19 Avqust 2025 / 10:23

DAĞLARIN ARXASINDAKI ÜMİD: TÜRK ORDUSU- ALMANİYADAN “TƏZADLAR”A YAZIRLAR

(Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə ithaf olunur)

Bu yazıda Bəxtiyar Vahabzadənin həyatının təfərrüatlarına geniş şəkildə toxunmayacağam; çünki onun tərcümeyi-halı və yaradıcılığı haqqında məlumatlara bu gün internet vasitəsilə və müxtəlif mənbələrdən asanlıqla çatmaq mümkündür. Bu xatirə yazısında isə mənim məqsədim Bəxtiyar Vahabzadə ilə yaşadığım xatirələri, tanıdığım və müşahidə etdiyim B. Vahabzadəni, onun şəxsiyyətini və insani cəhətlərini anlatmaq olacaq.

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Azərbaycanın Şəki rayonunda anadan olmuş, 2009-cu il fevralın 13-də Bakıda vəfat etmişdir. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, burada ibtidai və orta təhsilini tamamlamışdır. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Vahabzadə, 1964-cü ildə çapdan çıxmış “Səməd Vurğunun həyatı və yaradıcılığı” adlı monoqrafiyası ilə doktor elmi dərəcəsi qazanmışdır. 1990-cı ildə təqaüdə çıxana qədər Azərbaycan Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasında müəllim, dosent və professor vəzifələrində çalışmış, elmi-pedaqoji fəaliyyəti ilə ölkəsinin mədəni həyatına misilsiz töhfələr vermişdir. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının üzvü seçilmiş, Sovetlər dönəmində üç, müstəqil Azərbaycan Respublikası dövründə isə iki dəfə olmaqla ümumilikdə beş dəfə millət vəkili seçilərək xalqın səsi olmuşdur.

Bu xatirə yazısının məqsədi onun akademik və ədəbi uğurlarını sadalamaq deyil, tanıdığım Bəxtiyar Vahabzadənin bir insan olaraq malik olduğu səmimiyyəti, zərifliyi və dərin düşüncə aləmini diqqətə çatdırmaqdır. Bəxtiyar Vahabzadə yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının ədəbiyyatında xüsusi mövqeyi olan nadir şəxsiyyətlərdəndir. Onun əsərləri Azərbaycanda milli şüurun formalaşmasına, xalqın kimlik duyğusunun möhkəmlənməsinəböyük təsir göstərmiş, Türk Dünyası ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr bəxş etmişdir. Onun istiqlal mübarizəsinə verdiyi dəstək və ictimai həssaslığı, 1995-ci ildə Azərbaycan Respublikasının İstiqlal Ordeni ilə təltif olunması ilə də rəsmi şəkildə qiymətləndirilmişdir. Bəxtiyar Vahabzadənin elmi və ədəbi uğurlarını təkrar sadalamaq əvəzinə, mənim üçün daha qiymətli olan – onun insani yönlərini, şəxsiyyətini və mənimlə bölüşdüyü xatirələrdən bəzilərini sizlərə çatdırmaq istəyirəm. Bəxtiyar Vahabzadə ilə ilk tanışlığım 1995-ci ildə Bakıda baş tutdu. Zaman keçdikcə aramızda yalnız dostluq deyil, qardaşlıq səviyyəsində dərin bir bağ yarandı. Bu bağ, illər boyunca bir-birimizə olan güvən və ədəbiyyata sevgimizlə daha da möhkəmləndi.

