Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mədəniyyət Nazirliyi ulu babam Hacı Sultan Əlinin tikdirdiyi məscid dağıldıqdan sonra məscidi şəxsi vəsaitimlə bərpa edə biləcəyimi bildirdi…”
***
Keçirəm mətləbə: “Təzadlar” qəzetinə ictimaiyyət nümayəndələri tərəfindən müxtəlif problemlərlə bağlı müraciətlər olur. Redaksiya bu müraciətləri heç vaxt diqqətdən kənarda qoymur, problemlərə işıq salır və çözməyə çalışır. Buna oxucular dərc etdiyimiz yazılardan şahidlik edirlər. Budəfəki müsahibimiz isə hazırda Türkiyədə yaşayan soydaşımızdır: Rəna Əliyeva! O, 20 ildən çox müddət ərzində ona vədlər verib, sənədlər təqdim edərək ulu babasından qalan tarixi mədəni abidəmiz olan məscidin və digər tarixi irsin qorunmasını təşkil etməyən, zamanında bərpasını gözardı edən Mədəniyyət Nazirliyindən şikayətçidir.
Rəna xanım redaksiyamıza uzun illər zamanını sərf edərək əldə etdiyi arxiv və məhkəmə sənədləri, müxtəlif qurumlara ünvanladığı müraciətlər, verilən cavab məktubları ilə gəlib.
***
Müsahibədən öncə biz də həmin sənədlərlə tanış olduq, araşdırdıq və səhihliyinə tam əmin olduq:

-Rəna xanım, istərdim özünüz barədə, nəsil-şəcərənizlə bağlı oxuculara ətraflı məlumat verəsiz.
-Mən – Rəna Əliyeva Nadir qızı (Haşimi) 1964-cü ildə Bakı şəhərinin Yasamal rayonunda, babamın əvvəllər «Saray” deyilən mülkündə anadan olmuşam. Türkiyəyə getməzdən əvvəl uzun müddət Rusiyada yaşamışam. Azərbaycan vətəndaşıyam. Ulu babam Hacı Sultan Əli (Haşimi) Haşim oğlu Bakı milyonçusu olub. Mən nəslimizlə – ulu babalarımla bağlı bütün faktları arxivdən əldə etmişəm. Sağ olsun Arxiv İdarəsinin əməkdaşları ki, mənə kömək etdilər və bu sənədləri əldə etdim. Yəni, faktlarla, sənədlərlə danışıram. Anam Ədibə xanım Hacı Sultan Əlinin oğlu Möhtəşəm Haşiminin qızıdır. Mən onun nəticəsiyəm və bunu məhkəmədə də təsdiq etdirmişəm. Biz Sultan nəvələriyik, ondan daha əvvəl isə haşimilər nəslindənik.
-Məlumatlara görə, İordaniya krallarının nəsli haşimilər nəslindən olublar. Və hazırda İordaniya Haşimilər Krallığı da məhz bu tarixi fakta görə belə adlandırılıb. Əsl adı Əmr ibn Əbdi-Mənaf olan Haşim Həzrət Məhəmməd Peyğəmbərin (s) atasının babasıdır. Qüreyş soyundan olub. Siz həmin haşimilər nəslindən bəhs edirsiniz?
-Bəli, vaxtilə Ərəbistandan İrana köç edən haşimilərə farslar orada yaşamağa problem yaratdığı üçün o zaman Araz çayını keçərək Lerik, Astara, Lənkərandan… yol alıblar Şirvanşahlar Sarayına. O rayonlar müqəddəs torpaqlardır, çünki haşimilər o ərazilərdən keçiblər.
«Babamıza atasından miras qalmış həmin mülkün də bir hissəsi sökülərək yerində “Nizami” metro stansiyası inşa edilib…”

Zəlzələdən sonra Şirvanşahlar Sarayından indiki «20 yanvar”, “Şamaxinka” adlanan ərazidən aşağılara doğru eniblər… Hacı Sultan Əli babam Möhtəşəm Haşimini evləndirəndə indiki “Nizami” metro stansiyasının yanındakı ərazidə yerləşən sarayının yanında daha bir saray tikdirib. Yusif əfəndinin oğlu Loğman babamızın qızı Şirvan xanımı, hansı kı, İçərişəhərdə yaşayırmışlar, oradan gəlin gətiriblər. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra həmin saraylar ləğv olundu və arxivdən sənədlər mənə malikanə kimi qeyd olunaraq verildi. Hazırda da həmin saray mövcuddur. Məlum olduğu kimi, həmin dövrdə ailəmizə məxsus saraylar da bizdən alınıb və ailəmizə cəmi 2 otaq verilib. Babamıza atasından miras qalmış həmin mülkün də bir hissəsi sökülərək yerində həmin metro stansiyası inşa edilib. Ümumiyyətlə, metro ətrafı ərazi ulu babalarıma aid olub. Əlimdə bu barədə təsdiqlənmiş sənədlər var. Babam 1880-ci illərdə həmin ərazidə “Axund hamamı” da tikdirib. Hazırda hamam yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur. Babamın tikdirdiyi hamamın kitabəsi var. Onu da AMEA-da tərcümə etdirmişəm. Tərcüməsi belədir: “Hicri 1306 (miladi 1888 -1889) Kərbəlayi Zeynalabdin memar-usta tərəfindən inşa olunmuşdur. “İlahi, bu imarət əbədi olaraq qalsın. Sahibi isə düşmənlərə qalib olsun.””
