Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Dmanisi bələdiyyəsinin Pantiani (Armudlu) kəndində gənclər üçün “Yay Düşərgəsi” təşkil edilib. Tezadlar.az xəbər verir ki, avqustun 25-dən 28-dək davam edən düşərgə “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə Marneuli, Rustavi şəhərləri və Laqodexi, Bolnisi, Qardabani, Saqareco, Dmanisi rayonlarında fəaliyyət göstərən mərkəzlərin 25 müdaviminin iştirakı ilə keçirilir. Düşərgə Armudlu gölü ətrafındakı dağ və meşə landşaftında yerləşir.
Tədbirin proqramına uyğun olaraq, iştirakçılar dövlətçilik ənənələri və diasporla əlaqələrin inkişafı barədə ətraflı məlumat alır, eləcə də bölgənin tarixi abidələrini və mədəniyyət ocaqlarını ziyarət edirlər. Gənclər eyni zamanda əyləncəli proqramlarda, intellektual oyunlarda və təlimlərdə iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirirlər. Düşərgənin açılış mərasimində çıxış edən “Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov bu təşəbbüsün gənclər üçün önəmini vurğulayıb. O, gənclərin düşərgə müddətində yeni dostluqlar quracağını, Azərbaycan dili dərslərində, yarış və oyunlarda fəal iştirak edərək biliklərini artıracağını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Sabit Məmmədov Komitənin sədri cənab Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdırıb və tədbirin Gürcüstanda yaşayan gənclərin inkişafı, milli kimliyinin qorunması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Komitənin həyata keçirdiyi layihələr çərçivəsində gənclərin təhsili və inkişafı prioritet istiqamətlərdəndir. S. Məmmədov, həmçinin Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin tarixinə toxunaraq, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu əlaqələrin müstəqillik dövründə daha da möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb. “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, Ulu Öndər Heydər Əliyev siyasətinin parlaq təntənəsidir”, – deyə S. Məmmədov bildirib.
Düşərgənin ilk günü çərçivəsində gənclər Tbilisidə yerləşən Heydər Əliyev Parkına da səfər ediblər. Onlar Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və onun xatirəsini ehtiramla yad ediblər. Görüş zamanı tarixçi Alxan Məmmədov “Gürcüstan Azərbaycanlılarının tarixi” mövzusunda iştirakçılara mühazirə oxuyub. Müzakirələr interaktiv şəkildə – sual-cavab formatında davam etdirilib. Düşərgənin ikinci günündə isə iştirakçılar Dmanisi Muzeyinə səfər edərək rayonun yaranma tarixi ilə tanış olublar. Daha sonra Dmanisi Milli Parkında təşkil olunmuş əyləncəli proqramda iştirak ediblər.