6 Fevral 2026 / 23:15

Bakı Gənclər Mərkəzində “Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

Fevral ayının 5-də Beynəlxalq Qalereya və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Bütöv Azərbaycanda Gənclik” adlı sərgi keçirildi. Layihənin rəhbəri Aygün Əzizova olan tədbir gənclərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və incəsənətə marağı artırmaq məqsədi daşıyırdı.

Tezadlar.az  xəbər verir ki, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova gənclər həftəsində silsilə şəklində təşkil etdikləri sərgilərin bir-birindən maraqla qarşılandığını, xüsusilə bölgələrdən olan rəssamların fəal iştirak etdiklərini bildirdi. O, həmçinin çıxışı zamanı Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya və əməkdaşlarına da təşəkkür etdi.

Sərgidə müxtəlif yaş qruplarından 100-yə yaxın rəssam iştirak etdi. Onların sıralarında Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudova, Zirvə, Edu Grata Panda School və Qala Tədris Mərkəzlərinin müəllimi Təranə Hacıyeva, Aflow ART Studionun rəhbəri, modelyer-dizayner Günay Məmmədova, FR Art Studionun rəhbəri Fidan Rüstəmzadə, İlahə ART Studionun rəhbəri Həyat Şirvanova, Savalan Tədris Mərkəzinin müəllimi Ayşən Şavruqova, Rənglərin Ahəngi Tədris Mərkəzlərinin rəhbəri Süleymanlı Fəridə, Palitra ART Studionun rəhbəri Asəf Kərimli, MKS-nin rəsm müəllimi Fərəh Babayeva və Salyan Dövlət Kukla Teatrının quruluşçu rəssamı Gülay Qurbanova öz tələbələri ilə birlikdə əsərlərini təqdim etdilər.

Sərginin fəxri qonağı Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradov oldu. O, gənclərin yaradıcılıq işlərini yüksək qiymətləndirərək belə tədbirlərin incəsənətin inkişafında mühüm rol oynadığını vurğuladı.

Tədbirin sonunda iştirakçılara diplomlar təqdim olundu, xatirə şəkilləri çəkildi. Sərgi gənclərin istedadını nümayiş etdirməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılığını da ön plana çıxardı.

 

AYGÜN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!