Bun dəfə Bakı Ali Neft Məktəbinin beynəlxalq dərəcəli şahmatçı tələbəsi ilə tanış olaq.
BANM-in Biznesin idarə olunması ixtisası üzrə təhsil alan Read Səmədov 2015-ci ildən şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycanı nüfuzlu beynəlxalq turnirlərdə uğurla təmsil edir.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
“O, 2015-ci ildə 8 yaşa qədər, 2017-ci ildə isə 10 yaşa qədər Respublika çempionu olub, eyni zamanda Avropa çempionatlarında gümüş mükafatlara layiq görülüb. 2022-ci ildə kişilər arasında Avropa çempionatında çıxışı zamanı ilk beynəlxalq qrossmeyster və beynəlxalq usta ballarını toplayıb, 18 yaşa qədər kateqoriyasında ikinci yerə yüksəlib. Həmin il İspaniyada keçirilən beynəlxalq turnirdə üçüncü beynəlxalq usta balını toplayaraq Beynəlxalq Usta (IM) tituluna layiq görülüb.
Read Səmədov 2022-ci ildə Naxçıvanda təşkil olunan 16 yaşa qədər Dünya Şahmat Olimpiadasının bürünc, 2023-cü ildə isə Niderlandın Eindhoven şəhərində keçirilən Dünya Şahmat Olimpiadasının qızıl mükafatçısı olub. 2025-ci ildə Rumıniyada keçirilən kişilər arasında Avropa çempionatında 375 iştirakçı arasında 12-ci yer tutaraq Dünya Kubokuna vəsiqə qazanıb və ikinci beynəlxalq qrossmeyster balını əldə edib.
Bundan əlavə, o, kişilər arasında sürətli şahmat üzrə Azərbaycan Respublikası çempionatının bürünc mükafatçısıdır.
Tələbəmizlə qürur duyur və ona uğurlar arzu edirəm”, – deyə rektor qeyd edib.
Y.Məmmədli