Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.
DİM-dən Tezadlar.az-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Bugünkü imtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).