Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Hər birimiz bu gün fərqli xarakterlərə, fərqli həyat yollarına sahib olsaq da, hamımızın ortaq bir başlanğıcı var: Uşaqlıq. Çox vaxt unutduğumuzu sandığımız, ‘uşaq idi, keçdi’ dediyimiz hadisələr əslində bu gün verdiyimiz qərarların, seçdiyimiz insanların və yaşadığımız qorxuların təməlində dayanır. Bu gün Sevinc Cavadi ilə uşaqlıq illərimizin görünməyən izlərini – travmalarımızı və onların sağalma yollarını danışacağıq.
• “Uşaqlıq travması” dedikdə tam olaraq nəyi nəzərdə tuturuq? Bu, mütləq böyük bir hadisə olmalıdır, yoxsa kiçik detallar da travma yarada bilər?
“Uşaqlıq travması” dedikdə, bir çoxlarının ağlına ilk növbədə fiziki zorakılıq — döyülmək və ya təhqir olunmaq gəlir. İnsanlar travmanı adətən böyük hadisələrlə əlaqələndirirlər. Lakin reallıq fərqlidir: övladlarımıza yalnız fiziki deyil, həm də ağır psixoloji və fizioloji travmalar yaşada bilərik. Travma mütləq böyük bir hadisə olmalı deyil; kiçik bir nüans belə uşağın gələcəyinə mütləq şəkildə təsir edir və onun həyatında silinməz iz qoyur.
Kiçik görünən, lakin uşaqda özünəinamı sarsıdan ən ciddi travmalardan biri “Sən bacarmazsan” ifadəsidir. Məsələn, uşaq “Ana, qabı özüm yuyum” və ya “Yumurtanı özüm bişirim” dedikdə, valideynlər çox vaxt: “Sındırarsan”, “Tökərsən”, “Mən özüm edərəm” kimi cavablar verirlər. Bununla da uşağa öz bacarığını nümayiş etdirmək üçün şərait yaratmırlar.
Nəticədə valideyn uşağı özündən asılı vəziyyətə salır. Bu asılılıq uşaq böyüdükdə onun iş və şəxsi həyatına birbaşa yansıyır. Belə fərdlər iş yerində rəhbərdən asılı olur, özünü ifadə etməkdə çətinlik çəkir və daim: “Birdən bacarmaram”, “Birdən işimi itirərəm” qorxusu ilə yaşayırlar. Deməli, uşaqlıq travması yalnız fiziki şiddət deyil, həm də “kiçik” görünən psixoloji təzyiqlərin cəmidir.
• Uşağın psixologiyasının formalaşmasında “qızıl dövr” hansı yaş aralığıdır?
İnsan həyatına nəzər salsaq görərik ki, psixologiyamız bütün yaş dövrlərində inkişaf edir və müxtəlif səbəblərdən dəyişir. Lakin uşaqlarda təməl psixologiyanın formalaşması təxminən 6-7 yaşınadək başa çatır. Biz həmin dövrdə uşaqlarımıza nə veririksə, onlar gələcək həyatlarına həmin psixoloji baza ilə addımlayırlar.
Əlbəttə, sonrakı illərdə yaşam şəraitimiz, ətrafımızdakı dostlar, yeni tanışlıqlar, iş mühiti və təhsil kimi amillər bizə təsir edə bilər. Amma ümumi xarakterin və təməl psixologiyanın bünövrəsi artıq 6-7 yaşında qoyulmuş olur. Həmin “qızıl dövrdə” yaşadıqlarımız gələcəyimizdə mütləq şəkildə özünü büruzə verir.
Məsələn, əgər uşaq böyüdüyü mühitdə maddi çətinlik və davamlı ehtiyac hissi yaşayıbsa, yetkinlik dövründə onda “toplama/yığma” meyli yaranır. Hətta şəraiti normal olsa belə, “birdən ehtiyacım olar” düşüncəsi ilə hər şeyi ehtiyatda saxlamağa çalışır. Belə insanlar müdafiə mexanizmi olaraq adətən “qara gün üçün” ifadəsini işlədirlər. Bu davranışın kökü birbaşa uşaqlıqdakı yaşam şəraitinə dayanır.
Eyni zamanda, bu yaşlarda uşaqların yaşıdları ilə ilk sosial təmasları — bağça və həyət mühitindəki tanışlıqları başlayır. Onlar məhz bu dövrdə qazandıqları duyğularla formalaşır və böyüyürlər.
• Valideynlərin tez-tez istifadə etdiyi “mən sənə görə hər şeydən keçdim” ifadəsi uşaqda hansı travmatik yükü yaradır?
