Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda Bolnisi bələdiyyəsinin Faxralı kəndinin 1 nömrəli ictimai məktəbində Azərbaycanın görkəmli söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, tədbirdə yerli ziyalılar, müəllimlər, şagirdlər və məktəbin pedaqoji kollektivi iştirak ediblər. Tədbirin əvvəlində Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra məktəbin şagirdləri şairin yaddaşlarda iz qoyan poetik nümunələrini səsləndiriblər. Tədbir zamanı aşıq sənətinə xüsusi yer ayrılıb, Zəlimxan Yaqubun poeziyasından ilhamlanan aşıq havaları səsləndirilib.
Məktəbin müəllimləri çıxış edərək Zəlimxan Yaqubun yaradıcılıq yolu, onun milli ruhla yoğrulmuş əsərlərinin ədəbi mühitə və gənc nəslin tərbiyəsinə verdiyi töhfələr barədə ətraflı məlumat veriblər. Onlar şairin sözündəki hikmətin, vətənə, xalqa olan sevgisinin gənclər üçün örnək olduğunu vurğulayıblar. Çıxış edən ziyalılar və tədbir iştirakçıları yubiley mərasiminin yüksək səviyyədə təşkili üçün məktəb rəhbərliyinə və tədbirin ərsəyə gəlməsində əməyi olan bütün kollektiv üzvlərinə təşəkkür ediblər. Onlar belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Zəlimxan Yaqub yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumturk dünyasında da böyük nüfuza malik şairlərdən biri kimi tanınır. Təəssüflər olsun, xəstəlik onu aramızdan çox tez apardı…
Y.Məmmədli