28 Oktyabr 2025 / 23:55

Gürcüstan və Ermənistan parlamentariləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Ermənistan arasında başlayan danışıqlar Cənubi Qafqazda sülh üçün mühüm əhəmiyyət kəsb edir.

Tezadlar.az-ın yerli bürosu xəbər verir ki, Gürcüstan parlament sədrinin birinci müavini və Ermənistan parlamenti ilə dostluq qrupunun rəhbəri Giorgi Volski Ermənistan Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Ermənistan Milli Assambleyasının Elm, təhsil, mədəniyyət, diaspor, idman və gənclər komitəsinin sədri Sisak Qabrielyan və komitə üzvləri iştirak ediblər.

Tərəflər Gürcüstan və Ermənistan arasında dostluq və tərəfdaşlıq münasibətlərini, eləcə də təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı Cənubi Qafqaz regionundakı son hadisələr də diqqət mərkəzində olub. Giorgi Volski bildirib ki, Azərbaycan və Ermənistan arasında başlanmış, ABŞ-ın dəstəklədiyi danışıqlar prosesi regionda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət daşıyır.

“Ümid edirik ki, bu danışıqlar uğurla yekunlaşacaq və Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyacaq”, – Volski vurğulayıb.

Görüşdə həmçinin Gürcüstan parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri – Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Tengiz Şarmanaşvili və “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qreta Tsitsava da iştirak ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!