8 Oktyabr 2025 / 10:40

“Azərbaycan Evi”ndə “Azərbaycanda təhsil imkanları” müzakirə edildi

İnfosessiya “Azərbaycan Evi”nin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” MMC-nin birgə təşəbbüsü ilə baş tutub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, infosessiyanın əsas məqsədi gənclərə Azərbaycanda ali təhsil imkanları barədə ətraflı məlumat vermək, onların bu sahəyə marağını artırmaq və mövcud dəstək mexanizmlərini diqqətə çatdırmaq olub. Marneulidəki “Azərbaycan Evi”ndə keçirilən görüşdə orta məktəb şagirdləri və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin 40-dan artıq müdavimi, eləcə də 11 və 12-ci sinif şagirdləri iştirak ediblər. “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov qonaqları və iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlılara təhsil və elm də daxil olmaqla, bütün sahələrdə dəstək və diqqət göstərir. Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, son dövrlərdə Gürcüstan azərbaycanlıları üçün yaradılmış şərait nəticəsində Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universitetində magistratura proqramlarında təhsil alan tələbələrin sayının 60-dan artıq olduğunu qeyd edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin Xaricdə Təhsil Sektorunun müdiri Niftalı Qasımlı çıxışında son illərdə ali təhsil sahəsində əldə olunan nailiyyətlər, universitetlərin beynəlxalq reytinqlərdəki irəliləyişi və təhsilin beynəlmiləlləşməsi istiqamətində görülən işlər barədə məlumat verib. “Study in Azerbaijan” MMC-nin rəhbəri Zemfira Məmmədova isə “Azərbaycanda ali təhsil imkanları” mövzusunda təqdimatla çıxış edərək ölkənin ali təhsil sistemi və mövcud imkanlar haqqında iştirakçılara ətraflı məlumat verib. Görüşdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov, eləcə də orta məktəb müəllimləri də çıxış ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb və onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən məlumat materialları təqdim olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!