«İlk dəfə Balaxanıda neft çıxaran ulu babam olub. Məşhur Rokfellerlər ulu babamla ortaq olublar…”
-Hətta bir neçə il öncə Mədəniyyət Nazirliyinin xüsusi mülkiyyətdə olan həmin hamamın lövhəsini üzərindən çıxararaq satmağa çalışıldığı da deyilirdi…
-Bəli, həmin hamam vaxtilə nazirlikdən icarəyə götürülmüşdü, hətta sauna kimi istifadə olunub…
-Hacı Sultan Əli (Haşimi) milyonçu olmaqla yanaşı, həm də xeyriyyəçi olub.
-İlk dəfə Balaxanıda neft çıxaran ulu babam olub. Məşhur Rokfellerlər ulu babamla ortaq olublar. Hətta onlara torpağı da ulu babamın atası Haşimi verib – orda neft çıxarmaq üçün şərait yaradıb. Əldə etdiyim sənədlərə əsasən, ulu babam Hacı Sultan Əli 1851-ci ildə Balaxanıda doğulub, 1927-ci ildə vəfat edib. Sultanəli Haşimi və Kərbəlayi Loğman babalarımın adları 1910-cu ildə Çar hökumətinin Balaxanı kəndinin fəxri vətəndaşları siyahısındadır (32 nəfərlik siyahını – sənədin surətini göstərir.RED.). Bakıda ilk telefon xətti də babam üçün çəkilib. Bunu sənəddəki siyahıdan görmək olur: Hacı Sultan Əlinin telefon nömrəsi – 1. 11. Rusların dövründə Haşimi familya kimi Aşumov adlandırılıb.
“Babam əvvəl 3 dəfə evlənsə də övladı olmayıb, 4-cü dəfə evləndikdən sonra sanki möcüzə baş verib və digər xanımların da övladları olub…”
Hacı Sultan Əli gənc yaşlarında bacısı Tərlan xanım tərəfindən üç dəfə evləndirilib. Amma heç birindən övladı olmayıb. Sonradan bacısı onu övladı olan dul bir xanımla evləndirib. Həmin qadından oğul övladı dünyaya gəlib. Və bundan sonra əvvəlki xanımlardan da övladlar dünyaya gəlib: iki qız, dörd oğlan. Onları da gimnaziyada oxutdurub. Sonradan kiçik oğlu Mövsüm Haşimi (o zaman Aşumov) indi “AZİ” deyilən ADNSU-nun 1934-cü ildəki ilk məzunlarından olub. Babam xeyriyyəçi olub. Məscidlər tikdirib, onun vəsaiti ilə məktəblər açılıb. O zamanlar birinci hamam, sonra isə yanında məscid tikərmişlər. Hamı dəstamaz alıb məscidə ibadətə girərmiş. Uzaq yoldan gələn yolçular da məscidlərdə gecələyərmişlər. Babamın da harda mülkü olubsa, orada birinci hamam, sonra məscid tikdirib. Balaxanı kəndində 69 nömrəli məktəb var, əvvəllər məscid olub. Babam həmin məsciddə insanları qəbul edər, dərd-sərlərini, yaxud təkliflərini dinləyərmiş…

“İndi babamın açdığı – Sabirin dərs dediyi məktəbdə küftə satılır, içki içilir… “Balaxanı küftəsi -Natiqin küftəsi” adlı…”
Onu da deyim, milyonçular övladlarının hələ kiçik yaşlardan evdəki təlim-tərbiyəsinə ciddi diqqət göstərərmişlər. Məlumatlara görə, Bakıya gəmilərlə İsveçrədən, Fransadan və digər Avropa ölkələrindən “qubernantka”lar gətirərmişlər ki, həmin qadınlar milyonçuların övladlarına həm xarici dil öyrətsinlər, həm də təlim-tərbiyəsində iştirak etsinlər. Fikir vermisizsə, Balaxanıda yaşayan insanlar arasında açıq göz rəngli, sarışın insanlar çoxdur. Hansı ki, Ərəbistandan köç edənlərin əksəriyyəti qarabuğdayı olublar. O zaman varlı şəxslərin ailələrində həmin “qubernantka” qadınlarla izdivaclardan, ola bilsin ki, dini nikahlardan uşaqlar dünyaya gəlib.