1998-ci ildə onun öz səsi ilə oxuduğu şeirlərini “Hara gedir sabahımız” adı ilə ilk dəfə kaset şəklində yayımlamaq imkanı əldə etdim. Beynəlxalq miqyasda və Türk Dünyasında milyonlarla insan Bəxtiyar Vahabzadənin şeirlərini onun öz səsindən dinləyərkən, mən hər dinlədiyimdə onunla keçirdiyim günlərin xatirələrini yenidən yaşayıram. Səs yazmaprosesində şairin repertuarını seçərkən ona bəzi şeirlərinin adlarını təklif etdiyimdə böyük təəccüblə üzümə dönüb belə demişdi:
“Ay qardaş, mənim bu qədər şeirlərimi hardan bilirsən? Azərbaycanlı oxucularım belə şeirlərimi bu qədər bilməzlər.” Kaset yazılışı zamanı Sovet dönəmində qadağan olunmuş bəzi şeirlərini necə gizli arxivdə saxladığını və ilk dəfə kaset üçün səsləndirəcəyini söylədikdə çox həyəcanlanmışdım. “Soğan”“Nağıl-həyat” kimi şeirlər, Sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, şairin qətiyyətini və sənətə bağlılığını göstərən nadir əsərlər idi və illərlə gizli saxlanılmışdı. Bəxtiyar Vahabzadə ilə keçirdiyim o günlər təkcə ədəbi fəaliyyət deyildi, həm də bir dostluğun tarixi yolçuluğu idi. Yazdığım hər səs yazısında onun sözlərində və səsində həm bir şairin, həm də bir insanın dərin ruhunu duymaq imkanı tapırdım. BəxtiyarVahabzadə ilə münasibətim yalnız bir şairlə dostluq deyildi; burada bir ruh yaxınlığı, ortaq hisslərin bölüşülməsi də vardı. Unudulmaz anlarımdan birini, öz şeirlərimdən bəzilərini qiymətləndirməsi üçün özünə oxuduğum zaman yaşamışdım. O, üzümə dönərək belə demişdi:
“Mən ata yurdun, sən ana yurdun oğlusan. Demək ki, ikimiz də eyni hissləri daşıyırıq.”
Bu sözlər aramızdakı bağın dərinliyini və ortaq duyğularımızın gücünü aydın göstərirdi.

1977-ci ildə İstanbul səfərini danışarkən üzündə dərin bir kədər vardı:
“Boğaz gəzintisi üçün aldığım gəmi biletini, öldüyümdə kəfənimin içinə qoymaları üçün övladlarıma vəsiyyət etməyi düşündüm. Birdən-birə beynimdə ildırım çaxdı və öz-özümə dedim ki: Mən nə bədbəxt bir insanam. Necə belə bir arzuda ola bilərəm? Demək, ölənə qədər rus əsarətində yaşayacağam? – dedim və fikrimdən daşındım.” İstanbulda bir səhər azan səsi ilə oyanması da onun unudulmaz xatirələrindən idi. Uşaqlığında ruhuna hopan azan səsi 52 ildən sonra İstanbulda yenidən ruhunu titrətmişdi. O, bu anını belə danışmışdı:
“Azan səsi ilə oyandım və yatağımdan qalxdım. İlahi, mən bu səsi ən son uşaqlığımda eşitmişdim. ‘Allahu əkbər’ nidası məni yenidən uşaqlığıma apardı və o, səhər azanından sonra ‘Allahu Əkbər’ şeirini yazdım.” 1980-ci illərdə başqa bir İstanbul xatirəsi isə Nəcib Fazıl Qısakürək ilə bağlı düşüncələrini əhatə edirdi. Şair, İstanbulda ona bələdçilik edən bir qrup gəncin tez-tez “ustad” deyə müraciət etməsindən çox təsirlənmiş və təəccübünü belə ifadə etmişdi: “Sovetlər dönəminə baxmayaraq, şeirlərimi necə bu qədər maraqla oxuyabildiniz?”

Gənclərdən biri belə cavab vermişdi:
Ustad, bizim Nəcib Fazıl Qısakürək adlı bir şairimiz vardı. Vəfat etdi. Türkiyədə ‘ustad’ deyiləndə ilk o yada düşərdi. Sizi həm şair olaraq, həm də görkəmcə ona bənzətdiyimiz üçün sizə də ‘ustad’ deyirik.” Gənclər ona Nəcib Fazılın “Çilə” kitabını hədiyyə etmişdilər. Bəxtiyar Vahabzadə bu xatirəni belə danışmışdı:
“Otel otağında yatağıma uzanıb ‘Çilə’ adlı şeir kitabını vərəqləyirdim. Kitabın üz qabığındakı şəklə baxdım, sonra ‘Çilə’ şeirini oxumağa başladım və öz-özümə: İlahi, həm görkəmcə, həm də şair olaraq bu qədər bənzədiyim bu insanı sağlığında tanımaq mənə nəsib olmadı. Allah rəhmət eləsin, doğrudan da ustad dərəcəsində şair imiş – deyə düşündüm.”

