Gəncədə məktəblinin hələki naməlum səbəbdən döyülərək öldürülməsi hadisəsi cəmiyyətdə əsəblə qarşılanmaqdadır. Budur, döyülərək öldürüldürülən, gənc ömrü yarımçıq qalan Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi, nəhayət, açıqlanıb. Belə ki, bir neçə gün öncə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.
Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən SMS bildiriş göndərilib: “İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”.
Eyni zamanda 09.03.2025-ci il tarixində keçirilən DİM-in 11-ci sinif buraxılış imtahanında isə 204 bal (300 baldan) toplayıb.
Təhsilinə xüsusi önəm verən Elgün bu nəticəni əldə etmək üçün aylarla əziyyət çəkib. Lakin onun taleyinə çalışqanlığının bəhrəsini görmək, uğurunu ailəsi ilə bölüşmək yazılmadı.
XXX
Qeyd: 2007-ci il təvəllüdlü Elgün İbrahimov Gəncə şəhər 34 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırmış. Rus sektoru üzrə təhsil alan E.İbrahimov 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanında yüksək bal toplayıb. Anası və qardaşı ilə qalan Elgün təhsil almaqla yanaşı, həm də işləyib. O, Gəncədə Ş.İ.Xətai prospektində ailəsi ilə kirayə mənzildə yaşayıb.
XXX
İstintaq isə davam edir… Ölümün motivi olduğu kimi bəlli olmalıdır, müstəntiq təhrifə yol verməməlidir. Çünki bu nəticə cəmiyyətə belə ölümlərin qarşısının alınmasında bir dərs, tutalqa, məsləhət olacaq…
A.Məmmədli