Bu cümlədən, adətən, boşanan cütlüklər və ya övladına görə hər çətinliyə dözən valideynlər istifadə edirlər. Lakin bu yanaşma uşaqda dərin günahkarlıq hissi yaradır. Uşaq bütün duyğuları valideynlərindən öyrəndiyi üçün, bu hissi də çox tez mənimsəyir. Gələcəkdə isə bu, özünü ciddi fəsadlarla büruzə verir: uşaq, hətta günahı olmadığı halda belə, baş verən hər neqativ hadisəyə görə özünü məsuliyyətli bilir.
Təsəvvür edin ki, bir hadisə ətrafında on nəfər müzakirə aparır. Əgər ortada kiçik bir neqativ fikir səslənərsə, günahkarlıq hissi ilə böyümüş fərd o fikri dərhal özünə aid edir. “Məni nəzərdə tuturlar, bu mənə aiddir” deyə düşünərək daxili “mən”i ilə mübarizə aparmağa başlayır. Valideynin ötürdüyü bu duyğu uşağın xarakterinə hopur və həyatının müxtəlif dönəmlərində ona ciddi maneələr yaradır.
Güclü iradəyə malik insanlar bunun öhdəsindən gəlməyə çalışsalar da, təkbaşına tam nəticə əldə etmək çox vaxt mümkün olmur. Çünki uşaqlıqdan aşılanan bu düşüncə tərzi artıq xroniki xarakter alıb. Belə hallarda insanlar peşəkar psixoloqlara müraciət edərək bu problemi kökündən həll etməyə çalışırlar.
• Niyə bəzi insanlar yetkinlik yaşında daim onları incidən və ya dəyər verməyən partnyorlara yönəlirlər? Bunun uşaqlıqla əlaqəsi nədir?
Bunun əsas səbəbi “tanış duyğu” faktorudur. Biz həyatımızda adətən tanış olduğumuz hisslərə uyğun seçimlər edirik. Ailədə hansı duyğu ilə böyüyürüksə, gələcək seçimlərimizi də eyni meyarlar əsasında formalaşdırırıq.
Təsəvvür edək ki, uşaq valideynlərindən sevgi və qayğı görmür, davamlı sevgisizlik mühitində böyüyür. Fiziki şiddət olmasa belə, sevgi çatışmazlığı illər keçdikcə onun üçün “doğma” və tanış bir hissə çevrilir. Yetkinlik yaşına çatdıqda isə bu insan öz partnyorunda ona yad olan duyğunu deyil, məhz bildiyi və öyrəşdiyi həmin “sevgisizliyi” axtarır. Belə insanlar ona daha cəlbedici görünür, çünki bu duyğu ona tanışdır və (şüuraltı olaraq) özünü daha “rahat” hiss etdirir.
Əlbəttə, bu, yanlış bir addımdır. Əksər uğursuz evliliklərin və ayrılıqların kökündə məhz bu səbəb dayanır. Bir çoxları illərlə bunun fərqinə varmır və sanki bir “karma” döngəsindəymiş kimi daim eyni tip insanlarla qarşılaşırlar. Sevindirici haldır ki, son dövrlərdə insanların psixoloqlara müraciət etməsi və sosial şəbəkələrdəki maarifləndirici videolar sayəsində bu məsələdə ciddi fərqindəlik yaranıb. Artıq insanlar problemlərinin əsl səbəbinin uşaqlıqdakı o “tanış duyğular” olduğunu anlamağa başlayıblar.
• Uşaqlıqda sevgi və diqqət görməyən bir fərdin yetkinlikdə “həddindən artıq verici” olması bir müdafiə mexanizmidirmi?
Bu, daha çox itirmə qorxusudur. İnsan qarşı tərəfi itirməmək üçün heç bir qarşılıq gözləmədən, davamlı olaraq öz sevgisini nümayiş etdirir. Əslində, itirmə qorxusu pis duyğu deyil, lakin hər bir hiss kimi o da miqdarında və balanslı olmalıdır.
Bu davranışın kökləri də, təbii ki, uşaqlığa dayanır. Uşaqlıqda sevgi çatışmazlığı yaşayan uşaq belə düşünməyə başlayır: “Mən daha yaxşı olmalıyam ki, mənə sevgi göstərsinlər; özümü yaxşı aparmalıyam ki, anam məni sevsin; dərslərimi əla oxumalıyam ki, mənə xoş sözlər desinlər”. Beləliklə, uşaq sevgini qazanmaq üçün davamlı bir gözlənti və “şərtli sevgi” mühitində böyüyür.