Rəna xanım söhbətinə davam edir:
-…Ulu babam çox maarifpərvər olub. O, nəinki öz övladlarının, hətta mədənlərində çalışmaq üçün müxtəlif bölgələrdən gəlmiş şəxslərin uşaqlarının da təhsil almasını istəyib. Ona görə də onlar üçün Balaxanıdakı mülklərindən birini məktəbə çevirib. Təqdim etdiyim bu şəkildən gördüyünüz kimi, məktəbin açılışında M.Ə.Sabir, H.Z.Tağıyev, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Bakı şəhərinin Axundu (hansı ki, ulu babamın atası Sultan Haşimi axund təyin edib), Hacı Sultan Əli və digər şəxslər iştirak edirlər. Arxa tərəfdəki yeniyetmə oğlanlar isə babamın mədənlərində çalışanların övladlarıdır. Hansı ki, həmin məktəbdə təhsil alacaqdılar. Və hətta həmin uşaqların papaq quruluşundan kimin övladı olduğu məlum olurmuş. Çünki hər bölgənin öz papaq görünüşü vardı: şiş, yastı və s.

“Əminə bibim (Sultan Əli Haşiminin qızı) danışırdı ki, o vaxt M.Ə.Sabiri Şamaxıda öldürmək istəyirmişlər, şair Sultan Əli babamın yanına gələrək ondan kömək istəyib…”
Sabir o zaman xəstə imiş. Babam da onu Ləhiş bağlarına göndərib. Ləhiş bağlarındakı loğman da onu müalicə edib… Onun hər sarayında loğmanı olub. O, bir müddət Balaxanıda babamın mülklərindən birində yaşayıb və həmin məktəbdə də müəllimlik edib. Həmin təhsil ocağı sovetlər dönəmində də məktəb kimi fəaliyyət göstərirdi. Sonralar həmin məktəb restavrasiya edilərək restoran edildi. Bildiyim qədər, bir xanım iş adamı Balaxanıdan olan yüksək vəzifəli şəxslərin köməyi ilə məktəbi özəlləşdirib. Sahibkar əvvəl toy salonu kimi istifadə edib. Sonradan görüb ki, işin üstü açılacaq, satıb. Satdığı adamlar indi oranı məşhur küftəxana ediblər – “Balaxanı küftəsi – Natiqin küftəsi”. İndi Sabirin dərs dediyi məktəbdə küftə satılır, içki içilir…
“1918-ci ildə Bakıda baş verənlərlə bağlı xəbəri də Türkiyəyə babam Hacı Sultan Əli göndərmişdi…”
Vaxtilə Hacı Zeynalabdin Tağıyev bənna olanda – inşaat işlərinə baxanda babamın bir çox tikinti işlərini həyata keçirib.
-Bəli, əvvəllər bənnalıq etsə də, sonralar Bibiheybətdə aldığı torpaqda neft quyusu fontan vurdu və Zeynalabdin Tağıyev milyonçu, eyni zamanda tanınmış xeyriyyəçi, mesenat oldu. Azərbaycan xalqı üçün böyük miras qoyub. Əməlləri öyməklə bitməz…
-Xeyr… O vaxtlar milyonçular ev tikdirirmiş və qızıllarını saxlamaq üçün evlərində xüsusi arakəsmə hördürüb qızılları orada saxlayırmışlar. İndiki kimi banklar yox idi… Bir gün belə bir ev inşa olunanda Tağıyevin gözlərini bağlayıb faytonla əraziyə aparıblar. Həmin şəxs illər sonra vəfat etdikdən sonra övladları mülklərini satmağa başlayıb. Fərsiz övladlar çox olur… Tağıyev də həmin mülkü alıb. Ölən şəxsin heç bir ailə üzvü isə bu barədə məlumata malik olmayıb.
-Bütün bunlar iddiadır. Siz bunu hardan bilirsiniz?
-Bu barədə mənə ulu babam Hacı Sultan Əli Haşiminin qızı Əminə xanım danışıb – babam Möhtəşəmin bacısı.
-Yenə də vurğulayım ki, bu təsdiq olunmamış iddiadır və ilk dəfədir ki, eşidirəm… Ola bilsin ki, Tağıyevin sonradan milyonçu olması belə şayiələrə səbəb olub…
Bəs necə oldu ki, ulu babanızla, köklərinizlə bağlı araşdırmalar aparmağa başladınız?
-Mən uşaqlıqda Hacı Sultan Əlinin qızı Əminə xanımın, bacısı Sona xanımın yanında yaşamışam. Ətrafımda olan insanlar mənə «şahzadəmsən, sultanımsan” deyərək əzizləyərdilər. Əlbəttə, mən uşaqdım, mənasını anlamırdım. O zamanlar belə sözləri dilə gətirməyə belə qorxardılar. Əminə xanım mənə “sən sultan nəvəsisən “ deyərdi və sonra da əlini dodağının üstə qoyaraq susmağı işarə edərdi. O, tibb fakültəsini bitirmişdi, həkim işləyirdi (Amma heç zaman ailə qurmadı. Səbəbi isə kiçik qardaşı Mövsüm Haşiminin 1939-ci ildə müharibədən geri qayıtmaması olub). Həmin dövrdə qorxudan ulu babalarımıza məxsus şəkillərin, sənədlərin çoxu yandırılaraq məhv edilmişdi.
