26 Sentyabr 2025 / 10:18

Həbsdən çıxdı, amma dələduzluq əməlinin təsir dairəsindən çıxa bilmədi…

«Team Plaza»nın rəhbəri R.Şəfiyev: «Orxan Səlimzadənin bizim mərkəzə 5 min manat borcu, poliqrafiyada işləyən qızların isə 2 min manatını mənimsəyib»

Orxan Valeh oğlu Səlimzadə! Bu ad yəqin ki, diqqətli oxucuların, o cümlədən ona aldanaraq toruna düşmüş gənc qızların və oğlanların yadında olar. Necə deyərlər, xalq öz “qəhrəmanını” tanımalıdır. Bu “qəhrəman” etdiyi bəd əməllərə və dələduzluğa görə Gəncədə bir ilə yaxın həbsxana həyatı yaşadı. Iki ay olar ki, azadlığa çıxıb və yenə də dələduz kimi öz ampulasındadır. Artıq redaksiyamıza yeni şikayətçilər gəlir. O.Səlimzadənin təzə dələduzluğundan söz açmazdan əvvəl istərdim ki, onun əvvəlki “qəhrəmanlıqlarını” bir daha qısaca da olsa yada salaraq yeni “qəhrəmanlıqlarından” söhbət açım.

***

O.Səlimzadəni bir daha yaxından tanımaq üçün tezadlar.az saytının 27 iyun 2024-cü il tarixli sayında ““Ovco Group”un ovçuluğu polisdə araşdırılır…” və yenə tezadlar.az sayıtının 03 iyul 2024-cü il tarixli sayında “Hansısa nazirə çanta dolu pul daşıdığını deyən fırıldaqçı” başlıqlı yazılardan bəzi sitatları gətirmək istəyirəm.https://tezadlar.az/ovco-grour-un-ovculugu-poli-sd-arasdirilir/

Əvvəlcə birinci yazıdan sitat: “…Orxanın işə qəbul “texnologiyası” isə belədir: zəng edənlə türk dilində danışır, özünün guya dünya aləmi ilə əlləşdiyini göstərir, sonra yağlı vədlər verir, onlayn şəraitdə fəaliyyət təklif edir və s. Daha sonra «Azure yaşayış kompleksində» tikinti sahəsi olan Babək Babayev adlı şəxslə formal qaydada icarə müqaviləsi bağlayaraq, onun yanına iş üçün gələnlərə hüquqi ünvanının mötəbərliyini göstərir. Nəhayət, 750 manatlıq iş, evdən idarəçilik və s. Beləcə, o, çoxsaylı gənc qızları öz fırıldağının qurbanına çevirir. Əmək müqaviləsiz işə qubulla məzələnən Orxan maaş vermir. Bu, onun MMC rəhbəri kimi vicdanına yazılsın, amma görün o daha nə edir? İş yeri tapmış gənc qızlardan borc pul alır ki, guya şirkətin bank hesabı dondurulub, kartı bloklanıb və s. yalanlar. Qızların biri 100, digəri 150, başqa biri 300, 1500 manat pulu ona borc verir. Bəzilərindən isə pul alır ki, xidməti işlə bağlı onlara avadanlıq (telefon və s.) verəcək, amma pulu alan kimi verdiyi vədlər yadından çıxır. Hətta Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Asim Quliyevi aldadaraq, əvvəlcə Hosteldə menecer kimi işə qəbul etdirib 2500 manat, sonra isə Gürcüstandakı şirkətində işə qəbul edib 3800 manat maaş verəcəyini vəd edərək aldadıb və… Sonda həmin tələbədən 300 manat pulu borc adı ilə alaraq qaytarmayıb. Bu azmış kimi, Emin Məhərrəmovu və onun yaxınlarını aldadıb məhsul satacağı adı ilə 7000 manat pullarını alır və onları da belə aldadır… Orxanın aldatma qaydası belədir: “Be Store” adlı onlayn satış mağazası vasitəsilə guya sifariş qəbul edib məhsulları 3, 5, 10 gün müddətində ünvana çatdırır. Pulları qabaqcadan alır, amma deyilən müddətin keçməsinə baxmayaraq, nə sifariş edilən məhsul verilir, nə də alınan pullar geri qaytarılır. Beləcə, yüzlərlə müştərini bu gün də öz toruna salıb ovlamaqdadır…”