Yetkinlik dövründə də sevilmək və itirməmək üçün eyni fədakarlığı davam etdiririk. Bu hal iş mühitində də, dostluq münasibətlərində də özünü büruzə verir. Lakin belə olduqda psixoloji balans sarsılır və münasibətlər zədələnir. Unutmaq olmaz ki, bir tərəfin hədsiz fədakarlığı üzərində qurulan heç bir münasibət sağlam və uzunömürlü ola bilməz. Biz mütləq hisslərimizi təhlil etməli, harada dayanmalı olduğumuzu və sərhədlərimizi bilməliyik.
• “Mükəmməllik” axtarışı uşaqlıqdakı tənqidlərin bir nəticəsidirmi?
Bəli, bunun da kökündə uşaqlıq illərimiz dayanır. Bu hal daha çox valideyn və müəllimlərin yanaşması ilə, konkret olaraq bizim nailiyyətlərimizi kiçiltmələri ilə bağlıdır. Kiçik yaşlarda biz nəyisə bacardığımız qədər təqdim edirik; bu, təhsilimizlə və ya əl işimizlə bağlı ola bilər. Lakin qarşımızdakı insanlar bu uğuru önəmsizləşdirdikdə, biz hər şeyi mükəmməl etməyə proqramlaşırıq. Əgər nəticə mükəmməl deyilsə, uşaq ümidsizliyə qapılır və düşünür: “Mükəmməl olmadısa, deməli, mən bunu bacarmıram və etməməliyəm”.
Əslində isə yanaşma fərqli olmalıdır: əgər ortada kiçik də olsa bir əziyyət, həvəs və zəhmət varsa, bu, mütləq qiymətləndirilməlidir. Uşağa aşılanmalıdır ki, əsas məqsəd mükəmməllik deyil, görülən işin dəyərli olmasıdır. Yalnız bu halda uşaq həvəslənər. Daim mükəmməl olmağa çalışmaq psixologiyamıza mənfi təsir göstərir və bizi yeni addımlar atmaqdan çəkindirir. Bu isə bizi inkişafdan saxlayaraq geriyə aparır.
• Uşaq ikən emosiyalarını boğmağa məcbur edilən (məsələn, “ağlama”, “ayıbdır”, “sus”) insanlar böyüdükdə duyğularını necə ifadə edirlər?
Bir nümunə çəkəcəm: demək olar ki, bir çoxumuz gülərkən əlimizlə ağzımızı örtürük. Bunun kökündə uşaqlıqda valideynlərimizdən eşitdiyimiz “Gülmə”, “Dişlərini ağartma”, “Az gül” kimi xəbərdarlıqlar dayanır. Bu qadağalar şüuraltımıza elə həkk olunur ki, hətta böyüdükdə belə ən təbii və gözəl emosiyamızı gizlətməyə çalışırıq. Halbuki gülmək və emosiyaları büruzə vermək tamamilə normaldır.
Bütün hisslər — ağlamaq, gülmək, qəmgin olmaq və ya sevinmək insana məxsusdur. Biz hər bir duyğunu olduğu kimi yaşamalıyıq. Əlbəttə, hər şeyin öz yeri və zamanı var; biz bunu uşağa qadağalarla deyil, izah edərək başa sala bilərik.
Digər tərəfdən, cəmiyyətdə geniş yayılmış “Kişilər ağlamaz” ifadəsi də böyük fəsadlara yol açır. Bu inancın təsiri altında insanlar emosiyalarını boğur, ağlamaqdan çəkinirlər. Nəticədə duyğularını daxilində yaşayan fərdlərdə həm psixoloji, həm də bioloji (psixosomatik) problemlər yaranır. Çünki ifadə olunmayan hər bir duyğu bədəndə və ruhda gərginlik kimi toplanır.
• Fiziki şiddətdən daha çox, emosional laqeydliyin (ignorance) yaratdığı fəsadlar nələrdir?
Fiziki şiddət cəmiyyətdə hamı tərəfindən bilinen və qəbul edilən bir anlayışdır; hamı bilir ki, uşağı vurmaq olmaz. Lakin bundan daha təhlükəli olan psixoloji şiddət də mövcuddur. Uşaqlara qarşı laqeyd davranmaq, onları görməzdən gəlmək, duyğularına ortaq olmamaq və istəklərini nəzərə almamaq məhz bu qəbildəndir. Unutmaq olmaz ki, bu gün uşağımıza göstərdiyimiz münasibəti gələcəkdə onlardan geri alacağıq.
