16 Oktyabr 2025 / 08:30

Gürcüstanda Azərbaycan dilini “etnik azlıqların dili” adlandıranlara etiraz

İctimai fəal Aygül İsayeva Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hazırladığı təhsil proqramında ana dilimizin adının “etnik azlıqların dili” termini ilə əvəz olunduğu barədə mətbuata açıqlama verib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər portalına verdiyi müsahibəsində o, məsələni ictimailəşdirmək üçün imzatoplama kampaniyasına başlanıldığını bildirib. Aygül İsayeva əlavə edib ki, petisiyanı kifayət qədər insan imzaladıqdan sonra Təhsil Nazirliyinə müraciət ünvanlanacaq. Petisiyanın linki (https://c.org/Lgkz9ZX7k5) və müraciətin forması ictimaiyyətə təqdim olunur: “Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə Biz, aşağıda imza atan şəxslər, “Etnik azlıqların dili” adlanan fənnin təhsil proqramından (kurikulumdan) çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini xahiş edirik. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəz olunması qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir. “Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm təhsil proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm də elektron jurnalda “etnik azlıqların dili” kimi göstərilmişdir. Fənnin adı, istifadə olunan dərsliklərin adına uyğun şəkildə, “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” olmalıdır. Həm Sovet dövründə, həm də Gürcüstanın müstəqilliyinin ilkin illərində təhsil proqramlarında bu fənnin adı “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” kimi qeyd olunurdu. “Etnik azlıqların dili” ifadəsində “Ədəbiyyat” komponentinin yer almaması, gələcəkdə ədəbiyyatın tədris planından çıxarılması ehtimalı ilə bağlı əsaslı narahatlıq doğurur. Xahiş edirik, bizim ana dilimizə hörmət əlaməti olaraq təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “etnik azlıqların dili” termini “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəz olunsun. Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyat” yazıldığı kimi, ana dilimiz və ədəbiyyatımızla bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsini məntiqli və məqsədəuyğun hesab edirik”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!