İndi isə ikinci yazıdan sitat gətirmək istəyirəm. https://tezadlar.az/hansisa-nazi-r-canta-dolu-pul-dasidigini-dey-n-firildaqci/

Bu yazıda O.Səlimzadənin toruna düşərək, 300 manatı əlindən çıxan Avrasiya Universitetinin tələbəsi Asim Quliyevin daxili işlər naziri cənab Vilayət Eyvazova və surəti “Təzadlar” qəzetinə ünvanlanmış (yuxarıda göstərdiyimiz tarixdə saytımızda dərc olunub) məktubundan bəzi hissələrə yenidən nəzər salmaq pis olmazdı: “Azərbaycan Respublikasının daxili işlər naziri  cənab Vilayət Eyvazova Surəti: “Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri Xətai rayonu, Ayaz İsmayılov keçəsi-35 c, mənzil 6-da yaşayan Quliyev Asim Çingiz oğlu tərəfindən müraciət:

“Hörmətli cənablar!

Mən sizə Orxan Səlimzadənin yaratdığı və müştəriləri necə aldadıb pullarını mənimsədiyi online mağazasından da danışmaq istəyirəm. Deməli, Orxan Səlimzadə internetdə açdığı və «BE STORE» adlanan onlayn mağazası vasitəsilə müştəridən ilkin ödəniş alaraq Çindən müxtəlif məhsullar (Telefon, geyim və s.) gətirəcəyini vəd edir. Amma o məhsullar ya saxta olur, ya zədələnmiş gəlir, yaxud da heç gəlmir. Bu yolla Orxan hal-hazırda da çoxsaylı insanları aldatmaqda davam edir. Onun hələ də mənim vaxtilə işlədiyim hostelə (işdən çıxmağıma səbəb də Orxan olmuşdur) 400-500 manat arası borcu var və o hosteldə qalmır. Yəni, bu “şəxs” ziyankardır və hələ də ziyan verməkdə davam edir. Onun mənə hələ də 300 manat borcu var. Hər dəfə pulu istəmək üçün zəng edəndə və ya mesaj yazanda, şablon ifadə ilə cavab verir: “Filan saata qədər ödəniləcək”…

“İnternetdə ara-sıra gördüyüm postda Emin Məhərrəmov adlı gəncə, həmçinin onun dostlarına 7000 manat zərər verdiyi və bu məbləğin yarısı dəyərində olan noutbukunun əlindən aldığını öyrəndim. Yəni “oğru elə bağırdı, doğru bucağa qısıldı” məsəlində olduğu kimi. Orxan polisə müraciət edib ki, əksinə, guya Emin onun pullarını mənimsəyib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində heç bir araşdırma aparmadan, Eminin iş yerinə gəlib 2500 manatlıq komputer və didər avadanlıqlarını müsadirə edərək, Orxana veriblər. Eminin 9-cu Polis  bölməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etməsindən sonra işi 9-cu bölmədən alıb Səbail Rayon Polis İdarəsinə veriblər və burada haqlı olaraq Orxan Səlimzadənin özü haqqında müvafiq maddə ilə cinayət işi açıblar. Hazırda araşdırma gedir”.

“Həmçinin Orxan Səlimov mənimlə Hostel biznesi və obyekt icarəyə götürmə məsələlərini müzakirə edərkən, Ağ şəhərdə «Business Center» açacağını və bunun üçün Azərbaycanda böyük nüfuz sahibi olan bir nazirə (nazirin adını bizə demişdir və bunu təsdiq edən Orxanın səs yazısını da təqdim etmişdir – E.M.) bu işin düzəlməsinə görə, bir çanta pul ilə yaxınlaşacağını mənə dəfələrlə demişdir. Hələ bu harasıdır? Adını dilimə gətirməyə cəsarət etmədiyim, respublikada elə tanınmış, nüfuzlu bir xanımın adını çəkir və deyir ki, onun qızı ilə guya  iyun ayında nişanlanacaq. Nişan mərasiminin də guya “Business”də olacağını deyir. Bunu təkcə mənə yox, başqalarına da söyləmişdir (bu sözləri təsdiq edən Orxanın səs yazısını da bizə təqdim etmişdir – E.M.). Bununla da, özünü məşhur bir ailəyə yaxın adam kimi göstərərək, gənc oğlan və qızlarda etibar qazanır və sonra da bu etibardan sui-itifadə edərək, onlardan müxtəlif məbləğdə pulları borc adı ilə alaraq, mənimsəyir”.