Uşaqlar dünyanı və münasibətləri bizdən öyrənirlər. Onlar bir müddət sonra yetişkin fərdlərə çevriləcəklər. Əgər biz bu gün onlara laqeyd yanaşırıqsa, sabah onlar da bu davranışı bizə qarşı mütləq tətbiq edəcəklər. Çünki uşağın düşüncəsində valideyn hər zaman doğrudur və o, gördüyü modeli həyatına köçürür. Təəssüf ki, ailədaxili və sosial problemlərin əksəriyyəti məhz bu təməldən başlayır.
• Ailədəki “müqayisə edilmə” travması insanın gələcəkdəki rəqabət hissinə və özgüvəninə necə təsir edir?
Müqayisə edilmək uşağa qarşı atılan ən yanlış addımlardan biridir. İstər ailə daxilində, istər məktəbdə, istərsə də yaşıdları arasında aparılan müqayisələr uşaqların özgüvənini sarsıdır. Özgüvən kiçik yaşlardan formalaşan bir duyğudur; valideynin vəzifəsi bu hissi boğmaq deyil, onu düzgün motivasiya ilə qidalandırmaqdır.
Təəssüf ki, müqayisə hallarına yetkinlik dövründə, qadın və kişi münasibətlərində də rast gəlinir. Tərəflərdən birinin digəri üzərində dominantlıq qurmağa çalışması tarazlığı pozur. Sağlam münasibət üçün hər şey balanslı şəkildə olmalıdır; əks halda, tərəflər arasında narahatlıq yaranır və bu, uzaqlaşma ilə nəticələnir.
Həmçinin bir çox insan şüuraltı olaraq özünü başqalarının uğurları ilə müqayisə edir. Bu “müqayisə tələsi” insanı irəli aparmaq əvəzinə, onun geri çəkilməsinə və öz potensialına inamını itirməsinə səbəb olur. Nəticədə fərdin inkişafına böyük bir zərbə dəyir.
• Uşaqlıq travmaları bizim karyera seçimlərimizə və ya iş həyatındakı uğurlarımıza mane ola bilərmi?
Bəli, valideynlərin yanlış yanaşması karyera inkişafına ciddi maneə yarada bilər. Ən başlıca travmalardan biri fərdin öz seçimi deyil, valideynlərin seçimi ilə yaşamasıdır. Karyera planlaması zamanı övladları ilə məsləhətləşmək əvəzinə, çox vaxt başqalarının uğurlarına əsaslanaraq onları müəyyən sahələrə yönləndirir, hətta buna məcbur edirlər.
Bu hal iş həyatımıza köklü şəkildə mənfi təsir göstərir. Çünki sevmədiyimiz universitetdə oxumaq və istəmədiyimiz ixtisasa sahib olmaq, gələcəkdə sevmədiyimiz bir işdə çalışmağımıza səbəb olur. Nəticədə uğurlu karyera əvəzinə, hüsranla dolu bir gələcək yaranır.
Əlbəttə, valideynlər övladının pisliyini istəmirlər, lakin onlar övladının nəyə qadir olduğunu, nələri sevdiyini və özünü harada xoşbəxt hiss etdiyini anlamalıdırlar. Valideyn və övlad arasında düzgün ünsiyyət qurulmalı, qərarlar qarşılıqlı müzakirə əsasında verilməlidir. Yalnız bu halda uğura imza atmaq olar; əks halda, bu proses ağır travma və uğursuzluqla nəticələnir.
• Bir insanın daim “tərk edilmə qorxusu” yaşaması uşaqlıqdakı hansı boşluqdan qaynaqlanır?
Tərk edilmə qorxusu da kökləri ailəyə dayanan bir travmadır. Çünki bir çox valideyn uşaqları: “Özünü pis aparsan, çıxıb gedərəm”, “Səni kimsəsizlər evinə verərəm” və ya “Səni filankəsə verərəm ki, aparsın” kimi cəzalandırıcı və qorxuducu ifadələrlə böyüdür. Bu zaman uşağa davamlı olaraq tərk edilmə qorxusu ötürülür. Nəticədə uşaq, özünü pis hiss etsə və ya həmin hərəkəti etmək istəməsə belə, valideynini itirməmək üçün hər deyiləni kor-koranə yerinə yetirməyə çalışır.
