19 Mart 2026 / 21:00

Xəzər Universitetinin 35 yaşına- UZUN VƏ İNCƏ BİR YOL!

…Tarixin ən ağır və keşməkeşli illərində yaranan, nəinki Azərbaycanda, eləcə də postsovet məkanında birinci olan – özəl, ingilisdilli, orijinal və modern, bənzərsiz ali məktəb olaraq ilkə atdığı imzası ilə yaranışı da tarixi hadisəyə çevrilən Xəzər Universiteti 35 illik yubileyini qeyd etdi… Elə bu münasibətlə də 2026-cı il martın 17-də “Hilton” hotelinin böyük zalında mərasim keçirildi…

yubiley zal

Bu möhtəşəm yubiley təqdimatını universitetin həm özünə, həm tədbir iştirakçılarına, həm də ictimaiyyətə verdiyi hesabat kimi də dəyərləndirmək olar: uzun illər ərzində keçdikləri yol, üzləşdikləri çətinliklər, müstəqil fəaliyyət, qazandıqları uğurlar, Azərbaycan təhsil sisteminə gətirdikləri yeni ideyalar, keyfiyyətli təhsil, korrupsiyadan uzaq təhsilverənlər və s.

Ali təhsil ocaqları sırasında öz siması, dəsti-xətti olan və bir çox ilklərə imza atan, diplomları Avropa və Amerikada qəbul olunan – tanınan, həmçinin müəllim və tələbələri tərəfindən dünyada tanıdılan universitet olaraq onu bu möhtəşəmliyə yüksəldən isə danılmaz faktdır ki, qurucusu – təsisçisi fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı və publisist, riyaziyyat, humanitar və sosial elmlər üzrə dərslik və monoqrafiyalar müəllifi, universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor və ictimai xadim Hamlet İsaxanlıdır… O Hamlet İsaxanlı ki, Xəzər Universitetinin yaranışından cəmi 7 il sonra –  1998-ci ildə Universitetin nəzdində Dünya Məktəbini təsis etdi və 2009-cu ildə onu beynəlxalq statuslu “IB World School”-a çevirməyi bacardı…

xezer yubiley

***

…Xəzər Universitetinin yaradılış gününə – yubiley tədbirinə isə Parlamentin deputatları, dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri, ölkə xaricindən və yerli universitetlərdən rektorlar, media təmsilçiləri dəvət olunmuşdular. Bu sırada “Təzadlar”ın əməkdaşları da vardı…

Mərasimin rəsmi hissəsindən öncə tədbir iştirakçıları Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə təhsil ocağının fəaliyyət göstərdiyi bu uzun illər  ərzində nəşr etdiyi kitablardan ibarət sərgi ilə tanış oldular. Rəsmi hissə isə universitetin Kamera orkestrinin müşayiəti ilə tələbələrdən ibarət xor kollektivi tərəfindən Azərbaycan Dövlət Himninin ifası ilə başladı.

xezer qonaq

Öncə universitetin qurucusu Prof.Akad. Hamlet İsaxanlı çıxış edərək dünya təcrübəsinə əsaslanan və uzun illər xəyalını qurduğu ali təhsil  modelini – “Xəzər”i  Azərbaycanda yaratmaq ideyasından, həm də bu ideyanı 90-cı illərdə ölkədə baş verən proseslər fonunda necə gerçəkləşdirməsindən, universitetin keçdiyi inkişaf yolundan, qazandığı təcrübələrdən, həyata keçirdikləri layihələrdən. həmçinin, yalnız təhsil verən deyil, eyni zamanda tədqiqat yönümlü universitetə çevrilməsindən danışdı. O, dünya universitetləri ilə sıx əlaqə qurmalarından, müəllimlərin həmin universitetlərdə təcrübə keçmələrindən, eyni zamanda Amerika, Kanada, Avropa, Türkiyə, Çin , Yaponiya, Koreya, Malaziya, Avstraliya, Gürcüstan, Mərkəzi Asiya respublikaları ilə təhsil sahəsində əməkdaşlıqdan bəhs etdi.