***

Gəlirəm mətləbə: ötən yazılarımızdan gətirdiyim bu sitatlardan yəqin ki, məsələ aydın oldu. Keçən bu bir il müddətində Orxanın ətrafında nələr baş veribsə, indi onu diqqətə çatdırmaq istəyirəm. Deməli, Orxanın toruna düşüb aldanan müxtəlif gənc oğlan və qızlar O.Səlimzadənin dələduzluğuna son qoyub, pullarını geri almaq üçün müxtəlif Polis İdarələrinə müraciətlər ediblər. Yuxarıda qeyd etdiyim kimi, tələbə Asim Quliyev Səbail Rayon Polis İdarəsinə, digər şikayətçilər Sumqayıt şəhərindən Orxanın investisiya qoymaq adı ilə aldadıb 12 min manat pulunu mənimsədiyi Aynur İsmayılova Sumqayıt və Yasamal Polis İdarələrinə 3 dəfə yazılı müraciət edib.

Lənkərandan O.Səlimzadənin 150 manat pulunu mənimsədiyi Amin Mirzəyevin yazılı ərizəsi hələ də Lənkəran polisində mürgü döyür.

 Eləcə də 7 min manat pulunu mənimsədiyi Emin Məhərrəmovun Səbail və Yasamal Polis İdarələrindəki rəsmi müraciəti hələ də cavabsız qalıb.

 Göründüyü kimi, hüquq-mühafizə orqanlarına bu dələduz Orxan Səlimzadə barədə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülməyib. O.Səlimzadə də bundan sui-istifadə etməklə insanları aldadır, pullarını mənimsəməkdə davam edir. Orxanın bu qanunsuz əməlləri nəticəsində aldanmış insanların əhatəsi çox geniş idi. Bizim yazılarımızı oxuyandan sonra redaksiyamıza Orxan tərəfindən aldadılan Qazaxdan, Şəmkirdən, Gəncədən, Lənkərandan, Abşerondan, Sumqayıtdan, Bakıdan və s. bölgələrdən xanımlar və bəylər müraciət edirdi. Nəhayət, Orxan Səlimzadə barədə ötən il həbs qətimkan tədbiri seçildi və bu barədə iş əvvəl Yasamal rayon Polis Idarəsində araşdırıldı. Sonra cinayət işini Gəncə Şəhər Polis İdarəsinə göndərdilər. Burada da aparılan istintaq işinin yekunu olaraq O.Səlimzadə bir ilə yaxın Gəncə təcridxanasında saxlanıldı. Sonra əməllərinə hüquqi qiymət verildi, məhkəmə hökmü ilə cəzasını çəkdiyi barədə şikayətlər bizə bildirdilər. Fakt odur ki, etdiyi əməllərinə görə bir ilə qədər bu həyatı yaşayıb. Eyni əməli ilə Gürcüstanda da məhkumluq həyatı yaşadığı barədə dəqiq məlumat var.

 Düşünmək olardı ki, Gəncədə bir ilə qədər qalandan sonra onun düşünmək üçün xeyli vaxtı olub və normal insanlar kimi, bir işin qulpundan yapışacaq. İndi məlum olur ki, iki aya yaxındır həbsxanadan çıxıb, amma o halal çörək yeməyi heç ağlının ucundan da keçirmir. Yenə də köhnə əməlinə qurşanıb, insanları aldatmaqda və pullarını mənimsəməkdə davam edir. Bu insan, sanki insanları aldatmaq üçün yaşayır. Necə deyərlər, kimisə aldatmasa, yaşaya bilmir. Gənc xanımlara və bəylərə özünü gah Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, gah DTX əməkdaşı, gah ölkədə bir nüfuzlu xanımın kürəkəni kimi, gah türk iş adamı və sair kimi təqdim edir.

