Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanda növbəti ilin 7 iyun tarixinə təyin edilən parlament seçkiləri yaxınlaşdıqca daxili siyasətdə ehtiraslar getdikcə qızışır. Seçkilərin müxalifət üçün ölüm-dirim savaşına çevriləcəyi də şübhə doğurmur. Maraqlıdır ki, bir müddət əvvələ qədər hakim “Vətəndaş müqaviləsi”nin və Baş nazir Nikol Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşsə də, sonuncu sorğu maraqlı nəticələr ortaya qoyub.
8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində imzalanan Birgə Bəyannamədən sonra hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Erməni cəmiyyətində sülh və kommunikasiyaların blokdan çıxarılaraq, ölkənin özünütəcrid vəziyyətinə son qoyması ilə bağlı vəziyyət müsbət tendensiyalarla müşayiət olunur. Artıq respondentlərin böyük əksəriyyəti hakim partiyaya yenidən səs verəcəklərini ifadə etməyə başlayıblar. Bu isə seçkiyə sülh və inkişaf platforması ilə hazırlaşan Paşinyan komandasına növbəti qələbəni vəd edir.
Qeyd etmək yerinə düşər ki, sorğu nəticələri seçkilərdə köhnələrlə yanaşı yeni siyasi qüvvələrin də iştirak edəcəyinə işarə edir. GALLUP şirkəti tərəfindən keçirilən sorğuda respondentlərə bir sual ünvanlanıb: “Bazar günü parlament seçkiləri keçirilsə, hansı siyasi qüvvəyə səs verərdiniz?”
Maraqlıdır ki, uzun müddətdir guruldayan, seçkidə qalib gələcəyinə əminlik edən eks-prezidentlərin partiyaları çox zəif nəticə əldə ediblər. Bu da müxalifət düşərgəsində ciddi məyusluğa səbəb olub. Belə ki, sorğu nəticələrinə əsasən, respondentlərin 6.4 faizi “Ermənistan” blokuna, 3.8 faizi “Çiçəklənən Ermənistan” partiyasına, 3.4 faizi isə “Respublika” partiyasına səs verəcəyini bildirib. Növbəti nəticələr isə müxalifət üçün daha biabırçı formadadır: Hazırda həbsdə olan Vardan Qukasyanın partiyası 2.5 faiz, Aram Sarkisyanın “Anrapetutyun” partiyası 1.1 faiz, Daşnaksütyun da 1.1 faiz səs toplayıb.
İşin maraqlı tərəfi odur ki, hazırda həbsdə olan, Kremlin maşası sayılan iş adamı Samvel Karapetyanın “Yeni güc” partiyası respondentlərin 13.4 faizinin səsini toplayıb. Bu partiyanın ilin sonuna qədər formalaşacağı ehtimal edilir və Samvel onun lideridir. Hazırda isə işlər onun yaxın qohumu tərəfindən aparılır. Bu nəticə isə deməyə əsas verir ki, erməni seçici artıq Köçəryan, Sarqsyan kimi siyasətçilərdən yorulub və yeni nəfəsə ehtiyac duyur. Bununla belə, əvvəlki reytinqi 2.8 faiz olan partiyanın iki ay ərzində belə artım göstərməsi də Moskvanın dəstəyinə birbaşa işarə edir. Biz bu dəstəyi həm bir sıra media qurumlarında, həm də Qarabağ ermənilərə humanitar aksiya adı altında Ermənistanda müşahidə edirik. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Ermənistan seçiciləri arasında Rusiya meylli şəxslərin sayı kifayət qədər var və onların məhz Karapetyanın partiyasını seçməsi də mümkündür. Əgər nəzərə alsaq ki, Robert Köçəryan və Serj Sarksyanı dəstəkləyənlərin sayı kifayət qədər azalıb, Karapetyan partiyasına simpatiyanın birdən-birə artmasını anlamaq olar.
Şirkət tərəfindən 8 avqust Vaşinqton Bəyannaməsi ilə bağlı vətəndaşların münasibəti də öyrənilib və ortaya kifayət qədər maraqlı rəqəmlər çıxıb. Məlum olub ki, 22.8 faiz respondent bəyannaməni tam dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin isə 19.3 faizi Vaşinqton Bəyannaməsinə müsbət yanaşdığını deyib. 7 faiz respondent cavab verməkdə çətinlik çəkib, 3 faizi isə belə bir sənədin mövcudluğundan xəbərsiz olduğunu deyib. Bu rəqəmlər də ötən ay keçirilən sorğuların nəticələrini alt-üst edir. Müxalifətin bir aydır gecə-gündüz apardığı təbliğat artıq fiaskoya uğrayır. Xüsusən də Serj və Robert cəbhəsinin bütün gücü ilə apardığı media təbliğatı əks-nəticə verib. Sadə erməni vətəndaşı artıq getdikcə daha çox dərk edir ki, bəyannamə təbliğ edilənin əksinə, Ermənistan üçün faydalıdır. Bu da sorğuda öz əksini tapıb.
Sorğu iştirakçılarının artıq 39 faizi Vaşinqton Bəyannaməsi sayəsində regionda sülhün bərqərar olacağına əmin olduğunu bildirib. Bu rəqəmlərin il sonuna və gələn ilin iyun ayına qədər ciddi şəkildə artacağı istisna edilmir. Əgər Paşinyan hökuməti verilən vədləri yerinə yetirib sülh gündəminə sadiq qalsa, təbii ki, 7 iyun seçkilərində ciddi qələbə ilə müxalifəti tarixin bir küncünə atacaq. Bunun üçün isə sadəcə sülh gündəminə sadiq qalmaq kifayət edir.