15 Mart 2026 / 14:52

Ayşəgül Kösa Sərt: “Alma desəm çıx!”-TÜRKİYƏDƏN “TƏZADLAR”A SALAMLAR İLƏ…

Ayşəgül Kösa Sərt: “Alma desəm çıx!”

(Hekayə-nağıl)

…Günəşli, xoş bir gündə uşaq bağçasının yaxınlığında oturmağımın ən möhtəşəm tərəfi sanki uşaqlığıma qayıtmağım idi. Qarşı tərəfdə oynayan uşaqlara tamaşa edərkən ofisiantin birdən “Buyurun, xanım, nə istərdiniz?sualından diksindim. Çay, zəhmət olmasa. Açıq, süzgəcli Qarabuğdayı, şən ofisiant dönüb gedəndə bir az uca səslə: “Yanında biskvit də olsun!” – dedim.

O qırmızlı paltarlı qız lap elə “mən” idim! Uşaqlığımın xeyli hissəsi və yeniyetmə çağlarım, arxa tərəfi uzaqdan dənizə baxan bağçalı bir evdə keçmişdi. Məmur ailəsində böyüməyin fərqli cəhətlərindən biri də təyinatüzrə – müxtəlif iqlimlərin hökm sürdüyü yerlərdə, ayrı-ayrı evlərdə yaşamaqdı. Yaşadığım bu sahil şəhərində köçdüyümüz ilk ev ikimərtəbəliydi. Pəncərələrində jalüz yox idi, amma qutu kimi bir ev idi. O evdə uzun illər yaşadıq. Daş döşənmiş küçədə bir vaxtlar kilsə olan tarixi məscidlə üzbəüz yerləşən cazibədar bir ev idi bu, küçə lampası gecələr otaqlarımızı işıqlandırırdı. Gəlib-gedənimiz çox olurdu. Uzun illər qaldıq oevdə. Uşaqlıq səslərimizin əks-sədası divarlarında, ayaq izlərimiz pillələrində qaldı o evin. Oraya köçdüyümüz ilk günü dünən olubmuş kimi xatırlayıram. Bir yük maşınına yüklədiyimiz əşyalarımız və arxada qoyduğumuz quraq bir Anadolu şəhərinin zehnimizdə həkk etdiyi xatirələrlə bu sahil şəhərinə gəlib, bu evdə məskunlaşdıq.

Xəritədə Qara kimi qeyd etdiyim dənizi ilk dəfə gördüyüm vaxt, çox güman ki, 1990-cı illərin əvvəlləriydi. Həyatımda mühüm hadisələrin baş verdiyi, əhəmiyyətli dəyişikliklər yaşadığım və yaşayacağım sentyabr ayı idi. Məktəblər açılmışdı. Biz buraya köçəndən sonra qonşu evlər də canlandı. Təhsilimi davam etdirdiyim məktəb ikinövbəli sistemlə işləyirdi. Mən səhər növbəsində idim. Günorta evə gələndə ev işlərinə bir az kömək edir, sonra gün ərzində etdiyim hər şeyi anama danışırdım. Birlikdə süfrə düzəldirdik. Yaz aylarında süfrəni bağçada açırdıq. Portağal, albalı, maqnoliya, əncir və hündür şam ağacları olan bu bağçalar yazda gül-çiçəyin ətri və quşların cəh-cəhi ilə, qışda isə lopa-lopa qar yağan mənzərə ilə dolu bir yer idi. Bir gül ağacının altına qoyduğumuz masanı hazırlayarkən anama gün ərzində baş verənləri danışır, bəzən mahnı oxuyur, hərdən də şeirsöyləyirdim. Anam məni çox diqqətlə dinləyirdi. Dediklərimin vacib olduğu hissinə qapılırdım.

Anam, danışdığım ağlıma gələn əhvalatlardan, uşaqcasına, bəlkə də,çox vaxt mənasız və əhəmiyyətsiz olan mövzulardan zövq alırdı, ya da ən azı, özünü elə göstərirdi. Uşaqlıq xatirələrimin ən önəmli qəhrəmanı – anamdır. Anam şair ruhlu bir qadındır. Şeiri, sənəti, estetikanı, həyatı çox sevir. Çiçəkləri… Bağçada gül-çiçək becərirdi. Ağ zanbaqlar, rəngarəng ətirşahlar, jasmin, ətirli otlar və dibçəklərdə bənövşələr olurdu. Adını saya bilmədiyim hələ çox şeylər vardı… Qış idi və bir səhər oyananda gördük ki, hər tərəf appaq qarla örtülüb. Bağda, qarın altında qalan ətirşahlar necə də canlı, rəngarəng idi ruha sevinc bəxş edən güclü duruşları vardı. Anam həmişə bizə həyatın qarına, çovğununa və fırtınalarına baxmayaraq, bax bu ətirşahlar kimi daim mülayim, zərif, gözəl, şən və möhkəm qalmağı nəsihət edirdi.

Qarabuğdayı, tosqun gənc ofisiant boş stəkanı götürməyə gələndə daldığım şirin xəyalımdan bir anlığa ayrıldım. Başımın işarəsiylə çayımı təzələməsini istəməyimi anlayacaq tərzdə gülümsədi, bu romantik ovqatımı pozmadan uzaqlaşdı.