***

O.Səlimzadə bu dəfə isə özünün yaratdığı «bazarim.com» onlayın market və «zadeumperfume» onlayın ətriyyat marketləri vasitəsilə insanları tora salır. «Bazarim.com» onlayın market elanında görün nə yazıb: “Seçim sənin, rahatlıq bizim – BAZARIM. Yalnız seçilmiş və keyfiyyətli məhsullar, xüsusi endirimlər və fürsətlər: (051) 329-18-18”.

« ZADEUM PERFUME» elanında isə belə yazıb: “Hər flakonda ətir sənəti, Ərəb və Avropa ətirləri- premium keyfiyyət. Əlaqə üçün (051) 329-18-18”. Səlimzadənin təqdim etdiyi həmin mobil nömrəyə işə ehtiyacı olan çoxsaylı oğlan və qızlar zəng etməklə tələyə düşürlər. Orxan onları kirayələyib, pulunu vermədiyi və bir-iki aydan sonra oradan qovulduğu bahalı ofislərə dəvət edir, gələnlər də inanır ki, əgər belə bahalı ofisdə oturubsa, deməli, yaxşı gəliri olan iş yeridir. Gələnlər Orxanın yağlı vədlərinə aldanaraq, onlayın olaraq müştəri tapırlar, nəticədə isə, Orxan onların pullarını mənimsəyir, əvəzində heç nə vermir.

 Bu günlərdə redaksiyamıza Orxan Səlimzadənin yeni əməllərindən şikayətə iki xanım gəlmişdi. Nuranə Hüseynova Ucar rayonundan, Səbinə Sultanova isə Bakı şəhərindəndir. N.Hüseynovanın tibb bacısı olduğunu biləndən sonra ona belə deyib: “Mən qan xərçəngindən əziyyət çəkirəm. Ömrümə iki ay qalıb. Bunu heç kimə demə. Sən mənim müalicəmlə məşğul olarsan, vaxtlı-vaxtında iynə-dərmanımı verərsən”.

 Orxan N.Hüseynovanın azyaşlı usagı ilə tək yaşadığını bildiyindən, belə təklif edib: “Gəl sənin üçün ayrıca ev tutum, evlənərək orada yaşayaq”. Gülməlidir, deyilmi! Burada Orxan özünü bir məşhur xanımın “kürəkəni” olmağa hazırlaşdığını unudub, ailəsindən ayrılmış sadə tibb bacısına evlilik təklif edir. Əlbəttə, bunlar hamısı saxtakarlıqdır, istər əvvəlki yazılarımızda qeyd etdiyimiz xanımlar, istərsə də təzəlikcə redaksiyamıza gələn qızlar hamısı bir nəfər kimi qeyd edirdilər ki, Orxan onların hər birinə ayrı-ayrılıqda əxlaqsız təkliflər edib. Bəzilərinə, hətta əllə toxunmağa belə cəhd edib… Bu azmış kimi, həmin qızlardan “hesabımızda problem yaranıb” adı ilə müxtəlif məbləğdə borc pullar da alıb.  İnsan gərək nə qədər məsuliyyətsiz olsun ki, işə dəvət elədiyi qızlara əxlaqsız təkliflər etsin və onlardan borc pullar istəsin. Bu adam belə əməli necə özünə sığışdırır, onu başa düşə bilmirəm.

***

 Nuranə Hüseynovanın dedikləri: “Mən Orxanın şirin dilinə aldandım və elə bildim doğrudan da böyük bir şirkətin rəhbəridir. Məni tanımamış evlənmək təklifi etməsindən və məndən 35 manat borc pul istəməsindən sonra başa düşdüm ki, bu adam fırıldaqçıdır. Özümü o yerə qoymadım. Dedim ki, razıyam, ev tut yaşayarıq. Dəfələrlə soruşurdum ki, ev nə oldu? Gah cavab verirdi ki, qiymət məsələsində ev sahibi ilə danışıqlar gedir, gah da deyirdi ki, danışıb razılaşmışıq, təmizləyici göndərmişəm ki, evi qaydaya salsın. Amma yaxşı başa düşürdüm ki, məndən 35 manat borc istəyən adam 350, 400 manata necə ev kirayələyə bilər? Beləliklə, müxtəlif adlar altında məndən 50 manata qədər pul almışdı, onun 22 manatını qaytarmışdı. Sonra gördüm ki, bu insanın heç bir şirkəti və hansısa biznes fəaliyyəti yoxdur. İşi-gücü, ancaq insanları iş adıyla aldadıb, pullarını mənimsəmək, baş girləməkdir. Ona görə də oradan uzaqlaşdım”.

