“Rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən ona bənzəyir ki, bulaq suyunu kənara qoyub, gedib kanalizasiya suyu içirsən”. Seymur Baycan möhtəşəm əsərlərinin birində belə yazır. Azərbaycan türkcəsini Türkiyə tükcəsinə qarşı qoyur. Türkiyə türkcəsini aşağılamaq üçün onu “kanalizasiya suyu” ilə müqayisə edir.
İranın tanınmış müctəhidlərindən biri ayətullah Müctəhidi Tehrani isə belə buyurmuşdu: “Cəhənnəm əhlinin dili türkcə və cənnət əhlinin dili farscadır”.
Diqqət edirsizmi, yazıçı Seymur Baycan Rusiyanı bizi nümunə kimi soxuşdurur, cənab Tehrani isə farscanı cənnətli, tükcəni isə cəhənnəmlik edir…
Mən Müctəhidi Tehrani başa düşürəm.
Ancaq Seymur Baycanda ilişib qalıram. Ona da təəccüb edirəm ki, Azərbaycanda sapı özümüzdən olan nə qədər balta var.
O gün belələrindən biri- İlkin Rüstəmzadə bir status paylaşmışdı. Tələt Paşa (1874-1921) və onun sədr müavini olduğu İttihad və Tərəqqi cəmiyyəti haqqında son dərəcə eybəcər ifadələrlə dolu statusda çağdaş Türkiyəyə və Tayyib Ərdoğana aşırı nifrət sərgiləmişdi. Söhbət ondan gedirdi ki, Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinə Tələt Paşanın adını verməyə hazırlaşır. İlkin bəy də buna qəti etiraz edirdi. Etsin. Ancaq etirazı bu formada etmək olmaz axı. Diqqət edin, görün nə yazır: “…bu gün Türkiyədə cümhuriyyətə nifrət edən dinçi zehniyyət hakimiyyətdədir deyə, Osmanlının ən oğraş adamları belə, təbliğ olunurlar”. Yəni adam Tələt paşaya birbaşa oğraş deyir. Başqa bir sitat: “Tələt Paşa özü tarixdə çox iyrənc bir şəxsiyyət kimi qalıb”.
Türkiyə haqqında isə hörmətli İlkin bəy deyir ki, kütlə elə düşünür ki, “Türkiyə çox bomba xarici siyasət aparır”. Halbuki “bu diplomatiya Türkiyəni çox ağır fəsadları olacaq siyasi-diplomatik təklənməyə aparır”.
Mənimsə bildiyim odur ki, dünyanın bütün güc mərkəzləri Türkiyə ilə ittifaqda olmağa can atır. Ya mən siyasətdən bir şey bilmirəm, ya da İlkin bəyin dünyadan xəbəri yoxdur…

Keçirəm Tələt paşaya. Qərb mənbələri yazır ki, de- fakto Tələt paşa 1913-1918-ci illərdə Osmanlı imperiyasına rəhbərlik edib. Böyük Britaniya ona qarşı xüsusi ilə qəzəbli olub. Çünki onun adı Osmanlını məhv etmək istəyən Britaniya imperiyasına qarşı dirəniş göstərənlərin başında gəlirdi. Qərb ölkələri onu ermənilər də daxil olmaqla 1.7 milyon xristianı məhv etməkdə suçlayırdı. Tələt Paşa İttihad və Tərəqqi cəmiyyətinin ölkə xaricində fəaliyyəti dövründə bir neçə dəfə Mustafa Kamal Paşa ilə də yazışmalar aparıb. Yəni Türkiyə Respublikasının qurucusu və ilk prezidenti ilə işgüzar münasibətləri olub. İlkin Rüstəmzadə isə bu münasibətləri düşmənçilik həddində olduğunu iddia edir. Halbuki Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Ərzirum ermənisi Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildikdən sonra məhz Atatürkün göstərişi ilə dövlət adından onun ailəsinə, konkret desək Hayriye xanıma yüksək səviyyədə yardım göstərilib. Bu yardımla bağlı arxiv sənədini dostlar mənə göndəriblər. Həmin sənədi də təqdim edirəm. Yəni Atatürk Tələt paşanı İlkin bəy kimi “Osmanlının ən oğraş adamı” hesab etməyib. Tam əksinə. Ona ehtiram göstərib. Məsələn, Qərb mənbələri yazır: “He held regular correspondences with Mustafa Kemal from Berlin.Unlike Enver, Kemal had friendly relations with Talaat, with Kemal addressing Talaat as his “brother” in their communiques”. (O, Berlindən Mustafa Kamalla mütəmadi yazışmalar aparırdı. Ənvərdən fərqli olaraq, Kamal Tələtlə dostluq münasibətində idi, Kamal Tələtə rəsmi yazışmalarında “qardaş” kimi müraciət edirdi.) Böyük Atatürk oğraş adama qardaş deyərdimi?
Son olaraq onu da deyim ki, Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edildi (25 fevral 1943). Yəni, Tələt paşanın məzarını Berlindən İstanbula məhz cümhuriyyətçilər gətirib. Yəni, cümhuriyyətçilər də Tələt paşanı sevirdi…
Necə ki, Seymur Baycan türk dilinə nifrət edir, eləcə də siz Tələt paşaya nifrət edə bilərsiz. Ancaq istənilən halda tarixi təhrif etmək olmaz. Atatürkün “qaradaş” dediyi adama isə “oğraş” demək heç olmaz…
Elbəyi HƏSƏNLİ,
Surix