10 Sentyabr 2025 / 12:37

AYNA parklamalarını yeni açılan iş yeri kimi təqdim edirsə…

…Bakıdakı tıxaclardan danışanda ilk növbədə rayonlardakı işsizlik dilə gətirilir… Və haqlı olaraq təklif edilir ki, əgər rayonlarda qazanclı iş yeri olarsa, insanlar ailəsinə çörək qazanmaq üçün Bakıya üz tutmaz. Amma və lakin…
***
Dövlət Statistika Komitəsinin saytında belə bir rəqəmə rast gəldim: 2025-ci ilin yanvar-iyun ayları ərzində, yəni 6 ayda Azərbaycanda 48,9 min yeni iş yeri açılıb. Və qeyd edilən 6 ayda yeni iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi ŞirvanSalyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Gəlirəm mətləbə: Bakıdakı harda gəldi qurulan parklamaların lövhəsində parklama sahəsinin sayı-sırası göstərilir. Məsələn, aşağıdakı fotoşəkildə bu sıra 90233 göstərilir. Sürücülər bilir ki, hər belə parklama ərazisinə təxminən 1 nəfər təhkimdir. Onlar parklamaya mesaj yazıb göndərmədən dükana girib 1-2 dəqiqəlik nəsə axtaran, yaxud yol kənarındakı aptekdə filan dərmanın olub-olmadığını soruşan sürücülərə dərhal 20 manat cərimə yazmaq üçün pusquda dururlar… 90233! Mən təkcə bu parklamanı götürdüm. Yəqinki 100 mini ötən parklama yerləri də var. Belə çıxır ki, DSK AYNA-dan daxil olan statistik arayışı nəzərə alıb təkcə 6 ay ərzində 50 minə yaxın yeni iş yeri yaradılmasını hesabatına salıb! Yuxarıdakı rəqəmlərə bir də baxın: 50 min yeni iş yerinin 74,4 faizi Bakıdadır!
Amma burda bir ciddi problem var: söhbət etdiyimiz parkovşiklərin əksəriyyətinin rayondan gələn şəxslər olduğunu hamı bilir…  Onların, yaxşı mənada, danışıq tərzi, ləhcəsi, geyimi və s. bunu diqtə edir.
Bir tərəfdən deyirik ki, rayondan Bakıya axının qarşısını alaq, digər tərəfdən rayon gənclərini Bakıya cəlb edirik ki, kənd-kəsəyi at, toyuq-cücəni sat, gəl Bakıda parkovşiklik elə! Niyə bölgələrdə bu 50 minlik iş yeri yaratmaq olmur??? Xüsusən də kənd təsərrüfatı sahəsində? Fermer Teyyub Abdullayevin İsmayıllıdakı torpaq sahəsində ən azı 30-40 nəfər taxıl əkib becərməklə, dən üyütməklə məşğul olurdu. İsmayıllının Prezidentdən şiddətli töhmət alan(Sərəncamla) başçısı Nahid Bağırov 5 ildir həmin torpağın əkilməsinə imkan vermir ki, guya bu dəmyə torpaqda eşşək və keçi otarmaq lazım imiş, T.Abdullayev isə taxıl əkib! Halbuki həmin torpağa görə hər il əkin üçün vergi ödənilib 20 ildir…
***
Yəni, belə misallar çoxdur… Bəzi rayonlarda isə icarə müddəti bitmiş torpaqların təkrar icarəsi üçün Dövlət Əmlak Komitəsində nələr edilir, bu ayrıca mövzudur.
Demək istəyirəm ki, iş yerləri daha çox maddi istehsal xarakterli olmalıdır ki, quzu əti 23 manat, mal əti 15 manat, yumurta 50 qəpik… olmasın! Bakıda rəhmətlik Leninin vaxtında salınmış küçələrə cumub yolu daraldaraq parklama yaradıb “yeni iş yeri” yaratdığını elan etməyə nə var ki!
Asif MƏRZİLİ  
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!