14 Avqust 2025 / 16:46

Dünya Bankının proqnozuna görə, bu ölkələr 100 ildən sonra yüksək gəlirli ölkə olacaq – siyahıda Azərbaycan da var…

Bəzi ölkələrin yüksək gəlirli ölkələr səviyyəsinə çatması üçün 70, hətta 100 il vaxt lazım olacaq.

Tezadlar.az xəbər verir ki,  bu cür proqnozlar Dünya Bankının Avropa və Mərkəzi Asiyada iqtisadi artımın sürətləndirilməsinə həsr olunmuş analitik  Spring 2025 materiallarında yer alıb.

Beynəlxalq maliyyə təşkilatının ekspertləri adambaşına düşən gəlir səviyyəsinə görə bütün ölkələri dörd kateqoriyaya bölüblər: aşağı – 1,1 min dollara qədər; orta səviyyədən aşağı – 1,1 min dollardan 1,5 min dollara qədər; orta səviyyədən yuxarı – 4,5 min dollardan 14 min dollara qədər; yüksək – 14 min dollardan çox.

Analitiklərin fikrincə, Türkmənistan və Qazaxıstan Mərkəzi Asiyada birinci olaraq yüksək gəlirli ölkələr siyahısına daxil olacaqlar.  Hesabatda dərc olunan cədvələ görə, bunun üçün onlara 30 ildən az vaxt lazım olacaq.

Təxminən 70 ildən sonra Qırğızıstan yuxarıda adları çəkilən respublikalara qoşulacaq. Yeri gəlmişkən, Belarus və Ukraynanın yüksək gəlirli ölkələr sırasına qoşulması üçün eyni müddətlər ayrılıb.

Tacikistan və Özbəkistanın əhalisinin yüksək əmək haqqı ilə öyünə bilməsi üçün ən azı bir əsr lazımdır. Dünya Bankının ekspertləri Azərbaycanı da bu kateqoriyaya daxil ediblər.

Qeyd olunur ki, müvafiq proqnoz COVID-19 pandemiyasının yaratdığı tənəzzül dövrü də daxil olmaqla, son 10 ildə ayrı-ayrı ölkələrin iqtisadi artımı ilə bağlı məlumatlara əsaslanır.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!