Sitat: “Biz xoşbəxt ailə olduq – Xəzər Universiteti ailəsi, tələbələr, müəllimlər, işçilər, valideynlər, məzunlar, məzunlarımızı işə götürənlər… 30 adamla başladıq, bu gün Xəzər Universiteti və Dünya Məktəbi birlikdə təxminən 10 min adamın oxuduğu, çalışdığı, ölkədə, bölgədə və dünyada tanınmış elm, təhsil və mədəniyyət mərkəzi olduq. Birlikdə uğur qazandıq, böyüdük, gücləndik, daxili ilə xarici, zehni və qəlbi həmahəng olan yaradıcı, xoş və səmimi mühit yaratdıq. İnsanın təbiətində olan bilmək, xoşbəxt olmaq arzusunu institutlaşdırmağa, davamlı, dayanıqlı etməyə çalışdıq. Dünya Məktəbinin qurucusu Nailə xanım “Xoşbəxtlik göydən düşmür” deyirdi, “xoşbəxtliyi qurmaq lazımdır, ətrafdakıları xoşbəxt etmək xoşbəxtliyin zirvəsidir” deyirdi. Əlbəttə, dünyada cənnət yoxdur, mükəmməl heç nə yoxdur. Biz mükəmməlliyə can atırıq, devizimiz, şüarımız, rəhbər prinsipimiz budur: “Hər gün, hər saat mükəmməlliyə doğru!”

yubiley hamlet isaxan

Qonaqlara Elxan Xanəlizadənin ssenarisi əsasında, rejissor Rəhman Fürqətoğlunun hazırladığı “Xəzərin imzası” adlı sənədli filmdə Xalq yazıçısı Anar, Xalq artisti Alim Qasımov, Xəzər Universitetinin professoru, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev,  AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktoru, Milli Məclisin üzvü Rafael Hüseynov, Xəzər Universiteti Humantar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova və digərlərinin çıxışları, Hamlet İsaxanlının dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə görüşü, eyni zamanda, Hamlet İsaxanlı ilə birlikdə Xəzər Universitetinin və “Dünya” məktəbinin qurucusu olmuş mərhum Nailə xanım İsayevanın lent yazısı təqdim olundu.

yubiley naile xanim

Sonra Universitetin rektoru Dr. Raziyə İsayeva ingilis dilində çıxış edərək, Xəzər Universitetinin ali təhsil sahəsində nail olduğu uğurları və  beynəlxalq əməkdaşlıqları əcnəbi qonaqların diqqətinə çatdırdı.

Daha sonra  Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova söz verildi. O, çıxışında Azərbaycanın 35 il əvvəl əldə etdiyi müstəqillik fonunda Xəzər Universiteti kimi elm ocaqlarının gənclərin yetişdirilməsində mühüm rol oynadığını, gənclərin yalnız təhsildə deyil, müxtəlif fəaliyyətlərdə və layihələrdə aktiv iştirakının qürurverici olduğunu vurğuladı və bu uğurlu yolun davam etməsini arzuladı.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Birol Akgün universiteti yubiley münasibətilə təbrik etdi, onun regionda təhsil və elm sahəsində rolunu yüksək qiymətləndirdi.

yubiley medal

 