Biz uşaqlıqdan Ləhiş bağlarında böyüdük. Yəni, babama məxsus sarayımızda – malikanəmizdə. Əvvəllər həmin ərazi Kürdəxanı sayılırdı. Qəbiristanlığın yanında isə məscid vardı. Məscid də ulu babam tərəfindən Həzrəti Məhəmməd Peyğəmbərin (s) adına tikilmişdi. Kitabəsinin üzərində ərəbcə “Pənci ali əba” yazılmışdı. Mənası “Həzrəti Məhəmmədin əbasının altında – Həzrəti Məhəmməd (s), Həzrəti Fatimə xanım, Həzrəti Əli və onların övladları İmam Həsən və İmam Hüseyn” deməkdir.

Sovet dövründə bütün bu ərazilər “Bağlar massivi” kimi paylanılıb, hətta məzarlığın da böyük bir hissəsi… Təəssüf ki, həmin insanlar buranın qəbiristanlıq olduğunu belə nəzərə almadan traktorla qəbir daşlarını dağıtdılar və burada bağ saldılar. O insanlar sonradan həyatlarında xoşagəlməz hadisələr yaşadılar. Oranı dağıdanlar indi bu dünyada yoxdurlar. Nəriman kişi vardı. Bir dəfə mənə təəssüfləndiyini etiraf etdi və bildirdi ki, böyük bir səhvə yol verib və nəticədə, sonralar iki oğlunu itirib… Ümumiyyətlə, çox faciələr yaşanıb: birini elektrik cərəyanı vurub, iki qardaş məscidin qırını oğurlayıblar və qıra düşüb ölüblər və s. Bu şəkildəki şəxs Turqut bəydir. Vaxtilə o mənə bir çox hadisələri danışıb və məlumatlar verib. 1918-ci ildə Bakıda türk-müsəlman əhaliyə qarşı bolşevik-erməni silahlı quldurların hücumu nəticəsində kütləvi qırğınlar baş verəndə, bildiyimiz kimi, o zaman Türkiyədən də türk əsgərlər köməyə gəlmişdi. O zaman həmin əsgərlərdən yaralı olanları babam öz malikanəsində müalicə etdirib gəmilərlə Türkiyəyə yola salıb, şəhid olanları da qeyd etdiyim məscidin yanındakı qəbiristanlıqda dəfn etdirib. Çünki Bakıda baş verənlərlə bağlı xəbəri Türkiyəyə babam Hacı Sultan Əli göndərmişdi. Xəbəri isə Sabirin yaşadığı evin zirzəmisində yerləşən telefonoqramla göndərib. Bir axşam isə Turqut (Hüseynov) babanın atası Məzahir əfəndi türk komandanını evinə axşam yeməyinə dəvət edir. Qonşu otaqdan körpə səsi eşidən komandan və əsgərləri evdə yeni dünyaya gəlmiş oğlan uşağının olduğunu öyrənirlər və əliboş gəldiklərindən təəssüfləndiklərini bildiriblər. Uşağın adı ilə maraqlanıblar. Bildirilib ki, hələ ad verilməyib. O zaman türk komandan öz adını körpəyə hədiyyə vermək istədiyini təklif edib və beləliklə, körpəyə Turqut adı verilib. Azərbaycanda o zaman belə ad olmayıb. Turqut bəy ailəsi ilə məscidin ərazisində tikilmiş evdə yaşayırdı və məscidi, qəbiristanlığı qoruyurdu. Onun xanımı da məhsəti türklərindən idi. Turqut baba o qəbiristanlıqda yatan türk şəhidlərinə böyük dəyər verirdi. Həmçinin haşimilər nəslindən dünyasını dəyişənlərin də hamısı orada dəfn olunublar. Hacı Sultan Əli babamın babası Sübhan babamın da məzarı oradadır. Turqut baba və ailəsi mənə öz ailəm qədər doğmadır. O da dünyasını dəyişib. Amma ailə üzvləri ordadı və Mədəniyyət Nazirliyinin 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qoruduğunu dediyi Ləhiş bağları ərazisində yerləşən Sultan Əli məscidini qoruyurlar.

“Mənə mədəniyyət naziri Polad Bülbüloğlunun imzası ilə təsdiqlənmiş – məscidin mühafizə zonasının sənədini də verdilər”
-Söhbət Ləhiş bağları ərazisindəki məsciddən düşmüşkən, orda son vəziyyət necədir? Mən 2005-ci ildəki fotosunu gördükdə, bərpası ümidverici idi. Amma indiki vəziyyət çox məyusedicidir…
-Ötən il məsciddəki kitabənin bir hissəsi oğurlanıb. Buna görə Türkiyədəki müalicəmi yarımçıq qoyub Azərbaycana qayıtdım. Daha əvvəl kitabədən biri qopub yerə düşmüşdü və mən onu götürüb özümdə saxladım. O biri hissəsini isə bilərəkdən oğurladılar. Çünki çox adam bilmir ki, oralar qədim qəbiristanlıqdı, məsciddi, çünki artıq dağılıb, yox olmaq üzrədir. Ərazini satmaq üçün müştəri gətirəndə məscidi, üzərindəki kitabəni görüb almayacaqdılar. Yəni, həmin əraziyə kimlərsə naşı adamları müştəri qismində gətirdiyi deyilir, hansı ki, satılması qeyri-mümkündür.

