…Əliağa Ağayev bir gün trolleybusla gedirmiş, görüb ki, cavan bir oğlanın qanı bərk qaradı, heç özündə deyil. Soruşub ki, sənə nolub? Oğlan da deyib ki, çoxuşaqlı ailəyik, evdə hamı gözləyirdi ki, mən inistituta qəbul olunacam, amma bir balım çatmır. Atam oğlanın fikrini dağıtmaq üçün əvvəl zarafat eləyib, deyib ki, “onlara bal lazımdı, yaxşı bal tapaq aparaq verək də”. Nə isə, oğlana deyib ki, gedək mənimlə o instituta, görək nə deyirlər. Qəbul komissiyasının üzvlərinə oğlanın ailə vəziyyətini başa salıb, oxumaq həvəsini nəzərə almalı olduqlarını deyib və işi yoluna qoyub. Sonra bir gün həmin oğlan rayondan bizə pay gətirdi, amma atam onun gətirdiyini geri qaytarıb başa saldı ki, bir də belə iş tutmasın, elə bilməsin ki, Əliağa Ağayev elədiyi yaxşılığın qarşılığını gözləyən adamlardandı. Sənətkarlığından əlavə, həm də belə xeyirxah xasiyyətinə görə xalq onu çox istəyirdi. İstər yaşıdı, istərsə də gənc həmkarlarına qarşı da çox xeyirxah idi.”
( Əliağa Ağayevin oğlu atası haqqında xatirələrini belə bölüşür).