Azərbaycan Republikasının sabiq baş naziri Həsən Həsənov isə tədbir iştirakçılarını 90-cı illərin Bakısına – Azərbaycanına ekskursiya etdirdi və yubilyarın – Xəzər Universitetinin yaranma tarixindən, onun yaranmasındakı rolundan danışdı. O, tədbir iştirakçılarına xatırlatdı ki, baş nazir postuna təyinatı 20 yanvar faciəsindən cəmi bir həftə sonra olub. Sitat: ”…Azərbaycanda fövqaladə vəziyyət elan edilmişdi, sovet ordusunun əsgərləri, tankları Bakının küçələrinə düzülmüşdü. Həmin faciəvi gecədə həyatını itirən insanların yas mərasimləri keçirilirdi. Düzü, o vaxt baş verənlərdən sonra nə etmək lazım olduğunu bilmirdik. Mən azadlığa gedən yolumuzun davam etməli olduğunu düşünürdüm. Amma onu da düşünürdüm ki, bunu küçə yürüşləri, bir-birimizlə mübarizə aparmaqla deyil, ölkəmizdə nizam-intizamı möhkəmləndirmək, iqtisadiyyatımızı gücləndirməklə etməliydik… Artıq sentyabr ayında biz Beynəlxalq Biznes Konqres keçirdik. Bu Konqresə xarici ölkələrdən 700-dən çox iş adamı, bir o qədər də jurnalistlər gəlmişdi. O vaxt SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tədbir keçirilməsinə qadağa qoymuşdu. Bizim vəziyyətimizlə bağlı dünyaya car çəkmək imkanımız yox idi, amma bu qonaqları Bakıya dəvət etməklə, bilavasitə baş verənləri, ölkədəki vəziyyətimizi onlara göstərəcəkdik. Hətta o zaman Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov Moskvanın xətrinə dəyməmək üçün tədbiri boykot etməyə çağırdı. Amma bunu etməyə müyəssər olmadı… Sovet dövründə rus dili vacib dil idi, SSRİ-nin dövlət dili səviyyəsində bir dil idi, amma yenə də ölkəmizdə hamı bu dili öyrənmirdi, bilmirdi. Artıq qarşımızda dünya ilə hansı dildə ünsiyyət quracağımız barədə sual yaranmışdı. Bu zaman məndə ingilis dilində təhsil verən universitet yaratmaq barədə fikir yarandı. Mənim bununla bağlı vaxtım, ola bilsin ki, təcrübəm də yox idi. Hamlet İsaxanlını məsləhət görən oldu. Bildirildi ki, Xalq Təsərrüfatı İnstitutunda gənc bir oğlan var, ingilis dilini sərbəst bilir, dünyanın təhsil sistemindən də xəbərdardır və onu bu işə cəlb edim… Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu vardı və onun rəhbəri Rəhim Hüseynov idi. Mən Hamlet müəllimi dəvət etdim. Söhbət etdik, onun potensialını hiss etdim və qərara gəldik ki, onu Rəhim Hüseynova müavin təyin edim. Dəqiq yadımda deyil, müavin təyinatı nə zaman oldu, amma əslində, instituta hazırlıq həmin vaxtdan həyata keçirilməyə başladı. 1990-cı ilin dekabrında 286 saylı sərəncamla hazırlıq işləri apardıq və 1991-ci il 18 mart tarixli 41 saylı qərarla Xəzər Universiteti (o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yaradıldı. Mən istəyirəm biləsiniz ki, Xəzər Universiteti sadəcə ilk özəl universitet deyil, od-alov içərisində yaranan, Azərbaycanın hələ gələcək yolunun aydın olmadığı zamanda yaranan universitetdir. Və mən fəxr edirəm ki, məhz o zaman belə bir qərarı qəbul etdim. Hamlet İsaxanlı bu universitetin yaranması yolunda çox əziyyət çəkib. Mən baş nazir postundan getdikdən sonra isə onun dayaq nöqtəsi olmadı, ancaq öz gücünə hökumətlə məsələləri həll etməyə başladı. Hətta mən bilirəm ki, o zaman Hamlet müəllim Türkiyəyə fikir mübadiləsi üçün getdikdə belə, onun yerinə kiminsə adamını təyin etmək istədilər… Lakin o, çox iradəli, məqsədyönlü, həm də geniş biliyə və dünyagörüşə malik şəxsiyyət kimi bu təhsil sistemini Azərbaycan təhsil sisteminə daxil etməyi bacardı”.

