Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Rasim Balayevin vəfatından dərhal sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədrlik postuna seçkilər gündəmə gəldi. Hərə özünü bu postda görür və fikrini də açıq söyləyir… Bu müzakirələr indi də davam edir. Bəzi kinoşünasların açıqlamalarından həm də belə qənaət formalaşır ki, sən demə, bəziləri elə bil keçmiş sədrin dünyasını dəyişməsini gözləyirmiş.
***
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış yazıçı-kinoşünas Akif Əli “Təzadlar”a açıqlamasında bu müzakirələri aparan yetkinlərə bərk əsəbləşdiyini ifadə etdi. Sitat: “…Azərbaycan Mədəniyyəti üçün milli dəyər olan Rasim Balayevlə dostluğumuzun qədim tarixi var. Vaxtilə həm “Azərbaycanfilm” kinostudiyasında, həm Teleradioda, həm də son illər Azərbaycan Kinematoqrafçılar İttifaqında bir yerdə işləmişik. Rasim Balayevin adı kinomuzda bir brenddir. Onun əziz xatirəsi heç vaxt xalqın yaddaşından silinməyəcək. Nə qədər ki Nəsimi var, Babək var, – Rasim Balayev də Azərbaycanda var olacaq… O ki qaldı Sizin sorğunuza… O barədə söz demək çətindir. Rasim bəyin oğlu Ülvinin vida mərasimində çox gözəl ifadə etdiyi kimi, indi ən gözəl söz – elə “Rasim Balayevdir!” Onun ruhu hələ başımızın üstündə ikən, yerinə namizəd axtarmaq, kiminsə namizədliyini irəli sürmək, özünü yada salmaq və s. bu sayaq müzakirələri xatirəsinə hörmətsizlik hesab edirəm. Hər hansı rəsmi quruma rəhbər kiminsə şəxsi istəyi, arzusu ilə olmur. Azərbaycan Kinematoqrafçılar İttifaqında da buna təbii ki, bütün üzvlərin iştirakı ilə ümumi qurultayda qərar veriləcək. Odur ki, kino üçün ürəyi yanan dostlarıma, həmkarlarıma bir qədər səbr arzu edirəm. Artıq AKİ katibliyinin bildirdiyi kimi, sədrlik məsələsini ancaq Rasim Balayevin “40” mərasimindən sonra müzakirə etmək daha doğru olar…”.
A.Məmmədli