Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 13:38

Günümüzün Zərdabisi…

Yaxud, Milli Mətbuatın 150 illiyində yeri görünən müasirimiz-Adil Minbaşı…

…Azərbaycanın yazılı mətbuatının keçdiyi yolun vaxt ölçüsü ilə 150 ili, məsafə baxımından isə sonsuzluqdan gəlib gələcəyimizə gedən bir yolu var. Bu yolda mətbuatımız yazdı, yazdırıldı, oxundu, oxutduruldu… Əziyyətindən min dəfə çox əhəmiyyəti oldu: millət özünü bu aynada gördü, eyiblərini düzəltdi, yaxşılarını görüb sevindi, sayını artırdı.

Tarixdən bilənlər bilir ki, Həsən bəy Zərdabi bütün maddi-mənəvi və fiziki gücünü səfərbər edərək milləti yeni düşüncə ətrafında topladı. Çar Rusiyasının məmurları bu böyük Kişini heç nəyin üstündə çox incitdi, imtahana çəkdi, maddi sıxıntıya məruz qoydu, amma Həsən bəy «Əkinçi»dəki arzularından geri çəkilmədi. Onlar Azərbaycanın maariflənməsini deyil, korazehinliliyini istəyirdilər. Amma Azərbaycan və onun Zərdabi, Nəriman Nərimanov, Axundov, sonralar Üzeyir bəy, lap sonralar Xudu Məmmədov… kimi ziyalıları başqa şey istəyirdilər… Və beləliklə, Zərdabi bizə-bu günün Azərbaycanına və Azərbaycanın jurnalistikasına bir məktəb qoyub getdi. İndi o məktəb bütün çətinlikləri və problemləri ilə yaşayır, gücü çatan uğurlarına imza atır, bu gündən sabahımızın dünyəvi informasiya savaşına- söz meydanına doğru irəliləyir.

Təbii ki, indi «Əkinçi» texnologiyası zamanı deyil, amma həm də bu gün «Əkinçi»lik vaxtıdır! Niyə? Ona görə ki, texnologiyanın, informasiyalılığın, məlumatın cəmiyyətə ötürülmə üsullarının min bir yolu olsa da, «Əkinçi»nin Azərbaycan naminə ideyalarının bir dəyişməz özü var! Bu dəyişməzliyin anatomiyası Həsən bəy Zərdabi tərəfindən elə yazılıb ki, istəsən belə, ondan kənara çıxmaq mümkün deyil. Çünki bu dəyişməzliyin əsasında Azərbaycan durur!

Elə buna görə də o böyük KİŞİni rəhmətlə anırıq, xatirəsi, əməli və fəaliyyəti həmişə bizimlədir…

***

…Bu gün həm də günümüzün Zərdabisindən danışmaq istəyirəm. 1990-cı ildə-SSRİ dağılmaq üzrə olanda Azərbaycanda mətbuatımızın yeni dəsti-xətti ortaya çıxmağa başladı. O vaxt yeni və müasir Zərdabi məktəbi yaranırdı. Həmin dövrlərdə SSRİ-dən miras qalmış iki-üç qəzet var idi, amma onlar hələ də köhnə təfəkkürlülərin söz demək meydanı idi. Azadlığa susamış Azərbayacana isə ilk növbədə yeni mətbuat lazım idi. Belə bir vaxtda Baş ədliyyə müşaviri, hüquqşünas Adil Minbaşı bu missiyanı öz çiyninə götürdü. Həmin dövrdə onun təsisçiliyi və maddi vəsaiti, mənəvi dəstəyi ilə «Ədalət», ardınca «Femida» qəzetləri nəşrə başladı… Az keçmiş  mənim də baş redaktor müavini vəzifəsi ilə çalışdığım «Ədalət» qəzeti 80-100 min tirajla çap edilirdi. Qəzetin elə sayı olurdu ki, hətta oxucu təlabatı təmin olunmadığından, təkrar nəşr etdirməli olurduq… Və nəhayət, 1993-cü ildə «Təzadlar» qəzetinin nəşrə başlamasında da məhz Adil Minbaşının tövsiyyə və məsləhətləri oldu.

