11 İyul 2025 / 12:30

“Elm vəTəhsil Nazirliyi süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir”

Son aylar Elm və Təhsil Nazirliyi süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq göstərir.
Bir müddət əvvəl nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, EduAzGPT ideyası üzərində işlərin başladığı açıqlanmışdı.
Bu təşəbbüs çərçivəsində ETN rəsmiləri Dubayda Microsoft-un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə uyğunlaşdırılmış AI modelinin – EduAzGPT-nin texniki planlaşdırılması müzakirə olunmuşdu. ndi isə məlumat verilib ki, nazir Emin Əmrullayev BƏƏ-nin qabaqcıl AI texnologiya şirkəti “Presight” (G42 Group) ilə keçirilən görüşlərdə süni intellekt əsaslı həllərin “Rəqəmsal Məktəb” platformasına inteqrasiyasını müzakirə edib.

Tezadlar.az   xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  deyib.
Onun sözlərinə görə, burada əsas müzakirə mövzusu AI modellərinin bizim bilik bazamız – yəni təhsil məzmunumuzla necə uyğunlaşdırılacağı və istifadəyə necə çıxarılacağıdır.
Osman Gündüz bildirib ki, ETN süni intellekt kursunu dəyişmir .
“Düşünürəm ki, ETN -nin bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir.
Əgər Presight kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə demək ortada ciddi niyyət var.
Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də buradan belə qənaətə gəlmək olar ki, ETN epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir.
Düşünmək olar ki, ETN EduAzGPT ilə təməl və dil modeli qurmağı hədəfləyir, Aİ sahəsində dünyaca məşhur Presight ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir.
Çox güman ki məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli AI modelinə çevirməkdir.
Fikrimcə ETN-nin Microsoft və G42 kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellekt əsaslı yerli resursların hazırlanması təhsilin və Aİ sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır”, – deyə Osman Gündüz vurğulayıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!