-Sənədlərə əsasən, həmin məscid Mədəniyyət Nazirliyi tərəfindən qorunub. Necə qorunub ki, məscid büsbütün dağılıb, yaxud kimlərsə dağıdıb?
-Mən Mədəniyyət Nazirliyinə məscidin mühafizəsi və bərpası üçün müraciət edəndə, hələ 2005-ci ildə mənə yazılı şəkildə cavab verildi ki, Ləhiş bağları ərazisində yerləşən Sultan Əli məscidi AR NK-nin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv. № 3181, t/t-XIX əsr) dövlət tərəfindən qorunur. Halbuki məscid qətiyyən qorunmurdu. Hətta mənə o zaman mədəniyyət naziri Polad Bülbüloğlunun imzası ilə təsdiqlənmiş sənəd də verildi. Həmin sənəddə Hacı Sultan Əli məscidinin mühafizə zonasının planının surəti öz əksini tapmışdı. Məni nazirlik tam arxayın saldı. Və mən ölkə xaricində yaşadığım üçün vəziyyətə daima nəzarət edə bilmirdim. Yalnız telefon vasitəsilə Turqut bəyin ailə üzvləri vasitəsilə xəbər tuturdum. Lakin buna baxmayaraq, özüm gəlib məscidin layihəsini hazırlatdırmışam – həm məscidin bərpası, həm də babamın məzarüstü türbəsinin layihəsini.

– Mədəniyyət Nazirliyi tərəfindən sizə verilən sənəddə qeyd edilib ki, şəxsi vəsaitinizlə məscidin bərpasında iştirak edə bilərsiniz. Siz özünüz bu məzmunda müraciət etmişdiniz?
-Mən məscidin dağıldığını və kimsənin maraqlanmadığını görüb 2004-cü ildə – maddi imkanım yol verən zaman Mədəniyyət Nazirliyinə müraciət edərək məscidi öz şəxsi vəsaitim hesabına bərpa etmək istədiyimi bildirmişdim. Lakin o zaman onlardan müsbət cavab almadım. Sonradan, mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə də – 2013-cü ildə bir daha nazirliyə məscidin bərpası üçün müraciət edəndə, yenə də yazılı cavab verildi ki, layihə hazırdır və bərpa işlərinin 2014-ci ildə nazirliyə ayrılacaq vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulub. Amma bu, yenə də vəd olaraq qaldı… 10 il keçdi və mən yalnız 2024-cü ildə nazirlikdən məscidin bərpa layihəsini təsdiqlənmiş şəkildə aldım. Yəni, əvvəldən layihə var idi və onu müxtəlif qurumlar – AMEA, FHN… təsdiqləyərək mənə geri verdilər ki, etiraz etmirik, get, bərpa elə… İndi isə mənim buna maddi imkanım yoxdur, həmçinin məscid tamamilə dağılıb. Hansı ki, illərlə Mədəniyyət Nazirliyi vədlər verərək məni arxayın salırdılar. Əsas odur ki, məscidin ətrafındakı qədim məzarlıqda Bakını erməni daşnaklarından azad etmiş türk əsgərlərinin də qəbri var… Onu da qeyd edim ki, qəbiristanlığın ərazisinin tamamilə satılmasının qarşısını mən almışam. 2004-cü ildə Bakı şəhər RİH-in Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinə müraciət etdim ki, o qəbiristanlıq bizim nəslə-şəcərəyə məxsusdur. Onlar da sağ olsunlar, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə 12 sotluq qəbiristanlıq ərazisini sənədlə mənə verilməsi barədə göstəriş verdilər. Mən olmasaydım, kiməsə sənəd veriləcəkdi, o da gedib bağ evi tikdirəcəkdi, bağ salacaqdı… Hazırda köhnə qəbiristanlıqda başdaşları yoxdur, yalnız qəbirlər qalıb. Dediyim kimi, orada həm də 1918-ci ildə şəhid olanlar da dəfn ediliblər. Mənim babamın xidmətləri çox olub. Heç olmasa tikdirdiyi məscid qorunardı, bərpa olunardı, qəbirüstü türbə tikilərdi. Halbuki hazırda mənim bütün bunları həyata keçirməyim üçün maddi vəsaitim yoxdur. Mən onun nəticəsiyəm və bütün bunları tələb etməyə haqqım var. Axı o, təkcə ulu babamdan qalan yadigar deyil, bir tarixdir, xalqa məxsus mədəni irsdir, mirasdır.

