Avqustun 16-da Bəxtiyar Vahabzadənin anadan olduğu gündən tam bir əsr vaxt tamam olur. Qəsdən onu titulsuz təqdim etdim, gəlin baxaq, görək onun hansı titulları var.
O, AYB üzvü, ədəbiyyatşünas, xalq şairi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar incəsənət xadimi, Azərbaycan və ayrıca SSRİ Dövlət Mükafatları laureatı, M.F. Axundov adına Ədəbi Mükafatın laureatı, AR Ali Sovetinin deputatı, MM millət vəkili, “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenli, Prezident təqaüdlü və Sovet dövründə layiq görüldüyü xeyli sayda digər orden, medal, mükafat, diplom və hətta Rumıniyanın “Ləyaqət” ordeni laureatı olan şair-vətəndaş idi!
Bunlar Bəxtiyar Vahabzadənin titulları və digər xidmətlərinin sadəcə siyahısıdır. Bunların arasında ən önəmlısi isə elə ən sonda yazılandır – şair-vətəndaş. Xalq onu şeirlərinə görə nə qədər sevibsə, bir o qədər də cəsarətinə görə sevib. Gözəl şeir yazanlarımız az olmayıb, lakin Qırmızı İmperiyanın gözlərinin içinə baxaraq “Gülüstan”ı yazan, sonrakı yaradıcılıq dövründə də həyatının sonuna qədər eyni əqidəsindən dönməyən, “Azərbaycan Türk Dili” deməkdən dili ağzında qabar olan, 80-cı illərin sonlarındakı Meydan, Dirçəliş və Azadlıq hərəkatlarında əhalinin əlləri üstündə meydana gətirilən, xalqa ağsaqqallıq edən, 20 Yanvar qırğınının səhərisi günü Qanlı İmperiya cəlladı olan generalın ona uzanan əlini rədd edərək üzünə tüpürən, şəxsi təşəbbüsü ilə Ali Sovetin təcili iclasını şağırıb orada sədrlik edərək 20 Yanvarın mahiyyətini rəsmən bütün dünya parlamentlərinə çatdırmağa nail olan məhz Bəxtiyar Vahabzadə olub.
Onun yaradıcılığı, ictimai fəaliyyəti həmişə göz qabağında olub, bu haqda yubiley yazısında geniş yazmağa ehtiyac duymuram. Əslində, ictimai fəaliyyəti haqqında yuxarıda tezis şəklində olsa da yazdım, o zaman onun yaradıcılığına verilən ən yüksək adı – Türk Dünyasının böyük şairi adını da burada qeyd etməyi özümə borc bilirəm.
Bütün dahilər kimi Bəxtiyar Vahabzadənin də Tarixdəki yerini Əlahəzrət Zaman cilalaylb üzə çıxaracaq. Uca dağların qarlı zirvələri dağın dibindən baxdıqda yox, ondan yetərincə uzaqlaşdıqca daha möhtəşəm göründüyü kimi, Bəxtiyar zirvəsi də zamanı gəldikdə öz ehtişamı ilə gələcək nəsillərin qarşısında açılacaq.
Mən qətiyyən şübhə etmirəm ki, o zaman gəldikdə Bəxtiyar adı (Vahabzadəsiz) Nizami, Füzuli, Nəsimi, Sabir kimi dahilərin adları ilə bir cərgədə yazılacaq, tədris ediləcək.
Yubileyin mübarək, ulu Bəxtiyar!
ETİBAR ƏLIYEV
Daşkənd, Səmərqənd, Buxara
15 avqust 2025-ci il.