Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbələrin yerləşdirilməsi mərhələsi yekunlaşıb.
Arzuladıqları ali məktəblərə – ixtisaslara qəbul olaraq auditoriyalara ilk addımın, tələbə olmağın sevincini yaşayanlar da var, keçid balından az bal toplayaraq (yüksək bal toplasa da, kənarda qalanların dərdi bir başqadır…) qəm-qüssəyə qərq olanlar da.
Qeyd edək ki, sonuncularla bağlı abituriyentlərdən də çox valideynlər narahatlıq keçirir, övladlarının ali məktəbə qəbul olmamasını özlərinə dərd edirlər və xaricdə təhsillə bağlı araşdırmaya başlayırlar.

Əslində, imtahansız, yalnız attestatla xaricdə (həmçinin ölkəni tərk etmədən) təhsil vəd edən bəzi təhsil şirkətlərini axtarmağa belə gərək yoxdur. Fürsəti qaçırmayan bu şirkətlər ali məktəblərə qəbul imtahanları bitər-bitməz, fəallığı artırırlar və diplom bazarı açanların internetdəki şirnikləndirici reklamları özü gəlib səni tapır: Ukrayna, Rusiya Türkiyə, Polşa, İtaliya və bir çox ölkələrin prestijli universitetlərində (yazdıqlarına görə) həm bakalavr (attestatla), həm magistratura, həm də doktoranturaya (imtahansız) qəbulla bağlı səhifələrlə qarşılaşırsan. Elə şirkət var ki, doktoranturaya qəbulla bağlı elanında “4 dostunu gətir, xidmətimiz sənin üçün ödənişsiz olsun”, yaxud “Ölkəni tərk etmədən Ukraynada təhsil al”, “Türkiyə və Rusiya universitetlərinə qəbul haqqı 1000 AZN, təhsil haqqı 1200 AZN”, “24 saat ərzində qəbul, 50% təqaüd imkanı, təhsil haqqı 500 AZN-dən başlayan qiymətlə”” və s. çağırışlar edilir, “mallarını” sərgiləyirlər.
Ölkə xaricində attestatla ali təhsil Azərbaycanda tanınan diploma sahib olmaq, həm də 4 il müddətinə hərbi xidmətdən möhlət deməkdir…

Sirr deyil ki, ali məktəblərə qəbul ola bilməyən oğlanların valideynləri övladlarının xaricdə təhsil alması üçün daha çox əl-ayağa düşürlər: bu bir gerçəklikdir ki, valideynləri oğullarının 18 yaşı tamam olan kimi hərbi xidmətə çağırılacağı ilə bağlı məsələ daha çox narahat edir, nəinki tələbə adı qazanmamaları! Belə valideynlərin fikrincə, ya oğlu hərbi xidmət üçün hələ kiçik yaşdadır, ya da ilyarımlıq xidmət dövründə 11 ildə (əslində repetitor xidmətinə çəkilən xərcləri) qazanmış olduğu biliklərini də unudacaqlar və bu səbəbdən universitetə qəbul olmaq istəklərini itirəcəklər…
Bu qism valideynlər bu qəbildən arqumentlərini əsas gətirərək borc-xərclə də olsa övladlarının xaricdə təhsil almasına çalışırlar.
Bəli, ölkə xaricində attestatla ali təhsil Azərbaycanda tanınan diploma sahib olmaq, həm də 4 il müddətinə hərbi xidmətdən möhlət deməkdir! Ona görə də təhsil şirkətləri bu bəndi mütləq şəkildə vurğulayırlar.

Təəssüfləndiric məqam isə odur ki, bu diplomu çox zaman 100 baldan aşağı nəticə göstərən abituriyent alır və 4 il sonra ölkəyə dönüb 500, 600 və daha çox bal toplayan – yerli universitetlərdən məzun olanlardan özünü daha üstün hesab edir: çünki o, xaricdə təhsil alıb!
Ən pisi: belələri sabah həmin diplomla savadlı kadrlara rəhbərlik də edəcək, “karyeraları” ilə onları kölgədə də qoyacaq. Elə tibb sahəsində ölkədə meydan sulayan bəzi həkimlər kimi…
Bu gün həmin təhsil şirkətlərini, universitetləri efirlərdə, sosial media hesablarında reklam edənlər sırasında tanınmış şəxslər də az deyil. Bu isə vətəndaşlarda güvən yaradır. Halbuki bütün təhsil şirkətləri eyni dərəcədə etibarlı olmaya da bilər.
Elə sosial şəbəkə istifadəçilərinin də xaricdəki təhsillə bağlı elanlara münasibəti birmənalı deyil, bəzi ölkələrdəki universitetlərə attestatla qəbulla bağlı neqativ fikirlər də yer alır.
Məsələn, facebook sosial şəbəkə istifadəçilərindən Elnarə Kərimova qeyd edir ki, onlar (tələbələr) illərini böşuna xərcləyəcəklər və sonda diplomsuz geri dönəcəklər.
SİTAT: “Oxuya bilməyəcəklər, ya yarımçıq qayıdacaqlar, ya da 7 il sonra diplomsuz dönəcəklər. Türkiyədə YÖS-lə (Yabancı Öğretim Sınavı – red.) qəbul olanlar çətinliklə oxuyur, xüsusilə tibb, mühəndislik, hüquqşünaslıq çox çətindir. Savadı olmayan və çalışqan olmayan şəxs diplom ala bilmir. Oğlum orda YÖS-lə qəbul olub, oxuyub, təcrübəmiz var”.
Bu cür fikirlər yüzlərcədir.