“Bakıda iki qadın neft maqnatı olub – onlardan da biri Hacı Sultan Əlinin bacısı Tərlan xanım Haşimi idi”
…Bakıda neft maqnatları yaxşı pul qazanıblar və qazandığı pulları hamam, məscid, məktəb, gimnaziya… tikintilərinə sərf ediblər. Ovaxtkı milyonçular böyük xeyriyyəçi olublar. Məscidlərin tikintisinin də xüsusi əhəmiyyəti vardı. Məsələn, məscidə namaza – ibadətə gələn adamlar hər gün bir-biri ilə görüşürmüşlər. Kimsə məscidə gəlməyəndə ona baş çəkərmişlər. Elə qadınlar olub ki, dul olublar, yaxud tənha yaşayanlar olub. Hacı Sultan Əlinin ya qızı, ya həyat yoldaşı həmin qadınların səhhəti ilə, yaxud nəyəsə ehtiyacı olub-olmaması ilə maraqlanarmışlar. Ləhiş bağlarında başqa bir məscid də var: ona görə ki, qadınlar, yaşlılar uzaq məsafələrdən məscidə gedib-gəlməsinlər və namaza yaxınlıqdakı məscidə getsinlər. Bəzən nəyəsə maddi ehtiyacı olanlar da məscidə gedər və orda bildirərmiş. Xəstə olanları saraylarda olan loğmanlar müalicə edərdi. Mənim Xədicə xalam vardı, “Nizami” metrosunun yanında yaşayırdı, onda bəzi şəkillər vardı – Elmlər Akademiyasında çalışanlardan kimlərsə gəlib ondan məlumat toplayıb, hər gedən də bir şəkil alıb aparırmış. Heyif ki, o şəkilləri xalam yaşlı olduğu üçün inanaraq onlara verib… Hazırda məndə cəmi 3 foto qalıb. Hər dəfə həmin şəxslərlə görüşündən sonra o sevinərək bizə deyərdi ki, statusumuz özümüzə qaytarılacaq… Mən sənədləri topladıqdan sonra Elmlər Akademiyasına müraciət etdim və kitab, ensiklopediya hazırladıqlarını eşitdiyimi bildirdim. Onlara əlimdə Bakı şəhərinin tikintisində kimlərin iştirak etməsini özündə əks etdirən sənədlər olduğunu dedim. Mənə İçərişəhərə getməyi məsləhət gördülər. Mən ora da getdim, mütəxəssisləri tapdım. Onlara bildirdim ki, şəhərdə aparılan tikintilərdə, şəhərin quruculuğunda babam (Hacı Sultan Əli Haşimi) həm vəsaitini qoyub, həm də təşəbbüskarı olub.
Bütün bunları arxivdəki araşdırmam zamanı orada çalışan iki rus qadının mənə Bakı şəhərinin xəritəsini verərkən öyrəndim. O xəritədə İçərişəhərin ara qapılarından prospekt başlayır – Haşiminin adına olub, yəni Hacı Sultan Əlininin – indiki “Tarqovı” (Nizami küçəsi –red) deyilən. Dəfələrlə adlar dəyişib: məsələn, bizim Haşimilər məhəlləsi rusların işğalından sonra Sverdlovski, Kanitapinski oldu…
– AR Milli Arxiv İdarəsindən əldə etdiyiniz bəzi sənədlərdə ulu babanız Sultan Əli Həşimovun (Haşimi) Bakı və Abşeronda olan mal-mülklərinin siyahısı var. Bu məlumatlar 1910-1913-cü illərə istinadən verilib. Bəzilərini qeyd etmək istəyirəm: Balaxanı bağları arasında 1 saylı torpaq sahəsi, Balxanı kəndində evi, Maştağa kəndində 1/600 desyatinə (1 desyatin = 1, 092 ha) bərabər torpaq sahəsi, yenə Maştağada 1120 sajına bərabər (1 sajın=2, 134 m) üzüm bağları, Bakı şəhərində o zamankı Sprasskaya küçəsində yerləşən tikilisində yeni dəyişikliklər edilmiş 137 saylı üç mərtəbəli – 17 mənzil, eyni zamanda 51 otaqdan ibarət olan evi (ümumi gəliri 7168 rubl, təmiz gəliri 5018 rubl), Kürdəxanı kəndində evi, Hacı Sultan Əlinin atası Haşim Sübhan oğlunun sağlığında ikən Balaxanı kəndində 3900 kv.sajına bərabər torpaq sahəsi (1kv sajın = 4,550 kv.m), Bakıda iki torpaq sahəsi – birincinin üzərində tikililəri olan – uzunluğu 14 1/2 sajına və eni 9 ½ sajına bərabər Spasskaya və Kanitapinskaya küçələrinin kəsişməsində 149/9 saylı ünvanda, Spasskayada küçəsi 151 saylı ünvanda yerləşən ikinci torpaq sahəsinin üzərində isə ev, xidməti otaqları, həyəti 5 sajına 1 arşın 13 verşoka uzunluqda torpağı (malikanənin dəyəri 28000 rubl), 1-ci Paralelnaya küçəsi 75 saylı ünvanda evi, Balaxanıda 14 ədəd neft quyusu, vətəgələri və digər əmlakları olub.
