Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 14:06

Azərbaycanın maestrosu

Görkəmli maestro Niyazinin haqqında kifayət qədər məlumat vardır.

Lakin biz bu gün növbəti dəfə maestro Niyazinin həyatına “Təzadlar”ın gözü ilə baxmaq istədik. Bunu da oxucularımızla bölüşürük.

Niyazi kimliyi

Niyazi Zülfüqar oğlu Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Anası Böyükxanım ixtisasca həkim, atası  Zülfüqar Hacıbəyov isə  Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazi uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar əhatəsində böyüyüb. O, ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla almışdır. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirmişdir. Bununla kifayətlənməyən Niyazi, təhsilini 1929–1930-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində davam etdirmişdir.

Azərbaycan dirijorluq məktəbinin banisi

Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar etmişdir. O, məşhur hind filosofu R. Taqorun “Çitranqoda” fəlsəfi dramı üzrə “Çitra” baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Belə ki, o, aletdə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. Bununla yanaşı, Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü də olmuşdur. Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Ümumiyyətlə, Niyazi Azərbaycan dirijorluq məktəbinin banisi olub. O, dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edərək başlamışdır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — “Rast” və “Şur”u nota köçürmüş, 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunmuşdur. Niyazi 1938-ci ildə  Moskva  şəhərində keçirilən  Azərbaycan  incəsənəti on günlüyündə  Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq etmişdir.  O, bütün bunlarla yanaşı, Üzeyir Hacıbəyovun “Koroğlu”,  Qara Qarayevin  və  Cövdət Hacıyevin  “Vətən”,  Fikrət Əmirovun  “Sevil” operalarının,  Arif Məlikovun isə “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da məhz özü etmişdir. Məqamında bildirim ki, Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanmış və 1949-cu ildə ən məşhur əsərini — “Rast” simfonik muğamını yazmışdır.

Ulu öndərin Niyazi sənətinə heyranlığı

Niyazi Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərib, böyük musiqiçi ordusu yetişdirib, yüzlərlə bəstəkarın əsərinə nəfəs verib. Hətta Niyazi yaradıcılığına, şəxsiyyətinə mərhum prezident, ulu öndər Heydər Əliyevin də böyük qayğı və diqqətlə yanaşdığı hər kəsə bəllidir. Onun maestro  Niyazi  ilə  dostluğu  bir  çox  layihələrin həyata keçməsində mühüm  rol  oynamışdı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə  maestro  Niyazi  hər ayın cümə günləri Dövlət Filarmoniyasında  simfonik musiqi axşamları təşkil edilirdi.  Bu konsertlərin ən  böyük  əhəmiyyəti təbliğat  xarakteri  daşıması, yəni insanların  klassik  musiqi  ilə maariflənməsindən ibarət idi. Həmin  musiqi  axşamlarında  o  vaxt  Mərkəzi Komitənin  bütün  üzvləri, bəstəkarlar,  musiqişünaslar  və  digər peşə, elm sahibləri iştirak edirdilər. Onu da qeyd edim ki, bəstakar və dirijor Niyazinin ev -müzeyinin açlışında Ulu Öndər Heydər Əliyev bu fikirləri söyləmişdir: “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan profesional musiqisinin yaranmasında və inkişafïnda böyük səylər göstərmiş və bu xidmətləri xalqımız unutmayacaq.”

Niyazinin Həcər sevgisi

Niyazinin ən böyük mənəvi dəstəkçisi ömür gün yoldaşı Həcər xanım olmuşdur. Ümumiyyətlə Niyazinin Həcər xanımla tanışlığının çox maraqlı tarixçəsi vardır:

Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. İrandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur.  O vaxt Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırdı. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar. Bundan sonra onların yaxın münasibətləri yaranır. Niyazi Həcər xanımı ilk dəfə elə o məclisdə görür və bir-birlərinə aşiq olurlar. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olduqlarından onların bu izdivacına heç cür razı olmurlar. Bu səbəbdən də gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Hətta Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilir. Bütün çətinliklərə baxmayaraq, Niyazi və Həcərxanımın evliliyi 51 il davam edir.

Övladlığın ailəyə yaşatdığı faciə

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Buna görə də onlar Ceyhun adlı oğlanı övladlığa götürmüşdürlər. Həcər xanımla Niyazi bəy bütün diqqətlərini Ceyhuna vermiş, onun bir dediyini iki etməyiblər. Ceyhunun ali təhsil alması üçün əllərindən gələni əsirgəməmişlər. Lakin, buna baxmayaraq Ceyhun bu ailəyə layiqli övlad olmamışdır. Belə ki, o, narkotik aludəçisinə çevrilmişdir. Elə ailə dramı da bundan sonra başlamışdır. Dəfələrlə həbsxanaya düşən Ceyhun ailəni min bir əziyyətə düçar etmişdir. Hətta Həcər xanım bütün bu yaşananlardan şəkər xəstəliyi də tapmış, Niyazi isə ətrafdakı dost-tanışın əhatəsində özünü sınmış hesab edirdi. Amma bütün bunlara baxmayaraq növbəti dəfə həbsdən çıxan Ceyhunun parkda skameykada yatmasına Həcər xanımın ürəyi dözməməmiş və onu bu səbəblə evə gətirmişdir. Əvvəlcə ona yuyunmasına şərait yaratmış, onu təmiz paltarlarla təmin etmişdir. Daha sonra Həcər xanım mətbəxə keçərək Ceyhuna ev xörəyi hazırlamağa başlayır. Ceyhun da Həcər xanımın mətbəxdə olduğundan istifadə edərək oraya gəlmiş və ondan narkotik almaq üçün pul istəmişdir. Həcər xanım da pulunun olmadığını bildirmişdir. Bundan qəzəblənən Ceyhun masanın üzərindəki bıçağı götürərək analığı Həcər xanıma dəfələrlə vəhşicəsinə bıçaq zərbələri endirmiş və onu mətbəxdə ölümə tərk etmişdir. Hətta törətdiyi bu vəhşi əməldən peşnmançılıq çəkməyən Ceyhun  evdə qalan son qiymətli əşyaları da götürüb oradan uzaqlaşmışdır. O, növbəti dəfə həm törətdiyi cinayətə, həm də üzərində daşıdığı narkotik və silaha görə həbs olunur.

Sonda onu da bildirim ki, Azərbaycan mədəniyyətinin görkəmli simalarından hesab olunan, drijor, bəstəkar, maestro Niyazi 2 avqust 1984-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!