Şikayətçi Səbinə Sultanova isə bunları söylədi: “Mən də elana aldanıb, verilən nömrəyə zəng etdim. Mənimlə söhbətində qeyd edirdi ki, anam ağır xəstədir, bu gün, sabahlıqdır. Ona görə də biznes fəaliyyəti ilə ciddi məşğul ola bilmirəm… Mənim səndən çox xoşum gəldi. İstəsən biz ailə qura bilərik. Bunu deyib, saçıma əl uzatdı. Cəld hərəkətlə əlindən vurub kənara itələdim. Başa düşdüm ki, bu adam əxlaqsız və fırıldaqçıdır. Müqaviləsiz insanları şirin vədlərlə işlədir və bir manat da olsun pul vermir. Əksinə, işə dəvət etdiyi xanımlardan müxtəlif bəhanələrlə pullar alır. Vaxtında bunları görüb, bildiyimdən bir neçə gündən sonra oradan uzaqlaşdım. Hüquq-mühafizə orqanları hara baxır ki, bu qədər qızların həm pullarını mənimsəyir, həm də onlara əxlaqsız təkliflər edir, aldadır?”

Bu şikayətçi xanımları dinləyəndən sonra ataların məşhur məsəlini bir daha xatırlamalı oldum: “Öyrənmişə tövbə yoxdur”. Mənim özüm üçün də çox maraqlıdır ki, haqqında Polis Idarələrində bu qədər şikayəti olan, onlarla insanın çoxlu məbləğdə pullarını mənimsəyən, gənc qızlara əxlaqsız təkliflər edən bir adam niyə cinayət məsuliyyətinə cəlb edilmir? Kimdir bu adamın himayəçisi? Bir tərəfdən də gah özünün, gah da anasının ağır xəstə olduğunu qızlara söyləməklə, özü haqqında bir yazıq obrazı yaratmağa cəhd edir. Yaxşı bilir ki, xalqımız belə məsələdə çox həsas və humanistdir. O.Səlimzadə bu amillərdən çox məharətlə istifadə edib, insanların pullarını mənimsəyə bilir.

Sonradan aydınlaşdırdım ki, Aynur İsmayılova, Nuranə Hüseynova, Səbinə Sultanova, Asim Quliyev, Amin Mirzəyev və Emin Məhərrəmov bu günlərdə DİN-nin “102”  qaynar xəttinə zəng edərək, Orxan Səlimzadənin qanunsuz əməlindən şikayətlərini bildiriblər. Aynur İsmayılova isə, onun və digərlərinin pullarını qaytarmadığı halda Orxanın həbsdən niyə buraxılması barədə “102” qaynar xəttinə cavab verən operator xanıma narazılığını da çatdırıb.

Bəli, doğrudan da bu qədər qanunsuz əməllər törədən Orxanın azdlıqda rahat gəzib, insanları aldatmaqda davam etməsi çox təəccüb doğurur. Şikayətçilərin “102” qaynar xəttinə müraciətlərində həm də onarın problemlərini işıqlandırması üçün, eləcə də bəzi polis əməkdaşlarının bu məsələdə hərəkətsizliyindən “Təzadlar” qəzetinə müraciət etdiklərini bildiriblər.

 Media olaraq araşdırmamızdan və dəqiqləşdirmələrimizdən, şikayətçiləri dinlədikdən sonra bir neçə gün əvvəl tezadlar.az saytında «Daha müasir dələduzluq platforması: qızlar, Orxana aldanmayın ki…-İNTİM TƏKLİFLƏR MÜƏLLİFİ» başlıqlı yazı dərc etdik. https://tezadlar.az/daha-muasir-deleduzluq-platformasi-qizlar-orxana-aldanmayin-ki-intim-teklifler-muellifi/

 Bundan sonra DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev redaksiyamızla əlaqə saxlayaraq şikayətçilərin kimliyi ilə maraqlandı və s. Sonra o, mənimlə əlaqə saxlayaraq bu şikayətlərin hansı polis idarələrində araşdırılmasını öyrənmək istədi. N.Əliyevə hansı şikayətçinin hansı Polis İdarələrinə neçə dəfə müraciət etməsi və heç bir tədbir görülməməsi barədə ətraflı məlumat verdim. Nurlan müəllimin xahişi ilə polis orqanlarına rəsmi şikayət edən oğlan və qızların adlarını, soyadlarını vatsap vasitəsi ilə yazıb ona göndərdim. 

