Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan gəncliyi bu gün təkcə cəmiyyətin sosial təbəqəsi deyil, dövlətin strateji inkişaf kursunun əsas dayaqlarından biridir. 2 Fevral – Azərbaycan Gəncləri Günü təsadüfi bir tarix deyil, müstəqil dövlətçilik tariximizdə gənclərə verilən dəyərin, etimadın və məsuliyyətin rəmzidir. Bu günün əsası Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə qoyulmuş və fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən Azərbaycan MDB və Şərqi Avropa məkanında bu günü rəsmi şəkildə qeyd edən ilk ölkə kimi tarixə düşmüşdür ki, bu da ölkəmizin gənclər siyasətində nə qədər qabaqlayıcı mövqedə olduğunu aydın şəkildə göstərir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti müstəqil Azərbaycanın ideoloji, siyasi və sosial dayaqlarının formalaşdırılmasında mühüm rol oynamışdır. O, gənclərə yalnız bu günün potensialı kimi deyil, gələcəyin məsuliyyətini daşıyan əsas qüvvə kimi yanaşırdı. “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa malik olsunlar”, – deyə Ulu Öndərin vurğuladığı bu fikirlər onun gənclər siyasətinin fəlsəfi mahiyyətini tam ifadə edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclər qarşısında tarixi vəzifə qoyaraq bildirmişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir.” Bu çağırış sonrakı illərdə gənclərin fəaliyyətinin ideoloji əsasına çevrildi.
Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və sistemli şəkildə davam etdirilir. Dövlət başçısı gənclərin hərtərəfli inkişafını, onların bilik, bacarıq və təşəbbüslərinin reallaşmasını ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas komponenti kimi müəyyən edib. Prezident İlham Əliyev gəncləri fəal və məsuliyyətli mövqe tutmağa çağırır. Bu yanaşma nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, ölkə üzrə “Gənclər evi” şəbəkəsinin yaradılması, 2011-ci ildə Gənclər Fondunun təsis edilməsi gənclərin sosiallaşması, təşəbbüskarlığı və yaradıcılığının dəstəklənməsi baxımından mühüm mərhələ oldu. “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti gənc kadrların irəli çəkilməsinə, peşəkar idarəçilik potensialının formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyi yalnız sosial və iqtisadi sahələrdə deyil, ölkənin taleyüklü anlarında da öz sözünü deyib. Vətən müharibəsində rəşadət göstərən gənclərimiz müasir Azərbaycan tarixini yazaraq dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsində həlledici rol oynadılar. Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi üçün yaradılan imkanlar ardıcıl, məqsədyönlü və uzunmüddətli strategiyaya əsaslanır.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın genofondu gənclərdir” fikri bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə real məzmunla dolur. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu siyasətin ideoloji yekunu, gənclərə olan inamın və etimadın rəsmi təntənəsidir. Əminik ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcək.
Məhəmməd Əsədov, Akif Abdullayev, Çingiz Məmmədov, Yasin Məcidov, Ramin Ağazadə, Gəray Abbasov, Əlihüseyn Ağayev, Elçin Abdullayev və Aqşin Əkbərov gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzulayırlar.
CEYHUN