***

Sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov da çıxışı  zamanı Xəzər Universitetinin yaradılmasının onun rəhbər vəzifədə fəaliyyət göstərdiyi illərə təsadüf etdiyini bildirdi. O,  Xəzər Universitetinin yaranmasına imza atan Həsən Həsənovun xidmətindən söz açaraq vurğuladı ki, “…Azərbaycan üçün çox çətin bir dövrdə baş nazirin belə bir qərarı verməsi böyük risk idi: “…Hamlet İsaxanlı ilə eyni dövrdə, eyni fakültədə təhsil almışıq. Hamlet İsaxanlı hələ 36 yaşında ikən Moskvada fəaliyyət göstərən Sovet Elmlər Akademiyası V. İ. Steklov adına Riyaziyyat İnstitutuna dissertasiya müdafiəsinə getmişdi. Çox təəssüflə qeyd etməliyəm ki, bir qrup azərbaycanlı da “papka”larını götürüb Hamletin əleyhinə çıxış etmək üçün Moskvaya üz tutmuşdular… Qoy, bilməyənlər bunu bilsin! Hamlet İsaxanlı  o mübarizədə qalib gəlməyi bacardı və çox böyük uğurla “Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı. Daha sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü. İndi mən fikirləşirəm ki, əgər Hamlet İsaxanlı hazırkı işi ilə məşğul olmasaydı dünyanın ən böyük riyaziyyatçısı adına layiq görülən azərbaycanlı olardı. Ancaq o düşündü və qərara gəldi ki, elmdə etdiyimi etmişəm, indi də təhsildə etməliyəm… Və bu gün Hamlet İsaxanlı dünyada tanınan, dünya təhsil sistemində yeri olan Xəzər Universitetini yaratdı və bununla da kifayətlənmədi və Xəzər ailəsini genişləndirərək onun nəzdində Dünya Məktəbini yaratdı. Bu məktəb ümumtəhsil məktəbi kimi Azərbaycanda geniş yayılıb və mən əminəm ki, rayonlarımızda daha geniş yayılacaq. Heç kəs düşünməsin ki, bu 35 ildə Hamlet müəllim və onun həmfikirləri sadə və rahat həyat yaşayıblar, əksinə, onlar çox ciddi müqavimətlərlə qarşılaşıblar. Hətta bu universitetin bağlanması üçün də cəhdlər edilib. Ancaq Hamlet İsaxanlı səbrlə, dözümlə, bilik və bacarığı ilə addım-addım, pillə-pillə bu 35 ili yaşayıb-yaradıb. Və bu gün Azərbaycan xalqına və dünya ictimaiyyətinə bu təhsil ocağını Xəzər Universiteti kimi təqdim edə bilib. Onu da qeyd edim ki, 90-cı illərin sonlarında Azərbaycanda 50-dək özəl universitet vardı. Biz mərhələli şəkildə bu universitetlərin sayını 10-dək azalda bildik. Mən sevinirəm ki, Xəzər Universiteti bu illər ərzində böyük uğurlar qazanıb”.

xezer aygun

***

Tədbirdə, həmçinin bir sıra xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin rektorları – İbn Haldun Universitetinin rektoru Atilla Arkan, Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru Bahodir Turaev, Almatı Menecment Universitetinin rektoru Assylbek Kozhakhmetov, Narxoz Universitetinin rektoru Kanat Kozhakhmet, Buxara Dövlət Universitetinin prorektoru Rustam Jumaev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov çıxış etdilər…. “Dünya məktəbi”nin direktoru Aygün İsayeva-Gardinerin çıxışı isə qonaqları çox mütəəssir etdi. Aygün xanım çıxışı zamanı Xəzər Universitetinin ərsəyə gətirildiyi dövrdə ailələrinin üzləşdiyi çətinliklərdən, maddi sıxıntılardan söz açdı və atası Hamlet İsaxanlının universitetin qurulması ilə bağlı hadisələri  “Xəzərin sorağında” adlı əsərində qeyd edərkən, ailəsininin də həmin dövrdə çəkdiklərindən, problemlərindən, çətinliklərindən bəhs etmədiyindən təəssüfləndiyini bildirdi… Həmçinin o, bütün sadaladığı çətinliklərin sonunda uğurlu nəticələr əldə edildiyinə sevindiyini, Xəzər Universitetinin, eyni zamanda “Dünya Məktəbi”nin nailiyyətləri ilə fəxr etdiyini, qürur duyduğunu vurğuladı.