Hətta bəzən bu təzyiqlər uşağın valideyninə qarşı sevgi hissinin azalmasına səbəb olur. Fərd böyüdükdə isə eyni davranışı ətrafındakı insanlara qarşı nümayiş etdirir: qarşısındakını itirməmək üçün haqlı olduğu məqamlarda belə susur və daima kompromisə gedir. Əlbəttə, uyumlu olmaq və kompromisə getmək pis xüsusiyyət deyil, lakin hər şey qədərində olmalıdır. Biz bunu davamlı etdikdə münasibətlərdəki balans pozulur.
Daha əvvəl qeyd etdiyim kimi, bizə hansı duyğu tanışdırsa, həyatımıza da məhz onu tətbiq edirik. Bu döngü, peşəkar psixoloji dəstək almadıqca dəyişmir. Bu isə uzunmüddətli bir prosesdir, çünki uşaqlıq travmalarımız və o dövrdə yaşadıqlarımız bütün həyatımıza birbaşa təsir edir.
• “Yaxşı uşaq” olmağa çalışan, heç vaxt problem çıxarmayan uşaqlar əslində böyüdükdə hansı daxili böhranları yaşayırlar?
Hər kəsi razı salmaq istəyi. Belə insanlar daim: “Hər kəs məndən razı qalsın” deyə düşünür və özlərini pis hiss etsələr belə, həmişə ətrafdakıları məmnun etməyə çalışırlar. Bu yanaşma gələcəkdə qarşı tərəfdən davamlı olaraq “təsdiq gözləmək” kimi ciddi bir problem yaradır.
Əslində, vəziyyət belə olmamalıdır. Biz hər zaman kimlərisə razı salmaq barədə düşünməməliyik, çünki bu, sağlam bir düşüncə tərzi deyil. Öz sərhədlərimizi qorumalı və başqalarının rəyindən asılı olmadan qərarlar verməyi öyrənməliyik.
• Travmalar irsi ola bilərmi? Yəni valideyn öz travmasını fərqində olmadan övladına ötürə bilirmi?
Bəli, bu hal tez-tez baş verir. Bu, bir xəstəlik deyil; sadəcə valideynlər öz uşaqlıqlarında hansı münasibəti görüblərsə, hansı travmaları alıblarsa, onlara uyğun bir fərd kimi formalaşıblar. Əgər insanda bu travmalarla bağlı bir fərqindəlik yaranmayıbsa və problemlər həll olunmayıbsa, o, eyni davranış modelini öz övladına da tətbiq edəcək.
Bəzən valideyn bunu şüurlu şəkildə edir, yəni gördüyü rəftarı “normal” qəbul edərək yansıdır. Bəzən isə tamamilə fərqində olmadan həmin travmaları uşağa ötürür. Təəssüf ki, valideynin daxili narahatlığı və keçmiş zədələri mütləq şəkildə uşağın psixologiyasında öz əksini tapır.
• İnsan uşaqlıqda yaşadığı ağır bir xatirəni tamamilə unuda bilərmi, yoxsa sadəcə onunla yaşamağı öyrənir?
Bəzən insanlar: “Kaş ki, həyatımın bu dövrü beynimdən silinərdi” kimi cümlələr işlədir, hətta sosial şəbəkələrdə “Bu xatirəni ağlınızdan tamamilə siləcəyik” tipli paylaşımlara rast gəlirik. Lakin bu, mümkün deyil. Həyatımızda yaşadığımız hər bir an şüuraltımıza həkk olunur. Biz onları heç vaxt tamamilə unuda bilmərik.
Bəli, zamanla bəzi hadisələr aktuallığını itirir və ya gündəlik qayğılar fonunda unudulmuş kimi görünür. Amma bu, həmin xatirələrin beynimizdən silinməsi demək deyil. Əgər ortada ciddi bir yaddaş pozğunluğu və ya patoloji bir problem yoxdursa, yaşadığımız heç bir hadisə yaddaşımızdan itmir. Heç bir terapiya keçmişi beyindən silə bilməz; terapiyanın məqsədi həmin hadisəni silmək deyil, onun bizə verdiyi ağrını və təsirini idarə etməyi öyrətməkdir.
• Özümüzdə uşaqlıq travmasının olduğunu necə anlaya bilərik? Bunun “siqnalları” nələrdir?
Özgüvən əksikliyi, şəxsi sərhədlərin (qırmızı cizgilərin) olmaması, özünü yetərsiz görmək, mükəmməllik axtarışı, özünü başqaları ilə müqayisə etmək, “bacarmaram” düşüncəsi, itirmə qorxusu, davamlı sevgi axtarışı, diqqət mərkəzində olmağa çalışmaq və hər şeydən geri çəkilmək… Bunların hər biri uşaqlıq travmalarımızdan qaynaqlanan xüsusiyyətlər və daxili aləmimizdəki zədələrin verdiyi mühüm siqnallardır.