Günəşin lap iliklərimə işlədiyi xoş bir duyğu ilə xəyallarıma elə qaldığım yerdən davam etməyə başladım. Buraya köçdüyümüz il atam bağçamızla əməlli-başlı məşğul olmuşdu. Kolluğa dönən budaqları budamış, çör-çöpü yığışdırıb təmizləmişdi. Payızın ayazında, qışın boranında qırılan,yazda budanan albalı, portağal, heyva və əncir ağaclarının budaqları uşaqlığımın səmasını bəzəyirdi. İkinci ilin yazında portağal ağacının düz qarşısında bir albalı fidanı da bitmişdi.

Uşaqlığımızda fidan əkmək yalnız məktəb fəaliyyəti deyildi. Yəni torpaqla əlləşəndən sonra gecələr şirin bir yorğunluqla yuxuya gedirdikyuxularımızda o fidanlarda qırmızı almalar yetişdirirdik. Yaşadığımız məhəllə şəhərin ən qədim yaşayış məskənlərindən idi. Eyni küçəyə baxan,qapıları üzbəüz olan bu evlər, demək olar ki, bir-birinin eyni idi və bağın içərisindəydi. Üç tərəfdən orta hündürlükdə divarlarla əhatə olunan evimiz yenə eyni üslubda olan digər evlərlə bağ qonşusuydu.

Bunlar iki və üçmərtəbəli evlər idi, yəni ayrıca bir mühəndislik üslubuvə ya memarlıq xüsusiyyətləri olmayan evlər. Bu evlər çöldən alçaq və sadəgörünsələr də, içəri girəndə, otaqlarına baxanda möhtəşəm bir sevgisəltənətinin büllur saraylarına bənzəyirdi. Divarları səbir, incəlik və rahatlıqla hörülmüşdü, sədirinə, divanına sevgi hopmuşdu. Divarlar alçaq, ürəklər geniş, dostluqlar isə zəngin idi.

“Apartman” adlanan binalarda konserv qutusu”ndakı kimi yaşanan ömrün keçdiyi həyat tərzinin bu qədər geniş yayılmasından əvvəl, yəni nənə, nəvə və gəlinlərin hələ də bir dam altında böyük ailə olaraq birlikdə yaşaya bildikləri zaman küçəyə açılan o qapılardan uşaqların şən səs-küyü axardı. Budaqlarına qağayıların, sərçələrin, qaranquşların qonduğu ağaclarla bəzənən bağçalarda, həyətlərdə nənələr mürəbbə, şoraba, tomat hazırlayırdılar.

Məhəllə arasında çilingağac, misket, qaçdı-tutdu, dəsmal-dəsmal, stop və s. kimi oyunlar oynayan uşaqların geydikləri dizi, dirsəyi küçə davalarında cırılmış köynək və şalvarlarının yerinə çox vaxt böyük bacı-qardaşlarının artıq əyninə gəlyən paltarları olurdu. Və bunlar anaların bacarıqlı əllərində israf olunmadan kiçik düzəlişlərlə azyaşlı uşaqların əyninə uyğunlaşdırılırdı. Yumurta baqqaldan, çörək isə nisyə dəftərinə yazdırılaraq alınırdı. Gəzintilər zamanı məktəblilərin gətirdiyi yeməklərlə açılan geniş süfrələrdə yemək yeyiləndən sonra sevinclə oyunlar oynanılırdı.

Məhəlləli olma mədəniyyəti, “bizim məhəllə” duyğusu və birliyi vardı. Uzun illər yaşadıq o məhəllədə. Oradan köçdükdən sonra keçmişimizin izlərini qorumaq, xatirəsini şirin bir yuxu kimi xəyalımda saxlamaq üçün nə vaxtsa, təsadüfən oradan keçəndə belə, o küçəyə girməmişəm. Və bir müddət sonra məcburiyyətdən dolayı on il üstündə yeridiyim həmin o daş döşənmiş küçələrdən keçməli oldum və bununlaürəyimdə dilə gətirə bilmədiyim bir həsrət ağrısı duydum.

Və sonralar o küçədən hər dəfə keçəndə köhnə evimizin qapısında – artıq mən olmayan bir “mən”i – qış günəşində gözlərini qıyıb kameraya baxan bir qız uşağı görürəm. Bəzənib-düzənmiş, saçları atquyruğuyığıb, poza verən bir qızcığazdır bu. Və ömrü boyu həmişə elə belə qalacaqdır.

İllər keçəcək, hanısa albomun arasında sıxılıb qalsa da, ötən günlərin səhifələrindən ara-sıra gün işığına çıxacaq bu obraz daim mənim təbəssümümə səbəb olur. İndi uşaqlığım bütün oyunları, xatirələri,həyəcanlarıyla bir nağıl diyarı kimi görünür mənə.

Öz hekayəmin baş qəhrəmanı olan mən, keçmişi xatırladıqca bu nağıllar aləminə baş vurur, o günləri həsrətlə xatırlayıram. Gizlənpaç oynayarkən dediyimiz Alma desəm çıx, armud desəm, çıxma! ifadəsini ucadan desəm, uşaqlığımın haradansa çıxıb gələcəyini düşünürəm. Günbatır, üzbəüz küçədəki uşaqlar dağılışırlar. Ayağa qalxıram, hesabı stəkanın yanına qoyub küçəyə çıxıram. Uşaqlığımda kimi, dilimdə “Almaaa, almaaa, almaaa!” nidaları ilə…

Tərcümə və təqdim edəni: Zeynəb Əliqızı (Əli Yaşa)

zeyneb

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!