənir. Onun sözlərinə görə, A.Mərzili türmədən çıxan kimi onu məhz bu şəkillərə görə məzəmmət edəcək: “Bu günə qədər ona çoxlu sayda hücumlar olub, uşaqlarını məktəbdən qovublar. O, nə qədər cəsurdusa, mən də bir o qədər cəsuram. Ağladığımı görənlər deməsinlər ki, bu qadın zəifdir. Həmin o göz yaşları hisslərə qapılan, sevdiyi, pərəstiş etdiyi, canının yarısını türməyə göndərən bir qadının ani reaksiyası idi”.
Xatırladaq ki, Yasamal rayon Məhkəməsi bu il aprelin 7-də Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası əsasında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin 1 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
“Yeni Musavat”, 09.04.2009.