– Hacı Sultan Əlinin sənədə əsasən, 3 balıq vətəgəsi də olub – Novxanıda, Kürdəxanıda və bir də “Amburan mayakı” adlanan sahil zolağında. Mayak həm də liman kimi istifadə olunub. Bakıda, o zamanlar cəmi iki qadın neft maqnatı olub. Arxivdən mənə verilən sənədə əsasən, onlardan da biri Hacı Sultan Əlinin bacısı Tərlan xanım Haşimidir. Onun 4 neft mədəni-buruğu olub. Babam Bakıdan başqa Dərbənddə, Qubada, İsmayıllıda, cənub zonasında da məscidlər tikdirib.
““Hacı Sultan Əli” məscidi”nin memarı Zivər bəy Əhmədbəyov deyil, polyak memar- mühəndis İ.K.Ploşko olub”

-Mən sənədləriniz arasında sizin vaxtilə Türkiyə səfirliyinə ünvanlamış müraciətinizin surətinə də rast gəldim. Müraciətdə bildirmisiniz ki, 1918-ci ildə erməni quldurların Bakıya hücumu zamanı onlara qarşı döyüşdə qəhrəmancasına həlak olmuş türk komandirin və digər gəncin nəşi ulu babanızın mərkəzdə yerləşən “Hacı Sultan Əli” məscidinin həyətində dəfn edilib. Lakin sovet hakimiyyəti qurulduqdan sonra həmin qəbirlər yoxa çıxıb. Bu ərizəniz səfirliyə yetişdimi, ümumiyyətlə, həmin hadisə necə baş verib?
-1904-1910-cu illərdə milyonçu babamın vəsaiti ilə “Hacı Sultan Əli” məscidi inşa edilib, hansı ki, indiki “Nizami” metrosunun arxasında yerləşir. Məscidin memarı polşalı memar-mühəndis İosif Kasperoviç Ploşko olub.
-Əslində, bəzi mənbələrdə həmin məscidin Azərbaycanın ilk memarı Zivər bəy Əhmədbəyov tərəfindən inşa edildiyi deyilir. Mən də başqa mənbədə “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı” kitabına əsasən həmin məscidin Ploşko tərəfindən layihələndirilməsi barədə ehtimala rast gəlmişəm…
-Ploşko ilə bağlı məlumatı mənə mərhum akademik, AMEA-nın həqiqi üzvü Şamil Fətullayev görüşümüz zamanı demişdi. 1918-ci ildə erməni daşnakların hücumu zamanı həmin məscidin yaxınlığında bir türk əsgəri və qonşuluqdan gənc bir oğlan şəhid olub.
“Sənədlərdə məscidin ölkə əhəmiyyətli olduğu qeyd edilsə də, təəssüf ki, giriş qapısına vurulmuş lövhədə yerli əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilir…”
-Mən gətirdiyiniz sənədlər içərisində İncəsənət Muzeyinin baş mütəxəssisi Nailə Rəhimovanın xatirəsinə rast gəldim. Nailə xanım həmin qətlə yetirilən azərbaycanlı gəncin Məşədi Rəfi Əhmədovun sonbeşik oğlu Paşa olduğunu qeyd edib. 31martda “Bayır şəhər”də müxtəlif ünvanlarda yaşayan oğlanlarına Novruz sovqatı göndərmək istəyən Məşədi Rəfinin ailəsi 18 yaşlı Paşanın əlinə bayram xonçası verib qardaşlarıgilə yola salırlar. Axşamın qaranlığında isə Paşa məscidin qarşısında erməni gülləsinə tuş gəlir.
-Elədir, babam onları məscidin ərazisində dəfn etdirir. Sovet dövründə məsciddə müxtəlif təşkilatlar yerləşdirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra məscid əvvəlki kimi fəaliyyətini davam etdirib. Sonradan abadlaşdırmaq adı altında həmin qəbirləri olduğu yerdən götürüblər. Dediklərinə görə, yeni minarənin altında dəfn ediblər… Amma o zaman qəbrin üstündəki kitabədəki qeydlər qalıb. Mən onu tərcümə etdirdim. Orada bu sözlər yazılıb: “1918-ci ildə vəfat edib. Allah günahlarını bağışlasın”. Mən o zaman həmin qəbirlərin tapılması ilə bağlı müraciətlər etmişdim… Onu da əlavə edim ki, babam tikdirdiyi məscidlərdə minarə inşa etdirməyib. Hazırda mövcud olan minarə isə sonradan tikilib.
