25 Sentyabr 2025 / 07:01

Ərdoğan Makrona: Türkiyə Ukrayna ilə bağlı İstanbul danışıqlarını irəli aparmaq niyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makrona Ankaranın Ukrayna böhranının həllinə dair İstanbul danışıqlarını nəticə əldə etməyə yönəltməklə irəliləmək niyyətini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.

“Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün hər cür səy göstərir və İstanbul danışıqlarını nəticələrə diqqət yetirməklə irəliləmək istəyir”, – bəyanatda deyilir.

Türkiyə lideri Fransa ilə dialoqun vacibliyini vurğulayıb. O, Ankaranın ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib. Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə əlaqələri “canlandırmaq və inkişaf etdirmək” istəyini də dilə gətirib.

Türkiyə və Fransa liderləri arasında danışıqlar Nyu-Yorkdakı Türk Evində baş tutub. Hər iki siyasətçi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Ərdoğan işgüzar səfəri zamanı BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb və bu zaman o, dünya qurumunu Ukrayna münaqişəsinin sona çatması üçün səyləri gücləndirməyə çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!