Ən diqqəti çəkən bir fakt: Adil Minbaşı təsisçilindən və xeyir-duasından keçən qəzetlərin əməkdaşları bu gün Aqil Abbas kimi tanınmış yazıçı və millət vəkilidir, Rəşad Məcid kimi tanınmış naşir və Mətbuat Şurasının sədridir… Bu məktəbin yetirmələri arasında indi hakimlər, yazıçılar, tanınmış jurnalistlər, xarici ölkələrdə çalışan media təmsilçiləri var. Mənim siyahımda onların sayı 50-dən çoxdur… Soraqları Türkiyədən, Rusiya və ABŞ-dan, Almaniyadan, Gürcüstandan… gəlir.

***

…Bəlkə də müqayisə yerinə düşmür, amma deməliyəm: Həsən bəy Zərdabi «Əkinçi» məktəbinin banisi olaraq “Əkinçi” qəzetini iki il nəşr edirə bildi. Çünki düşmənlər qoymurdu. Qəzet 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər davamlı olaraq nəşr olundu. Qəzetin 1875-ci ildə 12 sayı, 1876-cı ildə 24 sayı və 1877-ci ildə isə 20 sayı işıq üzü görşdü ki, bu da cəmi 56 say edir.

Müqayisə: indiyədək isə «Ədalət» qəzetinin 6116 sayı, «Femida» qəzetinin (2001-ci ildə nəşri məhkəmə yolu ilə bağlanmışdır) mindən çox sayı işıq üzü görüb. «Təzadlar» qəzetinin isə indiyədək 2400 sayı oxucuların ixtiyarına verilib… Və onu da xatırlayıram ki, Adil Minbaşı «Ədalət» və «Femida» qəzetlərinin baş redaktorluğundan çıxaraq təsisçiliyi kollektivin üzərinə buraxmışdı. Bu zaman daha bir maraqlı məqam oldu: O, “Ədalət” qəzetinə 100 ton, “Femida”ya 40, “Təzadlar”a 2 ton, bir də Nizami Süleymanovun adını unutduğum qəzetinə isə səhv etmirəmsə, 3 ton kağız hədiyyə etdi. Bu o vaxt idi ki, qəzet kağızı mətbuatımız üçün qızıl qiymətinə idi… Hətta o da yadımdadır ki, Adil Minbaşı 1991-92-ci illər ərzində səlahiyyəti çərçivəsində 368 tələbəni Türkiyədə pulsuz təhsil alması üçün qardaş ölkəyə göndərmişdi. O tələbələr yəqinki bu xeyriyyəçiliyi və xeyriyyəçini unutmurlar!

Sözümün mətləbi: hazırda Prezidentin Sərəcamı ilə Milli Mətbuatımızın 150 illik yubileyi ilə bağlı xatirə medalı hazırlanıb, yəqinki milli mətbuatımızın cəfakeşlərinə təqdim ediləcək. Məncə, ədalətli olar ki, bu günümüzün Zərdabisi olan Adil Minbaşı da təltif edilənlər sırasında olsun… Bu həm də mətbuatımızın müasir tətsisçiliyinə verilən ədalətli qərar və səmimi hörmət olardı…

SONDA: indi bildiyiniz bu faktlar niyə məhz indi üzə çıxır, kimi sualı verə bilərsiniz. Mən bunları bilirdim və inanın, dəfələrlə demişəm ki, Adil müəllim, gəlin bu barədə bir az ətraflı söhbət edək, siz bunları söyləyin. Amma o həmişə təvazökarlıq edərək imtina edib, yazmağa da qoymayıb. Amma düşündüm ki, indi buna həm bəhanə var, həm də məqam. Çünki belə mətbuat xeyriyyəçiliyinin ən yaxşı nümunəsini müstəqillik dövrümüzdə müstəqil şəxs tərəfindən edilməsindən xəbərim yoxdur. Varsa, deyin! Təbii ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin mətbuatımız üçün etdiklərini (senzuranın ləğvi, qəzetlərin borçunun silinməsi və s.) dövlət səviyyəli fəaliyyət bilir və yüksək qiymətləndiririk. Lakin mən Adil Minbaşı nümunəsində bunları yazdım ki, imkanlı, əhatəli… o qədər iş adamları, fərdi şəxslər var ki! Niyə onların da mətbuatımızın bu günündə və gələcəyində izi görünməsin?! Axı mən nümunə dedim-günümüzün Zərdabisi ortadadır! Çəkinməyin, irəli durun, hər işi dövlət görməlidirmi? Bəlkə sizin seçiminiz daha maraqlı olacaq mətbuata yardım fonunda…

Asif MƏRZİLİ

adil-min-1

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!