Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, ABŞ Helsinki Komissiyasının həmsədri və “MEGOBARI Aktı”nın müəllifi olan konqresmen Co Vilson (Respublika Partiyası) Gürcüstanda sanksiyalara məruz qala biləcək şəxslərin siyahısını açıqlayıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, məlumat konqresmenin X sosial şəbəkəsindəki rəsmi hesabında dərc edilib. Vilson bildirib ki, ABŞ Nümayəndələr Palatası “MEGOBARI Aktı”nı qəbul edib və bu, “Amerikaya nifrət edən İvanişvili mafiya dəstəsinə” ciddi xəbərdarlıqdır. O, Gürcüstanda azad və ədalətli seçkilərin təmin olunmasının vacibliyini vurğulayıb və əks halda nəticələrin qaçılmaz olacağını qeyd edib. Sənəddə Gürcüstanın “kölgə hökmdarı” hesab edilən Bidzina İvanişviliyə yardım edən və ölkənin dövlət institutlarını ələ keçirərək Çin, İran və Rusiyanın təsirinə məruz qoyan şəxslərin adları açıqlanıb. Siyahıya yerli icra strukturlarının nümayəndələri, məhkəmə orqanlarının rəhbərləri, qanunvericilər, media təmsilçiləri və biznes adamları daxildir. Sanksiya tətbiq ediləcək şəxslər arasında Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, daxili işlər naziri Vaxtanq Qomelauri, parlament sədri Şalva Papuaşvili, Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixeil Çinçaladze, Gürcüstanın baş prokuroru Giorgi Qabitaşvili, Xüsusi İstintaq Xidmətinin rəisi Koka Katsitadze, Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili, Gürcüstan Milli Bankının prezidenti Natia Turnava, Ədliyyə Naziri Paata Salia, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvili, Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Gürcüstan İctimai Televiziyasının İdarə Heyətinin sədri Vasil Maqlaperidze, bir sıra biznes nümayəndələri və başqaları yer alır.
Siyahıda “İmedi TV” və “PostTV” kimi media qurumlarının rəhbərləri də yer alır. Vilson bu addımın Gürcüstanda demokratiyanın və hüququn aliliyinin qorunması məqsədi daşıdığını bildirib.