 Bəli, deyəsən, Orxan üçün daha divar qurtarır. Çünki istintaq altında bir illik yaşamdan sonra “Nizami” metro-stansiyası yaxınlığında olan “Team Plaza” biznes mərkəzində bir ayı 2500 manat olmaqla ofis kirayələyib. O, “Team Plaza”nın rəhbəri Ruslan Şəfiyevlə ədəb-ərkanla müqavilə bağlayıb. Bir ay keçib, pul ödənməyib. “Hesabda problem var, növbəti dəfə iki ayı bir yerdə ödəyəcəyəm” – deməklə R.Şəfiyevi də aldadıb. Deməli, bir ay da əlavə fırıldaqçılıq etmək üçün meydan qazanıb. İkinci ay tamama çataçatda bizim bu “xalq qəhrəmanı” aradan çıxıb və özü ilə də bir çox avadanlıqları oğurlayaraq aparıb. Bundan əlavə, həmin biznes mərkəzində fəaliyyət göstərən poliqrafiya işçiləri olan qızların da 2 min manat pulunu mənimsəyib və oradan qaçanda onların da bəzi avadanlıqlarını oğurlayıb.

 Sentyabrın 24-də R.Şəfiyevlə telefon əlaqəsi saxladım. Redaksiyamızda olmuş şikayətçi qızlar N.Hüseynova və S.Sultanovanın sonradan mənə verdikləri məlumatı Ruslan müəllim də təsdiq edərək bunları dedi: “Allah onun başına daş salsın. Bəli, doğrudur, onun mərkəzə 5 min manat borcu var. Poliqrafiyada işləyən qızların da 2 min manatını mənimsəyib. Özü ilə danışmışam. Bildirib ki, sabah (25.09.2025-ci ildə) gündüz saat 12:00-dan 13:00-a  qədər onun adamları gəlib pulu ödəyəcəklər. Ödəməsələr, poliqrafiya işçiləri ilə birlikdə Yasamal rayon Polis İdarəsinə rəsmi şikayət edəcəyəm”.

 Sentyabrın 25-də axşam saatlarında təkrarən Ruslan müəllimə zəng edib soruşdum ki, Orxan pulu ödədimi? Dedi ki, yox və əlavə etdi ki, artıq həm poliqrafiya işçiləri, həm də özü polisə bir yerdə rəsmi müraciət eləmək üçün sənədləri hazırlayıblar.

***

 İndiyə qədər Orxandan ayrı-ayrı şəxslər şikayətçiydilər və bu şikayətlər məntiqi sonluğa çatmırdı. İndi görək hüquqi şəxsərin bu dələduz barədə polisə müraciətləri hansı nəticələr verəcək? Yenədəmi Orxan sudan quru çıxacaq? İnanırıq ki, nəhayət, gənc qızların və oğlanların başına min bir oyun açan bu şəxs lazımi cəzasını alacaq.

 Onu da qeyd edim ki, onun bu əməllərindən anası Rəsmiyyə xanım heç bir narahatlıq keçirmir. Çoxsaylı şikayətçilər anasına zəng edib, Orxanın aldadıb aldığı pulları tələb ediblər. Rəsmiyyə xanım isə onlara yalvarır ki, ərizələrini polisdən geri götürsünlər, Orxan onların pullarını qaytaracaq.

 Ana da oğlu Orxan kimi şirin vədlər verməyi çox sevir. Rəhmətlik Nəsibə Zeynalova demiş, “imanımı yandıra bilmərəm”, mənə elə gəlir ki, bu ana-bala eyni məqsədə qulluq edirlər.

 İnanmaq istərdik ki, hüquq-mühafizə orqanları nəhayət, bu qanunsuz əməl müəllifinə bəzi mətləbləri başa salacaqlar və aldadılmış oğlan və qızların pozulmuş hüquqları bərpa olunacaq.

Elçin Məmmədli                                           

 

 

 

 

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!