• “Daxili uşaqla barışmaq” ifadəsi son zamanlar çox populyardır. Bu praktiki olaraq nə deməkdir?
Hər kəsin daxilində bir “mən” var — yəni, çoxunun tanımadığı, yalnız bizim özümüz olduğumuz bir gizli aləm. “Özünlə barış”, “daxilindəki kiçik uşağı bağışla”, “travmalarınla üzləş” kimi cümlələrin əsl mənası odur ki, biz özümüzlə baş-başa qalıb daxili “mən”imizə suallar verməliyik. Bu suallar travmalarımızla bağlı olmalıdır: “Niyə özümü belə hiss edirəm?”, “Bu hiss nə ilə bağlıdır?”, “Həyatımda nələr çatışmır?”, “Necə xoşbəxt oluram?”.
Çox vaxt hər şeyə ümumi yanaşırıq; sosial şəbəkələrdə kiminsə xoşbəxt videolarını görüb, onları təkrarlamaqla xoşbəxt olacağımızı düşünürük. Lakin bu, belə deyil. Xarakterimiz, yaşamımız və uşaqlığımız kimi, xoşbəxtlik də individualdır. İnsanlar çox vaxt özlərinə sual verəndə cavab tapa bilmədiklərini və ya bir xaos yaşadıqlarını deyirlər. Bu, tamamilə normaldır. Çünki daxilimizdəki o “kiçik mən” o qədər tənha qalıb ki, bizə yadlaşıb.
Buna görə də özümüzə zaman ayırmalıyıq. Sanki özümüz özümüzlə bir seans keçiririkmiş kimi, psixologiyada tətbiq olunan Sokratik sualları özümüzə ünvanlamalıyıq. Cavabları tapdıqca daxilimizdəki uşaqla barışır, səhvlərimizi görür və harada xoşbəxt olduğumuzu anlamağa başlayırıq. Bu prosesi ətrafımızdakılarla deyil, yalnız öz daxilimizdə həll edə bilərik.
• Uşağın böyüdüyü fiziki mühit (məsələn, daimi köçlər, qeyri-sabit ev şəraiti) yetkinlikdə “aidiyyət hissi”nə necə təsir edir?
Uşaq, doğulduğu gündən məktəb dövrü də daxil olmaqla, bir fərd kimi tamamilə formalaşır. Onun xarakteri, insanlarla münasibət tərzi və həyata baxışı məhz bu illərdə bünövrə tapır. “Qızıl dövr” 6-7 yaşınadək olan mərhələni əhatə etsə də, biz hər yaşda böyüməyə və inkişaf etməyə davam edirik. Lakin məktəb illərinin sonunadək psixologiyamız artıq formalaşmış olur və biz yetkin həyata bu baza ilə addım atırıq.
Həyatda hər şeyi seçmək imkanımız olmur; məsələn, ailəmizi və valideynlərimizi seçə bilmirik. Lakin ətrafımızdakı insanları və dostlarımızı seçmək öz əlimizdədir. Valideynlər övladlarının hissləri ilə yaxından maraqlanmalıdırlar. Əgər uşaq bağçada və ya məktəbdə özünü bədbəxt hiss edirsə, onu orada qalmağa məcbur etmək yanlışdır. “Dözsün, güclü olsun” düşüncəsi ilə uşağı narahat olduğu mühitdə saxlamaq onu gücləndirmir, əksinə, onda dərin travmalar yaradır. Valideynin vəzifəsi övladına dəstək olub, onun özünü rahat və xoşbəxt hiss etdiyi mühiti təmin etməkdir.
• Travmalı keçmişi olan insanların bəziləri niyə həddindən artıq zarafatcıl (yumorla gizlənmə) və ya həddindən artıq soyuqqanlı olurlar?
Bu, psixologiyada müdafiə mexanizmi (reaksiyası) adlanır. Bəzi insanlar həyatda qarşılaşdıqları çətinliklərə qarşı həddindən artıq zarafatcıl, bəziləri isə həddindən artıq aqressiv olurlar. Çünki onlar daxili aləmlərini məhz bu formada müdafiə edə bildiklərini düşünürlər. Bu davranış tərzi tamamilə böyüdükləri ailə mühitindən asılıdır.