-Mən özüm də araşdırmışam və məlumata əsasən, minarənin tikintisi zamanı aparılan qazıntı işləri vaxtı onun alt hissəsində Qafqaz İslam Ordusunun Əhməd adlı əsgərinin məzarı tapılıb. Ehtimallara əsasən, əsgər 1918-ci ildə həmin dövrdə “Karamelni” deyilən ərazidə erməni daşnakları ilə döyüşdə həlak olub və mərhumun ruhuna hörmət əlaməti olaraq o, məscidin həyətində dəfn edilib. Tikinti işləri zamanı mərhumun nəşinin qalıqları toplanıb minarənin alt hissəsində yenidən dəfn olunub və kitabəsi divara həkk olunub. Və həmin məscid AR NK-nin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
-Tərcümə etdirdiyim həmin kitabə təəssüflər olsun ki, qəbirlər sökülərkən məscidin tamamilə görünməyən və çox aşağı yerində yerləşdirilib. Mən o zaman buna etiraz etdim. Etirazımdan sonra, məscidin o zamankı rəhbərliyi kitabəni yerindən çıxarmağa cəhd edib. Hazırda kitabənin bir küncü sındırılmış vəziyyətdədir… Həmçinin sənədlərdə məscidin ölkə əhəmiyyətli olduğu qeyd edilsə də, təəssüf ki, giriş qapısına vurulmuş lövhədə yerli əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilir. Bununla bağlı bir neçə il öncə Mədəniyyət Nazirliyinə rəsmi müraciət etmişəm. Hələ də nəticəsi yoxdur…
“Həcc ziyarətinə 10 dəfə getdiyi ilə öyünənlər var. Bu din adamlarının necə ola bilər ki, gözü önündə belə bir məscid- Allahın evi dağılıb gedir, amma onların tükü tərpənmir?”
-Rəna xanım, sizin sənədlər əsasında bizə təqdim etdiyiniz sübutlar inkaredilməzdir. Azərbaycanın memarlıq abidəsinə bu qədər laqeyd yanaşılması qəbuledilməzdir. Bilirəm ki, əliniz hər yerdən üzüldüyü üçün redaksiyamıza müraciət etmisiniz. Əlbəttə, biz də bununla bağlı müraciət edəcəyik. Son olaraq nə demək istərdiz və gözləntinz nədən ibarətdir?
-Mən Kürdəxanıdakı ulu babama məxsus tarixi memarlıq abidəsinin – məscidin bərpasını və gələcək nəsillər üçün qorunmasını istəyirəm. Bilirsiniz, heç Mədəniyyət Nazirliyini demirəm, axı ölkəmizdə hacıların sayı-hesabı yoxdur. Elə adam var ki, pulunun çoxluğundan dəfələrlə gedib Həcc ziyarətinə. On dəfə getdiyi ilə öyünənlər var. Bu din adamlarının necə ola bilər ki, gözü önündə belə bir məscid dağılıb gedir, amma onların tükü belə tərpənmir? Belə şəxslərin hacı olması, yaxud özünə hacı titulu götürməsi nə dərəcədə düzgündür? Mən baş verənlərlə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yazılı müraciət etmişəm. Məni Heydər Əliyev Fondunda qəbul ediblər və dinləyiblər. Qəbuldan sonra 2024-cü ildə Sabunçu RİH-dən zəng edib bildirdilər ki, məscidin bərpası ilə bağlı imkanları yoxdur, həm də Mədəniyyət Nazirliyinin balansındadır və məzarlıqlarla da bələdiyyə məşğuldur və s. Yəni, Fonddakı qəbuldan sonra yönəldildiyim RİH bu işdə gücsüz olduğunu bildirdi. Onu da xatırlatmaq istəyirəm ki, M.Ə.Sabirin Bakının mərkəzində olan heykəli sonradan Balaxanıya – onun dərs dediyi məktəbin qarşısına gətirilib qoyuldu. Lakin heç bir kəs maraqlanmır ki, bəs şairin dərs dediyi məktəb hanı? Bu gün həmin məktəbi küftəçiyə, yeyib-içmək məkanına çevirənlər həm babamın, həm də şairin ruhuna hörmətsizlik etmiş olurlar. Təklif edərdim ki, milyonçunun nəticəsi – varisi olaraq həmin məkan mənə verilsin və mən orada kitabxana, yaxud şahmat evi və bu qəbildən maarifləndirici bir ocaq yaradım. Mən uzun illər bu yolda təkbaşına mücadilə vermiş biri kimi bu dəfə sizin “Təzadlar” qəzetiniz – mətbuat vasitəsilə tarixi abidəimizə qarşı bu diqqətsizliyi ictimailəşdirmək və bir daha aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. Bəlkə səsimə səs verən tapıldı… Bilirəm ki, Mehriban xanım Əliyeva belə məslələrə çox həssas yanaşır. Gördüyü işlər göz önündədir. Əminəm ki, məni bu böyük layihənin həyata keçirilməsində yalqız buraxmaz…
Yasəmən Məmmədli
P.S. Keçmişimiz bizim milli kimliyimizdir – pasportumuzdur. Zaman-zaman tariximizə sahib çıxmadıqca, keçmişimizi qoruyub gələcəyə götürə, həm də ötürə bilmədikcə söykək verə biləcəyimiz, nümunə göstərəcəyimiz keçmişimiz də, kimliyimiz də silinib gedəcək. Ümid edirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi əvvəlki sələflərindən fərqli mövqe nümayiş etdirərək artıq “can üstə” olan memarlıq abidəsini “yoxdan vara” çevirə biləcək.