“Təzadlar”a müraciət edən bir valideyn isə bildirdi ki, ötən il oğlu Bakıda dövlətə məxsus universitetlərdən birini bitirdikdən sonra xəstələndiyi üçün magistraturaya imtahan verə bilməyib və bu zaman təhsil şirkətlərindən birinə mürciət edəsi olublar.
Həmin şirkət onlardan illik təhsil haqqının yarısının ödənişini alaraq İtaliya universitetlərindən birinə qəbulla bağlı müqavilə imzalayıb. Müqavilədə qeyd edilib ki, qarşı tərəf 2 ay müddətində fikrini dəyişərsə, pul geri qaytarıla bilər. Təbii ki, həmin şəxslər illik təhsil haqqı 1500 manat olan universitetdən vaz keçməyiblər. Həmin müddət bitdikdən sonra şirkət təhsil haqqının daha baha qiymətə başa gələcəyini bildirir. Tələbənin valideyni həmin qiymətin baha olduğunu bildirərək etiraz etdikdə isə həmin müqavilənin müddət şərti ona göstərilib və ödəmiş olduqları 700 manat geri qaytarılmayıb…

Nəzərinizə çatdıraq ki, hər il xaricdə təhsil almış yüzlərlə məzunun diplomu ölkəmizdə tanınmır.
Məsələn, 2024-2025-ci il tarixlərində TKTA-ya edilən 4 998 müraciətdən 921-i rədd edilib. Yəni 921 nəfərin diplomu tanınmayıb və o şəxslərin illəri, zamanı havaya sovrulub, maddi vəsaitləri boşuna xərclənib. TKTA-nın diplomlardan əsas imtina səbəbləri aşağıda qeyd edilənlərdir:
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma; Autentik (həqiqi) olmayan diplom; Ekvivalenti olmayan ixtisas; Təhsilalma forması; Akkreditasiyasız ali təhsil müəssisəsi.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərin təhlili nəticəsində yerli akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı ictimaiyyət üçün açıqdır və dərc edilib. Hər bir vətəndaş xarici ölkədə təhsil almaq üçün yol almamışdan öncə bu siyahı ilə tanış ola bilər.
Bu gün bizi belə mütəxəssislər qane edirsə, bəlkə ölkədə ali məktəblərin sayını artıraq və bura DİM-in qəbul imtahanlarından zəif nəticə göstərən bütün abituriyentləri toplayaq…
Lakin diplomları Elm və Təhsil Nazirliyi tərəfindən yüz faiz tanındığı deyilən – attestatsız, yaxud ölkəni tərk etmədən diplom vədi verən universitetlərlə bağlı məsələ də suallar doğurur:
Əgər xaricdə attestatla hər hansı bir ali təhsil ocağına qəbul olunmuş məzunun diplomu Azərbaycanda tanınacaqsa, niyə bu təhsilvermə üsulunu ölkəmizdə də həyata keçirməyək? Bu tələbələrin attestatla xaricdə təhsil alaraq ölkəmizə gətirdikləri diplom (savad) bizlər üçün qənaətbəxşdirsə, yetərlidirsə, belə abituriyentlərin eyni qəbul şərtləri ilə ölkədə təhsil almasına niyə şərait yaradılmasın? Minimal keçid balı toplamayan birisi xarici universitetlərdə özünü realizə edə bilib ölkəmizə savadlı mütəxəssis kimi dönə bilirsə və nazirlik (TKTA) onlara yaşıl işıq yandırırsa, Azərbaycandan xaricə axıdılan milyonlarla vəsait niyə ölkədə qalmasın, niyə həmin tələbələr xaricdə minbir əziyyətlə yaşamaq məcburiyyətində qalsınlar (Bir çox valideynin bahalıq səbəbindən, əsasən qış aylarında onlara ərzaq, qovrulmuş ət, dərman belə göndərməsi də sirr deyil…)?
Bu gün bizi belə mütəxəssislər qane edirsə, bəlkə ölkədə ali məktəblərin sayını artıraq və bura DİM-in qəbul imtahanlarından zəif nəticə göstərən bütün abituriyentləri toplayaq… Əmək bazarında işəgötürənlər də bilsin ki, həmin universitetlərin məzunları attestatla qəbul olunanlardır: seçim də şəffaf olsun… Bununla da “fərqli təcrübələr, yeni dostlar, karyera fürsətləri, xarici dil öyrənmə, Avropanın istənilən nöqtəsində uğurlu karyera” vəd edən təhsil şirkətlərinin, “stessə son, imtahansız təhsil” deyə car çəkənlərin də “təhsil bazarını” bağlayaq – xeyir vətənə qalsın!
Bəli, hər il xarici ölkə universitetlərinə imtahansız qəbul olaraq məhz diplom əldə etmək üçün üz tutanlarımızın sayı az deyil. Düşünürəm ki, bu, gecəsini gündüzünə qataraq min bir əziyyətlə tələbə adını qazananlara qarşı haqsızlıqdır. Və buna bir əncam çəkilməlidir. Yoxsa, biz bunun ağrısını gələcəkdə lap çox hiss edəcəyik.
Yasəmən MƏMMƏDLİ