Əgər uşaq aqressiyanın və şiddətin hökm sürdüyü bir ailədə böyüyübsə, onun əsas müdafiə reaksiyası aqressivlik olur. Lakin elə ailələr də var ki, hər şeyi ciddiyə almadan zarafata salırlar. Belə mühitlərdə, hətta ciddi bir problem olsa belə, onu həll etmək yerinə, məsələyə önəm vermədən zarafatla keçib gedirlər. Nəticədə uşaq böyüdükdə eyni hərəkəti təkrarlayır, çünki ailəsindən gördüyü və öyrəndiyi yeganə model budur.
• Psixologiyada deyilir ki, “Bədən hər şeyi xatırlayır”. Keçmişdəki sıxıntılar illər sonra fiziki xəstəliklər (psixosomatik ağrılar) şəklində üzə çıxa bilərmi?
Bəli, bunun adı psixosomatikadır. Biz çox vaxt bu vəziyyəti fizioloji xəstəliklərlə səhv salırıq. Belə hallarda insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir, bir mütəxəssisin rəyi ilə kifayətlənməyib digərlərinə üz tuturlar. Bu sonsuz axtarışlar insanda böyük stress yaradır və onu çıxılmaz bir döngəyə salır. Lakin bir çoxu ağrıların kökündə psixoloji səbəblərin dayandığını düşünmür.
Psixosomatika — daxili gərginliyin bədənin müxtəlif orqanlarında ağrılarla üzə çıxmasıdır. Bu ağrılar bəzən yuxarı və aşağı ətraflarda, bəzən isə sinir sistemində özünü büruzə verir. Məsələn, insanlar tez-tez: “Qolum ağrıyır”, “Ayağım getmir”, “Boğazımda sıxılma və ya boğulma hiss edirəm” kimi şikayətlər edirlər. Bütün bunların əsas səbəbi illərlə daxilə atılan, ifadə olunmayan və yığılıb qalan psixoloji problemlərdir.
• Uşaqlığı çətin keçən bir fərd üçün “sağlam valideyn” olmaq mümkündürmü, yoxsa o, qaçılmaz olaraq eyni səhvləri təkrarlayacaq?
Valideyn öz uşaqlıq dövründə müəyyən problemlər yaşayıbsa, adətən iki fərqli yanaşma ortaya çıxır. Çox vaxt travmalar olduğu kimi ötürülsə də, bəzi istisna hallarda valideynlər keçmişin ağrılarını övladlarına daşımamaq üçün özləri ilə böyük bir mübarizəyə başlayırlar. Onlar öz ailələrində gördükləri şiddəti və psixoloji gərginliyi yeni nəslə ötürməmək üçün daxili iradə nümayiş etdirirlər.
Son zamanlar belə nümunələrə daha tez-tez rast gəlinir. Bunun əsas səbəbi sosial şəbəkələrdəki maarifləndirici videolar sayəsində insanlarda yaranan fərqindəlikdir. Hər kəsin bu məlumatları qəbul etməsi individual olsa da, insanlar bu yolla özləri üçün lazımi nəticələr çıxarırlar. Həmçinin, cəmiyyətdə psixoloqlara olan inam artıb; artıq insanlar özlərini tanımaq və sağlam gələcək qurmaq üçün peşəkar yardıma daha çox müraciət edirlər.
• Terapiya almadan uşaqlıq travmalarını təkbaşına sağaltmaq mümkündürmü?
Terapiya almadan sağalmaq üçün ən azından müəyyən dərəcədə maariflənmək lazımdır. Bunun üçün videolar izləmək, kitablar oxumaq olar; lakin ən əsası odur ki, davamlı olaraq geriyə dönüb o travmalarla yaşamayasan. Bəzən insanlar daim keçmişini və oradakı insanları günahlandırırlar. Belə olan halda, heç bir terapiya təsir etməz. Çünki pasiyentlər yalnız həll yolu tapmaq istədikdə psixoloqun köməyi faydalı olur. Əgər insan keçmişdə ilişib qalırsa və ətrafındakıları günahlandırırsa, bu problemin öhdəsindən gələ bilməz.
Hazırkı həyatımızı nə keçmişin kölgəsində, nə də gələcəyin narahatlığında yaşamalıyıq. Biz bu günümüzü dəyərləndirməliyik. Bu günü necə yaşayırıqsa, əslində gələcək üçün bir bünövrə qoymuş oluruq. Eyni prinsip keçmişdəki problemlərimizə də aiddir: onlar bu günümüzə necə təsir edirsə, bu günkü xoşbəxtliyimiz də gələcək xoşbəxtliyimizə elə zəmin yaradır. Keçmişə və ya gələcəyə deyil, “bu günə” özəl yaşamaq lazımdır.