xezer qonaq

***

Qeyd edək ki, rəsmi hissənin sonunda Dr. Raziyə İsayeva Həsən Həsənova, Birol Akgünə, Hidayet Şimşekə, TRT Bakı Bürosunun rəhbəri  Murat Akkoça, SOCAR-ın vitse-prezidenti Arzu Cavadovaya və Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevaya xüsusi yubiley mükafatları təqdim etdi.

Qarşıda isə qonaqları böyük bir konsert proqramı gözləyirdi. Fasilə zamanı qonaqlar bir daha universitetin kitab sərgisi ilə tanış oldular, dəzgahda nümayiş olunan xalçaları seyr etdilər…

xalcaci vefa

Maraqlıdır ki, Xəzər Universitetində İncəsənət və musiqi departamenti ixtisasından asılı olmayaraq, bütün universitet tələbələri üçün incəsənət və musiqinin müxtəlif sahələri ilə məşğul olmağa imkan yaradır. Yəni, təhsil alan tələbələrə musiqi, bəstəkarlıq, rəqs, xor, xalça toxunması kimi fənlər də tədris edilir. Bildiyimiz kimi, xalçaçılıq Azərbaycan xalq tətbiqi sənətinin ən qədim və ən geniş yayılmış növüdür və universitetdə həm qızlar, həm də oğlanlar bu qədim sənət növünün də sirlərinə yiyələnirlər. Universitetdə xalçaçılıq fənnini tədris edən müəllim Vəfa Əlizadə bizimlə söhbət əsnasında bildirdi ki, bu sənət növü bütün tələbələrə öyrədilir və fənn olaraq bir semestr tədris olunur. O, vurğuladı ki, müxtəlif  ölçü və naxışlı xalçalarla yanaşı, universitetin loqolarını da xalçada işləyərək “Xəzər”i ziyarət edən qonaqlara hədiyyə edirlər…

xalca yubiley

Xalçanın kəsilməsi prosesinin universitetin yubiley günündə gerçəkləşdirilməsi anları da çox yaddaqalan oldu. Bu nəfis, incə naxışları və rəngləri baharı xatırladan xalçanın  kəsimi ilk olaraq o keşməkeşli illərdə universitetin yaradılmasına tarixi imzasını atmış sabiq baş nazir Həsən Həsənova həvalə edildi. Daha sonra universitetin qurucusu Hamlet İsaxanlı, rektor Raziyə İsayeva, “Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, “Tərəqqi” medallı jurnalist Asif Mərzili və digərləri qayçını əllərinə aldılar… Daha sonra qonaqlar axır çərşənbəyə – Torpaq çərşənbəsinə təsadüf edən ziyafətə dəvət olundular və onlara Xəzər Universitetinin Kamera orkestrinin müşayiəti ilə konsert proqramı təqdim edildi. Qonaqlar Xalq artistləri – Alim Qasımovun, Azər Zeynalovun, Brilyant Dadaşovanın, Fəranə Qasımovanın … və digərlərinin ifalarını dinlədilər.

Onu da qeyd edək ki, ifa olunan bir çox mahnıların söz müəllifliyi professor Hamlet İsaxanlıya məxsus idi… Və onun müəllifliyi ilə yazılan daha bir möhtəşəm əsər də ortada idi: onun adı 35 yaşlı Xəzər Universitetidir!

Yasəmən Məmmədli

raziyexanim

yubiley alim

brilyant

yubiley tezad

xalca h i

yubiley kollektiv

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!