Bəxtiyar Vahabzadə ilə yaşadığım bu xatirələr onun yalnız böyük bir şair deyil, həm də dərin duyğulara sahib bir insan olduğunu göstərirdi. Onunla keçirdiyim vaxtlar həm ruhumu, həm də ədəbi dünyamı zənginləşdirən bir xəzinə idi. Bəxtiyar Vahabzadə yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının könlündə dərin izlər buraxmış bir şair idi. Xatirələri, şeir və həyat çərçivəsində düşündükdə beynimdə təzəliyini hər zaman qoruyan anlar kimi canlanır.Yenə baş-başa söhbətlərimizin birində 18 yaşından etibarən gecələr yatmadığını danışmış və həmin böhranlı dövrlərində yazdığı “Gecələr Pənah Yerim” şeirindən söz açmışdı. Mən də bu şeiri kasetin repertuarına daxil etmişdim. Onun həyatında şeir yalnız estetik bir məşğuliyyət deyildi; eyni zamanda ruhunun dərinliklərindəki təlatümlərə tərcüman olan bir yol idi. Böyük diqqətlə seçdiyimiz kaset repertuarında bu şeirlər yer almışdı:
“1-Allah, 2-Vətən var, 3-Hara gedir sabahımız, 4-Oxuma bülbül, 5-Qarabağ atı, 6-Özümdən özümə şikayət, 7-Əvvəl, 8-Bu gün yeddin oldu, 9-Dünyanın, 10-Məndən xəbəsiz, 11-Nə yaman dönükmüş, 12-Axı dünya fırlanır, 13-Qəm-şadlıq, 14-Nağıl-həyat, 15-Soğan, 16-Mənim fərqim varmı heç.”

Bəxtiyar Vahabzadənin fizioloji baxımdan az bilinən bir xüsusiyyəti də ürəyinin sağ tərəfdə olması idi. Bu səbəbdən ABŞ-da, ürəyi sağ tərəfdə döyünən insanlar üzərində araşdırma aparan bir təşkilata üzv olmuş və hər il mütəmadi yoxlamalarda iştirak etdiyini söyləmişdi. Bu incə detal onun nə qədər diqqətli və özünəməxsus bir xarakter olduğunu göstərirdi. Onun ürəyi yalnız sağ tərəfində döyünmürdü; eyni zamanda millətinin dərdləri üçün dünyanın başqa qitələrində də çarpırdı.

Ömrüm boyu unuda bilməyəcəyim xatirələrin başında isə babası Zəkəriyyənin vəfatı ilə bağlı danışdıqları gəlir. Bəxtiyar Vahabzadə uşaqlığında babasının onu sovet bolşevik məktəbinə getməsini istəmədiyi üçün məktəbə yalnız 9 yaşında başladığını söyləmişdi:
Babam ölüm ayağında məni yanına çağırtdı. Atam məni babamın yatağına oturtdu. Babamoradakılara üzünü tutub dedi: Bu uşağı daha çox bədbəxt etməyin. Qoyun Bolşevik məktəbinə getsin. Ancaq ümidvar olun ki, dağların arxasından türk ordusu gələcək, Azərbaycanı xilas edəcək və övladlarınız türk məktəblərinə gedəcəklərdir.”

Və əlavə etmişdi:
“Aradan 72 il keçdi, Sovetlər Birliyi dağıldı, Azərbaycanda Türk Səfirliyi və xüsusi Türk məktəbləri açıldı. Bir gün mən də Türk Səfirliyinə gedərək Türkiyədən bir mollagöndərilməsini xahiş etdim. Bir müddət sonra Türk Səfirliyindən zəng etdilər və ‘istədiyiniz molla Türkiyədən gəldi’ dedilər. Molla ilə birlikdə Şəkiyə, babamın qəbrinə gedərkən ona belə söylədim: Babamın məzarında Qur’an oxuyub dua edəcəyik, sizi Türkiyədən bunun üçün dəvət etdim. Çünki babam, son nəfəsinə qədər dağların arxasından bizi xilas etməyə gələcək türk ordusunun həsrəti ilə yaşadı və o, bu həsrətlə də dünyadan köçdü. Babamın məzarına çatanda onun ruhuna belə üz tutdum: Baba, gözlədiyin türk ordusu dağların arxasından gəldi. Azərbaycanda türk məktəbləri açıldı. Övladlarımız artıq türk məktəblərinə gedirlər. İndi sənin ruhuna Qur’an oxuyan da bir türk mollasıdır. Ruhun şad olsun. Artıq məzarında rahat uyu…”

