“Bu universitet bir neçə il əvvəl akkreditasiyasız fəaliyyət göstərdiyinə görə bağlanıb. Amma görünür ki, onun buraxdığı diplomlu, amma savadsız müəllimlər hələ də təhsil sistemimizdə fəaliyyət göstərməkdə davam edirlər.”

Təqdim olunan qrafik və statistik cədvəl “Sertifikatlaşdırma 2025” çərçivəsində riyaziyyat müəllimlərinin nəticələrinin təhlilini əks etdirir və ölkənin pedaqoji kadr hazırlığı sahəsində uzun illər yığılıb qalmış sistemli problemləri üzə çıxarır. Buradakı göstəricilər sadəcə bir imtahanın nəticələri deyil, həm də təhsil siyasətinin, ali məktəblərin fəaliyyətinin və müəllimlərin keyfiyyətinin real ölçüsüdür.
TEZADLAR.AZ xəbər verir ki, bunu tanınmış təhsil mütəxəssisi Kamran Əsədov deyib.
O, qrafikə diqqət çəkib:
“Qrafikdə 1991-ci ildən sonra məktəblərə işə qəbul olunmuş riyaziyyat müəllimləri arasında 0–29 bal toplayanların sayı göstərilib. Ən problemli illər 2000–2008-ci illər arasıdır. Məhz bu dövrdə ali təhsildə kütləviləşmə tendensiyası güclənmiş, müəllim hazırlığı proqramlarının keyfiyyəti ciddi şəkildə zəifləmişdi. Xüsusilə 2004–2006-cı illərdə imtahanda 0–29 bal toplayanların sayı 40-50 nəfərə çatır. Bu illər ərzində savadsız, akademik cəhətdən zəif və motivasiyasız kadrların məktəbə pedaqoq kimi daxil olduğu aydın görünür. Bu göstəricilər həmin dövrdə ali təhsil müəssisələrinin qəbul və buraxılış meyarlarında keyfiyyət yox, kəmiyyət amilinin əsas götürüldüyünü sübut edir. Üstəlik, işə qəbul prosesində şəffaflıq və selektivlik prinsipinin zəif olması da nəticələrin bu qədər aşağı düşməsinə səbəb olub. Ən dəhşətlisi odur ki, həmin illərdə məktəbə daxil olan bu müəllimlərin çoxu bu gün də pedaqoji fəaliyyətini davam etdirir.
Qrafikin sağ tərəfində verilən cədvəl isə təhsildə keyfiyyətin hansı universitetlərdə daha zəif təmin olunduğunu ortaya qoyur. Azərbaycan Beynəlxalq Universitetinin məzunlarının 44 faizi 0–29 bal aralığında nəticə göstərib. Bu universitet bir neçə il əvvəl akkreditasiyasız fəaliyyət göstərdiyinə görə bağlanıb. Amma görünür ki, onun buraxdığı diplomlu, amma savadsız müəllimlər hələ də təhsil sistemimizdə fəaliyyət göstərməkdə davam edirlər.
Kirovabad Dövlət Pedaqoji İnstitutu üzrə 36 faiz, Gəncə Dövlət Pedaqoji İnstitutu üzrə 27 faiz zəif nəticə göstərmiş müəllim qeydə alınıb. Bu, bölgə universitetlərində kadr hazırlığının da ciddi keyfiyyət böhranı yaşadığını nümayiş etdirir. Maraqlı məqamlardan biri də Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı kimi pedaqoji profilli olmayan və ya regionda fəaliyyət göstərən ali məktəblərin də bu siyahıya düşməsidir. Texniki təmayüllü universitetin məzununun riyaziyyat müəllimi olaraq sertifikasiya imtahanında iştirak etməsi pedaqoji təhsil normalarının kobud şəkildə pozulmasıdır. Belə görünür ki, illərlə bu şəxslərə pedaqoji fəaliyyət üçün vəsiqə verilib və məktəb sisteminə daxil olmalarına göz yumulub.
Sertifikatlaşdırma prosesi, bu mənzərəni üzə çıxarmaqla yanaşı, eyni zamanda hansı ali təhsil müəssisələrinin müəllim hazırlığı sahəsində aşağı keyfiyyətlə işlədiyini də statistik sübutlarla göstərmiş oldu. Bu məlumatlar, ali təhsil müəssisələrinə qəbul planı tərtib edilərkən, onların məzunlarının nəticələri nəzərə alınaraq yeni reytinq mexanizmlərinin tətbiqinə ehtiyac olduğunu göstərir. Əgər bir universitetin müəllim kimi yetişdirdiyi məzunların yarısı imtahanda keçid balını belə toplaya bilmirsə, o müəssisənin tədris proqramı, müəllim heyəti və ümumiyyətlə, fəaliyyət prinsipi yenidən nəzərdən keçirilməlidir.
Dünyanın inkişaf etmiş təhsil sistemlərində – məsələn, Finlandiya, Estoniya və Sinqapurda – müəllim olmaq üçün yalnız bakalavr deyil, magistr səviyyəsində pedaqoji təhsil almaq, təcrübə keçmək, müsahibələrdən və bacarıq testlərindən uğurla keçmək tələb olunur. Azərbaycanda isə uzun müddət boyunca diplomçu müəllim siyasəti yürüdülüb, savadlı, metodik bacarığı olan müəllim yox, sadəcə diplom sahibi olanlar məktəblərə qəbul olunub. Nəticədə bu gün 44 faizlik, 36 faizlik kütləvi uğursuzluqlar ortaya çıxır.
Bu statistikalar təkcə imtahan nəticəsi deyil, eyni zamanda təhsil siyasətinin iflas etmiş seqmentləridir. Bu nəticələrdən sonra ən azı Azərbaycan Beynəlxalq Universiteti, Kirovabad və Gəncə pedaqoji institutlarının məzunlarının sertifikatlaşdırılmadan keçmədiyi halda məktəbdə işləməsinə imkan verilməməlidir. Eyni zamanda, bu tip diplomlar Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən əlavə qiymətləndirməyə cəlb edilməli, yeni təlimatlarsız heç bir pedaqoji fəaliyyəti davam etdirməyə icazə verilməməlidir.
Bu proses yalnız statistik hesabatla yekunlaşmamalı, ardınca ciddi kadr islahatları aparılmalıdır. Müəllim hazırlığı sahəsində kəmiyyət yox, keyfiyyət meyarı əsas götürülməli, sertifikatlaşdırma nəticələrinə əsaslanan qərarlar qəbul edilməlidir. Əks halda, riyaziyyat kimi baza fənni üzrə belə bu qədər aşağı nəticələrin olması gələcəyimiz üçün ciddi təhlükə olaraq qalacaq”, – deyə qeyd edib.
JASMİN