• Keçmişini bağışlaya bilməyən birinə ilk addım olaraq nə məsləhət görərdiniz?
Keçmişi bağışlaya bilməyən şəxslərə bir psixoloq olaraq faydalı bir texnika tövsiyə edəcəm: mütləq özünə yazı şəklində müraciət etmək. Keçmişlə bağlı hansı hissləri yaşayırsınızsa, onları mütləq kağıza tökməlisiniz. Yazaraq duyğularınızı ifadə etdikdə, sanki özünüzü güzgüdə görmüş olur və beləliklə, özünüzü tanımağa başlayırsınız. Əslində, yazdıqca özünüz özünüzü müalicə edir, bir növ terapiya almış olursunuz.
Hisslərin “yaxşı” və ya “pis” olması önəmli deyil; əsas məqsəd həmin yazının içində özünüzü tam şəkildə ifadə etməkdir. Həm uşaqlıq dövrünə aid xatirələri, həm də indiki duyğuları müqayisə etməli, nəyi dəyişmək istədiyinizi və nəyin daha yaxşı olacağını qeyd etməlisiniz. Özünüzə bu formada müraciət edib yazı yazdıqda, artıq prosesə 1:0 öndə başlamış olursunuz. Bu addım kənardan kiçik görünsə də, əslində sağalma yolunda müəyyən qədər məsafə qət etmiş olursunuz.
Psixi sağlamlığı yerində olan bir fərd üçün uşaqlıq xatirələri necə bir “yerdə” dayanmalıdır?
Əgər insanın psixologiyası sağlamdırsa, onun uşaqlıq xatirələri müxtəlif duyğularla zəngin olacaq və o, bu hisslərlə barışıq içində yaşayacaq. Bizim “ideal uşaqlıq” keçirməyimiz mümkün deyil; hər birimizin keçmişində qəmginlik, itki, sevinc və digər fərqli dövrlər olub. Psixoloji cəhətdən sağlam fərd həmin dövrləri olduğu kimi qəbul edir.
O, keçmişini neqativ bir yük və ya kin hissi ilə deyil, neytral duyğularla yad edir. Hər bir hissi normal qəbul edir və daxilində nə özünü, nə də başqasını günahlandırmır. Sağlam düşüncəli insan hər bir duyğunun insana məxsus və təbii olduğunu anlayaraq, keçmişinə məhz bu prizmadan yanaşır.
• Valideynlərə tövsiyəniz: Övladlarında travma yaratmamaq üçün ən çox nədən qaçmalıdırlar?
Valideynlər, ilk növbədə, övladları ilə düzgün ünsiyyət qurmağı bacarmalıdırlar. Hər zaman qeyd etdiyim kimi, valideyn övladı ilə danışarkən onunla eyni fiziki səviyyədə — oturaraq və ya boyunu onun hündürlüyünə çatdıraraq söhbət etməlidir. Yuxarıdan aşağı baxaraq, qışqıraraq və səs tonunu yüksəldərək danışmaq olmaz. Çünki belə olan halda valideyn ya həmin an, ya da bir müddət sonra uşaqdan eyni aqressiv cavabı alacaq.
Söhbət zamanı səs tonunu aşağı salmaq, sakit, səbirli olmaq və uşağı anladığımızı hiss etdirmək lazımdır. Yalnız bu yolla travmaların yaranmasının və ya artmasının qarşısını almaq olar. Valideyn uşağın nailiyyətlərini dəyərləndirməli, ona bir fərd kimi yanaşmalı, başqaları ilə müqayisə etməməli və onu daim motivasiya etməlidir.
Uşaqla müəyyən dərəcədə dost olmaq lazımdır, lakin bu, “tam dostluq” demək deyil. Çünki uşaq qarşısındakının valideyn olduğunu hiss etməlidir. Əks halda bəzi sərhədlər pozula bilər. Balansı qorumaq üçün həm dost münasibətini, həm də valideyn nüfuzunu hiss etdirmək lazımdır. Məhz bu tarazlıq travmaları minimuma endirir.
Uşaqlıq travmaları bir tale deyil, sadəcə həll olunmağı gözləyən daxili düyünlərdir. Bu gün qaranlıq qalan tərəflərimizə işıq tutmağa çalışdıq. Unutmayın ki, keçmişi dəyişə bilməsək də, onun bu günümüzə təsirini idarə etmək bizim əlimizdədir. Maraqlı və dəyərli söhbət üçün təşəkkür edirik.
Səbinə Bağırova