Bəxtiyar Vahabzadə ilə keçirdiyim bu söhbətlər və bölüşdüyümüz xatirələr onun yalnız bir şair deyil, həm də dərin bir tarix və mədəniyyət şüuru ilə yaşayan bir insan olduğunu göstərirdi. Gecələri yuxusuz keçən şairin ruhu, fırtınalı dövrləri şeirə çevirmiş, ürəyinin sağ tərəfdə olması isə onun fərqliliyinə dair kiçik, amma mənalı bir işarə olmuşdu. Və babasına duyduğu ehtiram onun həyatının əsas dayaqlarından biri idi; keçmişlə gələcək arasında körpülər quran bir şüur həm şair, həm də insan olaraq onu əfsanələşdirmişdi. BəxtiyarVahabzadəni xatırlamaq, onun şeirlərini və həyatına dair xatirələri yenidən yaşamaq deməkdir. Hər bir xatirə, onun necə böyük bir ruh daşıdığını, xalqın duyğu dünyasının onun gözündə nə qədər qiymətli olduğunu göstərir. Bəxtiyar Vahabzadə mənim üçün Sovetlərin zülmkar illərində, fikir adamlarının sanki alovu əllərinin içində saxladığı dövrlərdə danışan həqiqi bir xalq şairidir. O, yalnız qələmi ilə deyil, mövqeyi və cəsarəti ilə də millətinin səsi olmuşdur. Sovet rejiminin hər cür təzyiqinə baxmayaraq xalqın yanında durmuş, milli dəyərləri müdafiə etmiş və fikirlərini cəsarətlə dilə tirmişdir. 1988-ci il noyabrın 17-dən dekabrın 4-dək Azərbaycanda başlanmış müstəqillik hərəkatında Azadlıq Meydanında yüksələn xalq dirçəlişinə rəhbərlik edənlərdən olmuş, 19-20- yanvar 1990-cı ildə Bakıda yaşanan və “Qanlı Yanvar” kimi tarixə düşən faciələr qarşısında milli birliyə yol göstərmişdir.

Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, milli məsələlərin hər sahəsinə dərindən bələd olan həssas bir fikir adamı idi. Onun dünyasını formalaşdıran mövzular çox geniş idi: vətən, bayraq, müstəqillik, Qarabağ, Türk Dünyası, müsəlmanlıq, bəşəri dəyərlər, ana dili, ədəbiyyat, tarix, muğam, musiqi və ana sevgisi… Sovetlər dövründə yaşadığı çətinliklər – xalqın fikir adamlarının qətlə yetirilməsi, sürgünlər, repressiyalar və siyasi təzyiqlər şairin duyğu aləmini başdan-başa əhatə etmiş, əsərlərinə dərin bir hüzn və qətiyyət qatmışdır.Bəxtiyar Vahabzadə, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük simalardan biridir. Vətənpərvərlik, fəlsəfi düşüncələr, sevgi və insanlıq mövzularını işləyən əsərləri xalqın ruhuna toxunmuş və nəsillər boyu ilham qaynağı olmuşdur. Onun şeirləri və düşüncələri yalnız Azərbaycan üçün deyil, bütün Türk Dünyası üçün ortaq bir mirasdır; keçmişlə gələcəyi, ağrı və ümidləri birləşdirən bir körpüdür. Bəxtiyar Vahabzadəni xatırlamaq, yalnız bir şairi anmaq deyil; millətinə və dəyərlərinə bağlı qalmağın, sözün və cəsarətin necə güclü ola biləcəyini görmək deməkdir. Onun mirası hər zaman xalqın ürəyində və Türk Dünyasının ədəbiyyatında yaşamaya davam edəcəkdir.

Allah rəhmət eləsin…

Əbdülqadir İnaltəkin,

Berlin,

19.08.2025-ci il.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!