11 Avqust 2025 / 12:20

Bakının əsas prospektlərində tıxacı yaradan daha bir səbəb- SOS!

…Deyirlər, Dünyada bir ölümə çarə yoxdur! Amma belə görürəm ki, həm də Bakıda uzun illərdir davam edən cansıxıcı və paytaxtın ekologiyasına ciddi zərbə vuran tıxaclara çarə yoxdur!

Gəlirəm mətləbə: hamı bilir ki, Bakının yollarındakı tıxacların bir səbəbkarı və ya baiskarı da yolları daraltmaqla özünə parklama, velosipedxana düzəldən AYNA-dırsa, bir səbəbi də əsas prospektlərdə quraşdırılmış çoxsaylı piyada keçidlərinin işıqforlaşdırılmasıdır.

Bəli, aidiyyəti qurumlar bunu piyadaların yolları rahat və təhlükəsiz keçməsi üçün edir. Amma bizim piyadalar isə Aydan, Günəşdən, Marsdan gəlib deyə, yerüstü keçidlərin mənasını hələ də bilmir və yolun ortasından vurub keçməlidirlər!

Bu günlərdə paytaxtın əsas, hərəkət sıxlığı ilə yadda qalan 8 noyabr prospektində işıqforla nizamlanan piyada keçidlərinin vizual monitorinqinə diqqət verdim. Məsələn, Ağ Şəhər Bulvarından “Naxçıvanski”yə qədər 26 işıqforlu(sağ və sol) piyada keçidini saydım. Mənzərə necədir: avtomobillərin sıx olduğu bu yolun, məsələn, sağından bir nəfər əlində pomidor kuloku yola tərəf gəlir, arxasından xeyli aralıdan daha iki-üç nəfər də gəlir. Bu qabaqdakıı piyada gözləmir ki, o iki-üç nəfər də ona çatsın, birlikdə işıqforun düyməsini basıb nəqliyyatın hərəkəti dayandırsınlar. Ən gülməlisi, onlar yolu təzəcə keçirlər ki, yolun o biri başında iki qadın telefonla qeybət edə-edə gəlib yenidən düyməni basır, avtomobillər dərhal sıralanıb dayanır. Az getmisən ki, birdən, H.Aslanov qəsəbəsinə çathaçatda yenidən eyni mənzərə, “Naxçıvanski”yə çatanda iki-üç yerdə eyni mənzərə!

Sözümün mahiyyəti budur ki: piyadalar arasında mediada, tik-tok-da, FB-də… maarifləndirmə aparılmalıdır ki, ay piyada xala, ay piyada qaqaş, 3-5 saniyə gözlə, 6-7 adam birlikdə yolu keçin, işıqforu əsəbləşdirməyin, hər dəqiqə düyməsini basıb başını xarab etməyin!

Bax belə…

Asif MƏRZİLİ 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!